Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qələbə xəbərini eşidəndə sanki çiyinlərimdən yük düşdü - zabitin döyüş xatirələri

© Sputnik / Rahim MuradovPolkovnik-leytenant Emin Quliyev
Polkovnik-leytenant Emin Quliyev - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Xəbərlərə abunə olun
Polkovnik-leytenant Quliyev: Şükür Həmidov yanımıza gəlib “Bu gün ya öləcəyik, ya da o yüksəklik götürülməlidir” dedi.
BAKI, 25 noyabr — Sputnik. “Mən çox istəyərdim ki, Polad Həşimov Vətən Müharibəsinin iştirakçısı osun, Qələbəmizin sevincini o da dadsın. O buna layiq olan bir insan idi. Aprel döyüşlərində, elə Tovuz döyüşlərində də zəfər əldə etməyimiz onun əməyi sayəsində idi. Sanki bu döyüşlər torpaqlarımızın azad olunmasının bünövrəsi idi. O bünövrəni də Şəhid Generalımız Polad Həşimov qoydu”. Bu sözləri Sputnik Azərbaycan-ın müxbiri ilə müsahibədə həm “Aprel döyüşləri”, həm də “Vətən Müharibəsi” iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Emin Quliyev deyib.
Emin Fərman oğlu Quliyev 1979-cu ildə Lənkəran şəhərində anadan olub. 1996-cı ildə orta məktəbi bitirib, H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmaqla uşaqlıq arzusuna çatıb. Ali Hərbi Məktəbi 2000-ci ildə leytenant hərbi rütbəsi ilə bitirdikdən sonra Gəncə, Tovuz, Ağdam, Tərtər rayonlarının ərazilərində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. Müsahibimiz 2017-ci ildə öz ərizəsi ilə könüllü olaraq Ordu sıralarından tərxis olunduğunu qeyd edir.
Emin Quliyevin ilk döyüş yolu - Aprel döyüşləri
“Ümumiyyətlə 2016-cı il yanvar ayından başlayaraq erməni silahlıları mütəmadi olaraq iri çaplı silahlardan, artilleriyadan istifadə etməklə mövqelərimizi atəşə tuturdular. 2016-cı il Aprelin 1-dən 2-ə keçən gecə düşmən növbəti dəfə təxribat törədərək mövqelərimizə hücum əməliyyatı həyata keçirdi. Ordumuzun ərazidə yerləşən bölmələri düşmənə cavab olaraq əks-hücum əməliyyatı həyata keçirdi. İlk döyüş yolumu həmin günlərdə keçmişəm. Düşmən həmin istiqamətdə əks-hücum əməliyyatını gözləmirdi. Aprelin 2-də gecə 23:00-da 20-dən çox tank, 300 nəfərə yaxın şəxsi heyətlə Tapqaraqoyunlu ərazisindən axan İncəçaydan keçərək Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində əks-hücum əməliyyatı başladıq. Bizim iştirak etdiyimiz əks-hücum əməliyyatına Azərbaycanımızın igid oğlu, mərhum generalımız, Azərbaycan Milli Qəhrəmanı Polad Həşimov komandanlıq edirdi. Öndə gedən tanklardan birində mərhum Polad Həşimov tankın qabağında oturmuşdu. Biz piyada qoşunları idik və tankların açdığı cığırla hərəkət edirdik. Ərazidə 1992-ci ildə basdırılan və əksəriyyəti keyfiyyətini itirmiş piyada əleyhinə minalar idi deyə tanklara heç bir zərər vurmadı. Tanklar piyadaların hərəkət etməsi üçün 3 yol açaraq hərəkətə başladılar. Mənfur ermənilərin artilleriyası biz tərəfə atəş açmağa başlasa da, düşmən artıq 18 postunu atıb qaçmışdı. Təxminən 45-50 dəqiqə müddətində biz hərəkətdə olduq. Altı kilometr enində 2 kilometr düşmənin əsarətdə saxladığı dərinliyə girdik və hakim yüksəkliklərdə tərtibləndik. Aprelin 5-nə kimi həmin mövqeləri qoruduq və həmin tarixə kimi düşmən tərəfi hücum əməliyyatı keçirib itirdikləri mövqeləri geri alsınlar. Lakin bizdə olan müasir silahların vasitəsilə düşmən gecə