CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astaranın şəhid-həkimi: Ana, bilirsənmi müharibədə şəhid olmaq nədir? Bilmirsən!

© Sputnik / Rahim MuradovŞəhid Nurlan Fərəməzov
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 09.11.2023
Abunə olmaq
Şəhid anası: Mənlə danışanda dedi ki, "mən döyüş gedən ərazilərdən uzaqdayam. Narahat olma qayıdacağam".
BAKI, 9 noyabr — Sputnik. Vətən Müharibəsi zamanı Astaranın 41 nəfər igidi torpaq yolunda canlarından keçərək şəhadətə ucalıblar. Lakin şəhid baş-leytenant Nurlan Fərəməzov Astarada yeganə şəhid həkimdir. Sputnik Azərbaycan-ın bölgə müxbiri şəhidin atası Əhliman Fərəməzov və yaxınları ilə həmsöhbət olub.
“Oğlum, necə deyim? Onun haqqında danışmaq mənim üçün ağırdır, amma fəxr etməli oğul idi/ Tərbiyəsi tamam başqa... Sakit, təmkinli, çox savadlı övlad idi. Oxuduğu məktəbdə də, hər yerdə özünə hörmət qazanmışdı”, – deyə şəhidin atası bildirib.
Nurlan Fərəməzov orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetində Hərbi həkim ixtisasına yiyələnib:
"Tibb Universitetini bitirəndən sonra Nurlanın təyinatını Gədəbəy rayonunda yerləşən N saylı Hərbi Hissəyə verdilər. Orada 3 il xidmət edəndən sonra isə onun təyinatını Qazax rayonunda yerləşən hərbi hissəyə verdilər. Qazaxda da 3 il işləyəndən sonra səhhətində problem yarandığı üçün ehtiyyata buraxıldı. Bir ay idi ki, ehtiyyata buraxılmışdı, Vətən Müharibəsi başlandı. Səfərbərlik haqqında ona təqdimat gəldi. Düzdür, Nurlan özü həmişə deyərdi ki, “müharibə oldu, olmadı, biz həmişə dövlətin qulluğundayıq".
© Sputnik / Rahim MuradovŞəhidin atası Əhliman Fərəməzov
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhidin atası Əhliman Fərəməzov
"Tovuz döyşləri vaxtı o məzuniyyətə gəlmişdi. Həmin vaxt 2 gün idi ki, evdə idi. Gecə səhərə qədər yatmadı. Dedim “Xeyir ola, nə məsələdir?” “Polad Həşimovun və Nurlanla bir yerdə xidmət edən, Masallıdan olan Anar Novruzovun şəhid olduqlarını dedi. Səhər durub dedi “Məni yola sal, getməliyəm, mənə zəng ediblər”. Mən kimin zəng elədiyini soruşdum - “Axı sən məzuniyyətdəsən” dedim. “Yox, məni Masallıda gözləyirlər. Kapitan dostum var, onunla bir yerdə işə qayıtmalıyam" dedi.
© Sputnik / Rahim MuradovŞəhid baş leytenant Nurlan Fərəməzovun fotoları və şəxsi əşyaları
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhid baş leytenant Nurlan Fərəməzovun fotoları və şəxsi əşyaları
”Bizi aldadıb çıxıb getmişdi. Yəni məzuniyyəti bitməmiş Tovuza getmişdi. Orada ona demişdilər ki, məzuniyyətdə olduğundan döyüş bölgəsinə getmək olmaz. “Necə yəni? Xidmət yoldaşlarım döyüş bölgəsində olsun mən məzuniyyətdə?” - deyib öz məzuniyyətini təxirə salıb hərbi hissəyə qayıtmışdı. Çox vətənpərvər oğul olub. Onda qorxu, çəkinmək yox idi. Vətən Müharibəsi başlayanda ona çağırış vərəqəsi gəlmişdi. Ertəsi gün özü müharibəyə gedəcəyini dedi. Anası: “Hara gedirsən?” soruşanda Nurlan müharibəyə gedəcəyini dedi. Anası ona dedi ki, “Sən bilirsən müharibə nə olan şeydir?” O isə, “Ana sən bilirsənmi müharibədə şəhid olmaq nədir? Bilmirsən!” cavab verdi. Demək ki, qismətində də şəhidlik var imiş. Müharibə vaxtı demək olar ki, hər gün zəng edərdi, danışardıq. Şəhidliyindən bir gün öncə də zəng elədi danışdıq. Hətta şəhid olan günü, şəhidliyindən yarım saat qabaq da zəng edib bibisi ilə danışıb. Mənimlə danışanda isə həkim olduğu üçün döyüşdən uzaqda olduğunu deyirdi".
