Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çinin saxta ipəkləri Azərbaycana ayaq açıb: Kümçülərə pulsuz ipəkqurdu toxumları verilir

© Photo : Ministry of Agriculture (Azerbaijan)Barama, arxiv şəkli
Barama, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Azərbaycanlı fermerlər təhvil verdikləri hər kiloqram yaş baramanın əvəzində 11 manat alacaqlar.
BAKI, 2 may — Sputnik. Azərbaycanda bu il barama mövsümü üçün kümçülərə (baramaçılara) ipəkqurdu toxumlarının paylanmasına başlanılıb.
Azərbaycanda barama mövsümünə start verilib
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu il kümçülərə əvəzsiz olaraq 11 min 500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunublar. Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbir keçirilib.
Bəs maraqlıdır, Azərbaycanda baramaçılığın inkişafı üçün perspektiv varmı? Bu sahəyə dövlət dəstəyi necədir? Keçən il nə qədər barama istehsal edilib?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, baramaçılıq ölkədə o qədər də diqqət yetirilən sahə deyil. Biz hələ baramaçılığın yeni texnologiyalar ilə istehsalını yenidən təşkil edə bilməmişik. Bunun üçün kifayət qədər vəsait lazımdır. Azərbaycanda baramaçılığın perspektivi var, amma bu spesifik sahənin inkişafı üçün vəsait qoyulmalı, təbliğat işləri aparılmalıdır. İstehsalın artırılması ilə yanaşı, Azərbaycan baramasını dünyada brendə çevirmək lazımdır. Azərbaycan baramaçısı təkbaşına həm istehsal etmək, həm də məhsulu dünyada tanıtmaq iqtidarında deyil. Dövlət bu işdə fermerlərə dəstək verməlidir.
"Artıq Çinin saxta ipəkləri Azərbaycana belə ayaq açıb. Amma bizdə ipəyin təbii formada istehsalı üçün resurslar, imkanlar var. Gələcəkdə neft ehtiyatlarımız bitəndən sonra iqtisadiyyat nəyin üzərində duracaq, necə inkişaf edəcək? Bu gün vəsait var ikən bu perspektivli sahələri inkişaf etdirmək lazımdır", - deyə ekspert əlavə edib.
Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov isə Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, ölkəmizdə baramaçılıq ənənəvi və həmişə aktiv məşğuliyyət sahəsi olub. Barama istehsalının tələbatına uyğun yem təminatı qurulsa, bu sahə çox effektli, rentabelli sahədir. Əsas məsələ baramaçıların maddi marağının təmin olunmasıdır. Respublikada baramaçılığın inkişafı üçün optimal şərait var.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alacaq
Qeyd edək ki, Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.
Tədbirdə qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Kümxanalarda dezinfeksiya işləri...
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın baramaçılıqla məşğul olan 36 rayonunda 2103 kümxanada dezinfeksiya tədbirləri həyata keçirilib.
Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədilə aparılır. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün AXA tərəfindən dezinfeksiya tədbirləri ilə yanaşı, ipəkqurdunun bəslənilməsi ilə bağlı fermerlərə, kümçülərə müvafiq məsləhət və tövsiyələr verilir. Eləcə də zərərvericilərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Bildirilir ki, zərərvericilərə qarşı tədbirlərin vaxtında yerinə yetirilməsi məhsul istehsalının artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.
Ötən il 1 milyona yaxın yerli tut tingi fermerlərə paylanıb
2022-ci ildə Azərbaycanda yetişdirilmiş 1 milyona yaxın yerli tut tingi fermerlərə paylanıb. "Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub və ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycanda barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub.
"Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
0