Azərbaycanda barama mövsümü başlayıb - Bu il 40 rayonda barama istehsal ediləcək
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Abunə olmaq
Barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Keçən il Azərbaycanda 357 ton barama istehsal olunub. 2022-ci illə müqayisədə barama istehsalı 4,6% artıb.
BAKI, 7 may — Sputnik. Azərbaycanda barama mövsümünə start verilib. Bu il 40 rayonda yaş barama istehsalı həyata keçiriləcək. Ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edilib.
"9000 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub"
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, rayonlar üzrə barama istehsalçılarının sayı, yem ehtiyatı, mövcud kümxanaların sahəsi və vəziyyəti nəzərə alınmaqla cari ildə istehsal olunacaq yaş baramanın həcminə uyğun olaraq aprelin 20-də 9000 qutu ipəkqurdu toxumu Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab, Bərdə, Ağsu, Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində inkubasiyaya qoyulub. Tut ipəkqurdularının bölgüsünə dair məlumatlar baramaçılıq rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM-lər) göndərilib, rayonun kəndləri üzrə barama istehsalçılarının seçilməsi və siyahısının dəqiqləşdirilməsi, kümxanaların yaradılmasında uyğun tikililərdən istifadə edilməsi və onların aqrozootexniki tələblərə uyğun hazırlanması ilə bağlı tövsiyələr verilib. İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və DAİM-lərə təqdim edilib.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
© Photo : Ministry of Agriculture (Azerbaijan)
İlk dəfə Naxçıvana 30 qutu ipəkqurdu toxumu ayrılıb
"Barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə cari ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub", - məlumatda bildirilib.
"Ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edilib"
Qeyd edək ki, ötən həftə Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə 3250 qutu ipəkqurdu toxumunun paylanlması həyata keçirilib. Həmin tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycanda qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasını və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, barama istehsalının dəstəklənməsi üçün AzərbaycanPrezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib:
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari mövsümdə baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edilib".
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Kümçülərə yerində məsləhətlər verilib
Tədbirdə qeyd olunub ki, nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Barama, arxiv
Barama, arxiv
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Barama istehsalına görə subsidiya verilir
Əlavə edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alacaq.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib
© Photo : Ministry of Agriculture (Azerbaijan)
Ekspertlərin sözlərinə görə, ölkəmizdə baramaçılıq ənənəvi və həmişə aktiv məşğuliyyət sahəsi olub. Barama istehsalının tələbatına uyğun yem təminatı qurulsa, bu sahə çox effektli, rentabelli sahədir. Respublikada baramaçılığın inkişafı üçün optimal şərait var.
Barama istehsalı artıb
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 357 ton barama istehsal olunub. 2022-ci illə müqayisədə barama istehsalı 4,6% artıb.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.