© Sputnik / Rahim MuradovŞəhid baş leytenant Nurlan Fərəməzovun fotosu və hərbi geyimləri
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhid baş leytenant Nurlan Fərəməzovun fotosu və hərbi geyimləri
"Amma özü ən qaynar nöqtələrdə olurdu. Döyüş yoldaşları gəlmişdilər və Nurlanın döyüş yolu haqda danışırdılar. Həmin günü bir az sakitlik olub, yemək gətirən maşın gəlib. Nurlan bizim Astaralı şəhidimiz var - Nail Orucov - onunla bir yerdə xidmət edirdi. Nurlan həm həkim idi, həm də komandir. Onlar yemək üçün dərəyə düşəndə Nurlan da onlarla bir yerdə gəlirmiş. Birdən mənfur düşmən Nurlangil olan istiqamətə bir minaatan mərmisi atıb. Hamıya “Yerə uzan!” komandası verilib, Nurlan da təxminən 15 metr aralıda olub. Ayağa qaxanda görüblər ki, doktor tərpənmir. Yaxına gəlib Nurlana baxanda başından qəlpə yarası aldığını və bu yaradan şəhid olduğunu aşkar ediblər. Həmin günü rəhmətlik Nail Orucov bizim qohumlardan 1-2-sinə zəng edib vəziyyəti açıqlayıb. Onsuz çox çətindir!”
© Sputnik / Rahim MuradovŞəhid baş leytenant Nurlan Fərəməzovun yaxınları
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhid baş leytenant Nurlan Fərəməzovun yaxınları
Şəhid baş-leytenant Nurlan Fərəməzovun anası Həqiqət ana özündən çox oğluna güvəndiyini dedi:
“Oğlum çox mehriban, ağıllı oğlan idi. İki bacının bir qardaşı idi, evimin tək oğlu idi. O mənim hər şeyim idi, arxam-dayağım idi. Çox sakit və ağır təbiətli oğul idi. Hər kəsi çox istəyirdi, öz sənətini çox istəyirdi. Uşaqlıq vaxtı da sakit idi, heç vaxt məni incitməyib. Döyüşlər vaxtı mənimlə tez-tez danışardı. Mənlə danışanda dedi ki, "mən döyüş gedən ərazilərdən uzaqdayam. Narahat olma qayıdacağam”. Amma qayıtmadı. Nurlan Vətəni, millətimizi çox sevirdi. Mən də onunla fəxr edirdim ki, belə oğlum var, elə indi də fəxr edirəm. Onu evləndirmək istəyirdim, amma həmişə deyirdi ki, “vaxt var hələ, evlənərəm”. Bu otağı onun üçün hazırlamışdıq. İstəyirdim toy eləsin, ailə qursun və xoşbəxt olsun. O mənim ürəyimdə yaşayır və həmişə də yaşayacaqdır.”
© Sputnik / Rahim MuradovŞəhid baş leytenant Nurlan Fərəməzovun məzarı
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhid baş leytenant Nurlan Fərəməzovun məzarı
Ehtiyatda olan Tibb Xidməti Kapitanı Vüqar Ağayev döyüş yoldaşı Nurlanla ötən il sentyabrın 29-da bir yerdə müharibəyə yollandıqlarını bildirdi:
“Astaradan döyüş zonasına gedəndə yolda yaxından tanış olduq. Nurlan çox mədəni, vətənpərvər, yaraşıqlı bir Azərbaycan oğlu idi. Öz işinin peşəkarı idi, tez-tez əsgərlərinin yanında olmağı sevirdi. Öz tabeliyində olan əsgərlərə ilkin tibbi yardım qaydalarını öyrədirdi. Müharibə vaxtı daim qızğın döyüşlər gedən yerlərə can atırdı. Çalışırdı ki, yaralılara ilk o çatıb ilkin tibbi yardım göstərsin. Hər bir işdə öndə olmağı sevirdi. Düzü, döyüş vaxtı biz ayrı idik, mən 2-ci taborda idim, rəhmətlik Nurlan isə 1-ci taborda. Ayrı olsaq da, həmin istiqamətdə neçə yaralıların olduğunu və onlardan neçə nəfərini Nurlanın daşıdığını eşidirdik".
© Sputnik / Rahim MuradovŞəhid baş leytenant Nurlan Fərəməzovun döyüş yoldaşı Vüqar Ağayev
Şəhid Nurlan Fərəməzov - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Şəhid baş leytenant Nurlan Fərəməzovun döyüş yoldaşı Vüqar Ağayev
"İlk döyüşdə o qədər də çox yaralılarımız olmadı. Ən çox Cəbrayıl rayonu istiqamətində oldu. O istiqamətdə şəhidimiz olmadı, amma mərhum Nurlan qardaşımız birbaşa özü atəş altından yaralı əsgərlərimizi çıxarıb. Ötən il oktyarbrın 7-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlər zamanı mən yaralandım. Bir gün sonra mən hospitalda olanda Nurlanın şəhid olması xəbərini eşitdim. Mən Cəbrayıla gələndən 1 gün sonra Nurlangilin taboru gəldi. Mən yaralandığım əraziyə yaxın yerdə Nurlan şəhid olmuşdu. Bu xəbər məni çox üzdü. Mən Nurlanın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Arzu edirəm ki, xalqımız qoy bir daha belə çətin sınaqlarla üzləşməsin. Biz həmişə Nurlan kimi oğlanlarla fəxr edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin!”
Həmçinin oxuyun:
Qələbə xəbərini eşidəndə sanki çiyinlərimdən yük düşdü - zabitin döyüş xatirələri
“Döyüşdə fərqlənməyə görə” medalı alan hərbçilərimiz
Xəbər lenti
0