Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

"Dumanlı şəkillər"in tarixi: Bakıda kinematoqrafın yaranması

© Sputnik / Виктор КалининAzərbaycan kinoteatrı, arxiv şəkli
Azərbaycan kinoteatrı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
Maraqlı hadisələri xatırlayaq: məhz onların sayəsində Azərbaycanda ilk kino seansı baş verdi, ilk "kinoteatrlar" yarandı və öz "sinematoqrafımız" meydana gəldi.
BAKI, 5 dekabr — Sputnik. XIX əsrin ən böyük ixtiralarından biri - kinematoqrafın yaranması Bakıdan da yan keçə bilməzdi. 1895-ci ildə Parisdə, Kapusin bulvarında, "Qrand Cafe"də ilk film nümayişindən bir ildən az bir müddət sonra burada da qeyri-adi "dumanlı şəkillər"in nümayişi başladı. Bir az sonra isə Bakının da öz kinematoqrafı və qeyri-adi "kinoteatrlar" yarandılar.
Sakinlər ilk film nümayişlərini "dumanlı şəkillər", "animasiya fotoşəkilləri" və ya "hərəkətli şəkillər" adlandırırdılar. Əvvəlcə kinonun yaranması möcüzə kimi qəbul edilsə də, çox keçmədən, 1896-cı ildə bakılılar yeni texniki nailiyyətdən geniş istifadə etməyə başladılar. Daha bir il sonra, bütün şəhər Lyumyer qardaşlarının "canlı hərəkətli fotoqrafiya" seanslarını fəal şəkildə müzakirə edir. Plakatlarda sözün əsl mənasında belə yazılmışdı: "Bakıda ilk dəfə - "əsl Lyumyer kinoteatrı".
Yeni əyləncə - "canlı fotoqrafiya" tez bir zamanda bakılıların ürəyini fəth etdi və kino üçün xüsusi bina hələ tikilmədiyi üçün şəhərin müxtəlif yerlərində fransız filmlərinin nümayişi başlandı. Filmlər klublarda və küçə meydançalarında nümayiş etdirilirdi. Lakin tezliklə maraqlanan insanların sayı o qədər çoxaldı ki, ki, kinoteatrlar sirkə "köçdülər". Bu, Bakıdakı məşhur Vasilyev-Vyatski sirk teatrı idi. Sonra isə iri sahibkarlar kinoteatrlarda "qızıl mədəni" kəşf etdilər və məşhur neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrında filmlər nümayiş olunmağa başladı.
Maraqlıdır ki, 1898-ci il avqustun 2-də Vasilyev-Vyatski Teatr-Sirkində "Lyumyer sinematoqrafı" kinoseansları çərçivəsində, Parisdə keçiriləcək Ümumdünya Sərgisi üçün fotoqraf və kinematoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş filmlər nümayiş etdirilib.
Sonralar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu xüsusi gün milli kinematoqrafiyanın doğum günü hesab edilərək hər il "Milli Kino Günü" kimi qeyd olunacaq.
Rusiyalı fotoqraf Aleksandr Mişonun şəxsiyyəti haqqında ayrıca danışmağa dəyər. Azərbaycan kinosunun yaranmasında onun mühüm yeri var. Tarixçilər hesab edirlər ki, Lyumyer qardaşlarının kinokamerasını Bakıya ilk dəfə məhz Mişon gətirib. Bu, 1896-cı ilin ikinci yarısında baş verib. Həmin vaxta qədər Bakıda artıq beş il idi ki, həmin Mişonun yaratdığı elmi fotoqrafiya dərnəyi fəaliyyət göstərirdi. 2 avqust 1898-ci ildə film seansında Mişon özünün çəkdiyi bir neçə filmi nümayiş etdirdi. Bunlar "1898-ci il iyulun 27-də Bibi-Heybətdə neft fontanının yanğını", "Əlahəzrət Buxara əmirinin "Böyük knyaz Aleksey" paroxodunda yola salınması", "Qafqaz rəqsi" və "Ələ keçdin" – Bakı şəhər bağında baş verən məzəli hadisədir.
Cəmi bir dəqiqə davam edən "Ələ keçdin" filmi ssenari və rejissor işi olan ilk Azərbaycan bədii filmidir. Filmin süjetinə görə, oğru bağda bir qıza gizli yaxınlaşıb və onun pulqabısını oğurlamaq istəyib. Lakin onu izləyərək ardınca gələn jandarm oğrunun əlindən tutub və "Ələ keçdin!" söyləyib.
Bütün filmlər 1900-cü ildə Parisdə nümayiş etdirilib və böyük uğur qazanıblar. Lyumyer qardaşları lentlərə maraq göstərərək filmləri alıblar. Filmlər uzun müddət Fransa arxivində saxlanılıblar. Yalnız 2001-ci ildə Azərbaycan Film Fondunun təşəbbüsü ilə onlar Parisdən Bakıya qaytarılıblar.
Sinematoqraf dünyanı inamla fəth edirdi. Azərbaycanda kino sahəsində fəal iştirak edən çoxlu sahibkarlar meydana gəldi. 1915-ci ildə Bakıda kino prokat və istehsalı ilə məşğul olan "Filma" səhmdar cəmiyyəti qeydiyyata alındı. Bir neçə il ərzində yerli biznesin pulu ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur musiqili komediyası əsasında "Neft və milyonlar səltənətində", "Arşın mal alan" kimi filmlər çəkildi.
Sovet hakimiyyətinin gəlişi ilə kinematoqraf inkişafını dayandırmadı. Kino istehsalı milliləşdirildi və 1922-ci ildə hökumət "Azərbaycanfilm" adlı kinofabrik açdı. Həmin vaxta qədər Bakının artıq öz kinoteatrları var idi.
Ümumilikdə, Azərbaycan kinosunun mövcud olduğu illər ərzində 400-ə yaxın bədii film, 1200-dən çox sənədli və yüzlərlə cizgi filmi çəkilib. Dövlət sərvəti elan edilən "qızıl fond"a 11 film daxildir. Bunlar, "Sevil" (1929); "Lətif" (1930); "İsmət" (1934); "Mavi dənizin sahilində" (1935); "Almas" (1936); "Bakılılar" (1938); "Kəndlilər" (1939); "Səbuhi" (1941); "Bir ailə" (1943); "Arşın mal alan" (1945) və "Görüş" (1955) filmləridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0