qaranlıqda elə hərəkətə başlayan kimi yerindəcə məhv edildi. Biz Polad Həşimovun komandanlığı altında Tərtər rayonunun Tapqaraqoyunlu, Talış kəndləri istiqamətində hücuma keçərək Talış kənd ətrafında olan hakim yüksəklikləri ələ keçirdik. Bu da Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin artıq düşmənin atəş nəzarətindən çıxması demək idi. Aprel döyüşlərindən öncə Tapqaraqoyunlu kəndinin sakinləri öz vəfat edən doğmalarını qaranlıq saatlarda dəfn etmək məcburiyyətində qalırdılar. Çünki gündüz erməni silahlıları həmin yüksəkliklərdən vizual olaraq kəndi rahat görüb, atəş altında saxlayırdılar. Həmin döyüşlər zamanı rəhmətlik Polad Həşimov Polkovnik hərbi rütbəsində idi. Polkovnik olmasına baxmayaraq o, əsgərlə bərabər, bizimlə çiyin-çiyinə ön cərgədə hərəkət edirdi. O, əsl lider kimi əsgərləri arxasınca aparırdı. Yəni mən deyərdim ki, həmin istiqamətdə əsas uğurlu əməliyyatlar onun bilik və bacarığının hesabına olmuşdu. Həm 5 gün müddətində davam edən döyüşlərdə, həm də ərazilər düşməndən alınandan sonra postlar qurulanadək mərhum Polad Həşimov bizimlə bərabər ön xətdə qaldı. Belə bir yüksək rütbəli zabit, belə bir General Azərbaycan Ordusuna hələ ki, gəlməmişdi. Polad Həşimovun öndə getməyi bizə bir az da güc-qüvvət verirdi. Biz elə bilirdik ki, qarşımızda bir dağ gedir, elə bil ki, bizi qoruyan insan qabaqda gedir. Biz onu özümüzə bir ideal seçmişdik. Aprel döyüşləri Azərbaycanın hansı gücə sahib olduğunu Ermənistana göstərdi”.
© Sputnik / Rahim MuradovPolkovnik-leytenant Emin Quliyev
Polkovnik-leytenant Emin Quliyev - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Polkovnik-leytenant Emin Quliyev
Tovuz döyüşləri və Polad Həşimov
“Tovuz döyüşləri deyəndə mənə bir az doğma gəlir. Çünki mən 11 ilə yaxın həmin postlarda xidmət eləmişəm. Tovuzda baş verən döyüşün ərazisində mənim bölüyüm yerləşib. Üç ilə yaxın mənim komandanlığım altında olan bölük Tovuzun Ağdam kəndində, həmin ərazidə yerləşib. Mərhum Polad Həşimov briqada komandirinin maddi-texniki təminat üzrə müavini olduğu vaxt mən öz bölüyümlə Ağdam kəndinin mühafizə və müdafiəsini təşkil edirdik. Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasını eşidəndə mənim üçün ağır xəbər oldu. Belə deyim... İnsan tanıdığı şəxsi itirəndə adama çox pis təsir edir. Biz hamımız azərbaycanlıyıq, Azərbaycan oğluyuq bizim hamımızın bir amalı, bir məqsədimiz var idi - torpaqlarımızı işğaldan azad etmək! Hətta şəhid general Polad Həşimovu şəxsən tanımasaydım belə, demək olar ki, bütün silahlı qüvvələrdə onun haqqında müsbət fikirdə idilər. Mərd, igid kristal kimi təmiz bir insan idi. Mərhum General mobil telefon belə işlətmirdi. Niyə işlətmirdi? Onun da səbəbi var idi. Məsələn mən Emin Quliyev zəng edib deyim ki, “Cənab General orada mənim bir qohumum var, xaiş edirəm ona nəzarət edəsiniz...”. O, belə şeyləri qəbul etmirdi. Bütün əsgərlər onun qohumu, balası və qardaşı idi. Bu nöqteyi-nəzərdən belə deyirdi: "Mənim daxili telefonum var. Kimin əmr və tapşırığı və yaxud bir təklifi varsa, ona zəng etsin”. Onun üçün hamı eyni idi. Doğrudan da mərhum Polad Həşimov onun haqqında deyilən bütün müsbət fikirlərə, ən yaxşı, səmimi sözlərə layiq insan idi. Çox təəssüf, o, Tovuz döyüşlərində şəhid oldu”.
