Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda dövlət büdcəsinin gəlir və xərcləri artırılır - TƏFƏRRÜAT

© Sputnik / Murad Orujov200 AZN, arxiv
200 AZN, arxiv - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Abunə olmaq
Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34,1 milyard manatdan 36,3 milyard manata çatdırılacaq. Büdcənin xərcləri ilə bağlı proqnoz isə 36,7 milyard manatdan 39,7 milyard manata kimi artırılacaq.
BAKI, 28 may — Sputnik. Azərbaycanda bu ilin dövlət büdcəsi dəyişdirilir. Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edib.
Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər nələrdir?
Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması;
Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır. Belə ki, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir.
Makro-fiskal nəticələr və yenilənmiş makroiqtisadi proqnozlar...
2024-cü ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb.
Cari ildə inflyasiya tempi azalmaqda davam edib, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi real ifadədə 9,9 milyard ABŞ dolları təşkil edib ki, bunun da 6,2 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 3,7 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 2,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Bununla yanaşı, 2024-cü ilin yanvar-aprel aylarında "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub. Bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
2024-cü ilin yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib. Belə ki, 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat proqnoza qarşı 13,2 milyard manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard manatdan çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6,8 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur.
Dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrinin yenidən baxılma ilə əlavə xərclərinin, öz növbəsində əlavə gəlirlərin formalaşmasına təsir göstərəcəyini nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.

İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib.

2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
© Sputnik / Murad OrujovManat və dollar, arxiv
Вклады в манатах и долларах - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Manat və dollar, arxiv
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirləri
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36,3 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,1 milyard manat və ya 6,4 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi neft sektorunun, 51,1 faizi qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 2,1 faiz azdır. Qeyri-neft sektoru üzrə gəlirlər isə bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1,5 milyard manat və ya 9,3 faiz artırılır ki, bu, 2023-cü ilin icra göstəricisinə nisbətən 8,8 faiz çoxdur.
Dövlət büdcəsi gəlirlərinin:
42,0 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların,
17,6 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların,
35,1 faizi Dövlət Neft Fondundan transfertin,
2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların,
2,3 faizi sair gəlirlərin,
0,7 faizi isə Mərkəzi Bankın mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1,4 milyard manat və ya 10,1 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6,4 milyard manata çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500 milyon manat və ya 8,5 faiz çoxdur.
Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, "Nəqliyyat vasitələrinin utilizasiyası Fondu"na isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri

2024-cü il dövlət büdcəsində xərclər 39,7 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,9 milyard manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 8,9 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində:
iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərclərinin 2,1 milyard manat artırılaraq 9,9 milyard manata;
müdafiə və milli təhlükəsizlik xərclərinin 705,3 milyon manat artırılaraq 7,1 milyard manata;
kənd təsərrüfatı xərclərinin 100 milyon manat artırılaraq 1,2 milyard manata;
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 0,9 milyon manat artırılaraq 575,6 milyon manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, Azərbaycanda səhiyyə üzrə büdcə xərcləri azaldılır. Qanun layihəsində səhiyyə üzrə büdcə xərcləri 1,8 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz cari ilin proqnozu ilə müqayisədə 8 milyon manat və ya 0,4 faiz azaldılıb.
Sosial müdafiə və sosial təminat xərcləri azaldılır
2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri də azaldılır. Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4,5 milyard manata qarşı 4,3 milyard manat və ya 150,8 milyon manat (3,3 faiz) az proqnozlaşdırılır.
Təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsiri
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat böyüdülməklə 3,3 milyard manata çatdırılır. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
büdcə - Sputnik Azərbaycan, 1920, 05.12.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
2024-cü ilin dövlət büdcəsi sonuncu oxunuşda qəbul edildi
Xəbər lenti
0