Mayor Quliyevin Vətən müharibəsində iştirakı və ilk döyüşləri
“Ötən il oktyabrın ilk günlərində döyüşlərə başladım. Döyüşdə olduğum müddətdə də heç kəslə əlaqə saxlamırdım. Lənkərandan çıxanda özümlə balaca bir çanta aparmışdım. Həm telefonumu, həm də digər şəxsi əşyalarımı həmin çantaya qoydum. Cəbrayılda olanda bir gizir var idi, çantamı ona verib “Birdən qayıtmasam o şəxsi əşyalarımı evə, ailəmə çatdırarsınız” dedim. Mən hətta döyüşə getdiyimi də evdə deməmişdim. Çünki evdəkilərə 1-2 günlük təlimə çağırıldığımı bildirmişdim. Həm onlar qorxmasın, həm də əmin olsunlar deyə özümlə balaca çanta götürmüşdüm. Cəbrayılın Maralyan, Böyük Nərgizli kəndləri artıq işğaldan azad olunmuşdu. Biz həmin istiqamətdən döyüşlərə girdik. Həmin vaxt bizim Silahlı Qüvvələrimiz Cəbrayıl istiqamətində hücuma keçirdi. Füzuli rayonu tam olaraq işğaldan azad olunmamışdı. Mənfur düşmən Füzuli-Horadiz istiqamətində 12-yə yaxın tank, 15-ə yaxın "BMP2" (piyadaların döyüş maşını) 150 nəfərə yaxın canlı qüvvə ilə hücuma keçərək bizi mühasirəyə almağa çalışdı və buna nail ola bildi. Düşmən demək olar ki, bizim arxamızda idi. Həmin an bizim üçün bir az gözlənilməz oldu. Çətinliklə rabitə əlaqəsi yarada bildik və artilleriya bölmələrimizə öz mövqeyimizin, koordinatlarını dedik. Bizim artilleriyamız 44 günlük Vətən Müharibəsində onlara verilən hədəfləri dəqiq vuraraq verilən tapşırıqları vaxtında yerinə yetirdilər. Buna bariz nümunə bizim bölməmizin onların sayəsində mühasirədən çıxması oldu. Onlar düşmənin hərəkət edən kolonunun önündə və arxasında gedən texnikaları sərrast atəşlə vurub, məhv etdilər. Ona görə düşmən hərəkət etmək iqtidarında olmadı və bloklandı. Kolonun ortasında olan texnikalar sağa-sola çıxa bilmədilər. Çünki ərazi elə ermənilər tərəfindən minalanmışdı. Düşmən məcbur olub döyüş texnikasını meydanda ataraq canını qurtarmaq üçün qaçmağa başladı. Əraziyə yaxın olan bir qrup Xüsusi təyinatlılarımız qaçan düşməni təqib edərək onların çox hissəsini məhv etdi. Onu da deyim ki, Qənimətlər parkında nümayiş etdirilən texnikaların əksəriyyəti Füzuli-Horadiz yolunda bizi mühasirəyə almaq istəyən və düşmənin atıb qaçdığı həmin o zirehli texnikalardır. Müharibə zamanı oktyabrın ikinci on günlüyündə artıq Füzuli və Cəbrayıl rayonları işğaldan azad olunmuşdu. 18 oktyabrda Qubadlı rayonu istiqamətində hücuma keçməli idik. Rayonun Mahmudlu kəndi işğaldan azad olunmalı idi. Vətən Müharibəsi zamanı bizim bölmələrin komandanı General-mayor Mais Bərxudarov idi. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polkovnik Şükür Həmidov bir başa mənim komandirim idi. Mahmudlu kəndi istiqamətində hücum əməliyyatına mərhum Şükür Həmidov rəhbərlik edirdi. Deməli oktyabrın 18-də Qubadlı rayonu və Mahmudlu ətrafında olan bir neçə yüksəklikləri işğaldan azad etdik. Bu yüksəklikləri azad edən zaman düşmənin güclü müqaviməti ilə üzləşdik”.
© Sputnik / Rahim MuradovPolkovnik-leytenant Emin Quliyev
Polkovnik-leytenant Emin Quliyev - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Polkovnik-leytenant Emin Quliyev
Qubadlı istiqamətində gedən qızğın döyüşlər
“Həmin ərazilərdə hücumda olan zaman bir neçə şəhidimiz və bir neçə yaralımız oldu. Mənfur düşmən hətta yaralılarımızı ərazidən aparmağa gələn Hərbi Tibbi Yardım avtomobillərizi də atəşə tuturdu. Onlar imkan vermirdilər ki, biz yaralılarımızı döyüş meydanından çıxaraq. Buna baxmayaraq biz gizli yollarla bacardığımız qədər yaralı əsgərlərimizi və şəhidlərimizi təhlükəsiz yerlərə çıxararaq İlkin Tibbi Yardım Məntəqələrinə apardıqdan sonra arxa bölmələrə təxliyə etdik. Mən özüm Birləşmənin Qoşun Xidməti rəisi vəzifəsində xidmət edirdim. Bizim vəzifəmiz Ordu Korpusunun müdafiə və mühafizəsini təmin etmək və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Komendant postlarının təşkil olunması idi. Ərazidə Komendant Xidmətinin təşkili deyəndə, azad olunan ərazilərdə istiqamətverici plakatlar vurmaq və istiqamətverici postların yerlərini müəyyən etmək nəzərdə tutulur. Yəni, bölmələr hücuma keçəndə və yaxud ilkin toplanma məntəqəsinə çıxanda ərazini tanısınlar. Döyüşün təhlükəsiz ərazilərinə Hərbi Polis nəzarət edirdi. Mənim işim isə irəlidə idi. Məsələn, Cəbrayıl rayonu alındı mən artıq orada yollara komendant postları yerləşdirməliyəm. Döyüşü idarə edən heyətin mühafizə və müdafiəsini təşkil edəndən sonra oktyabrın 18-də general-mayor Mais Bərxudarov əmr etdi ki, Ordu korpusunun bütün Qərargahı Qubadlının aşağısına gəlsin. Biz yanacaqdoldurma məntəqəsinin yanına gəldik, çayı keçməli idik. Çayın üzərində körpü var idi, onu da ermənilər minalayıb partlatmışdılar ki, biz rahat keçməyək. Qubadlının girəcəyində idik, orada “Zapravkanın kruqu” deyirlər, düşmən də bizim tərəfə atəş açırdı. “Ural”la biz müəyyən məsafəyə gəldik, amma orada biz “Ural”dan düşüb “KAMAZ”a minməliyik ki, “KAMAZ”la çaydan keçək. Yanacaq doldurma məntəqəsinin yanında üç polkovnik və iki mayor “KAMAZ”a minib Həkəri çayını bir təhər keçib yuxarıya qalxdıq. Yuxarı qalxanda gördük ki, ərazidə olan “N” saylı hərbi hissənin şəxsi heyəti silahlarını doldururlar və döyüşə girməyə hazırlaşırlar. Orada olanların hamısı, zabit və əsgər heyəti səfərbərliklə döyüşə çağırılanlar idi. Xülasə biz maşınlarla oraya gəldik. Bizi general-mayor Mais Bərxudarov qarşıladı. Həmin yerdə general Bərxudarov, rəhmətlik polkovnik Həmid Şükürov idi. Düşmən bizim ərazidə olduğumuzdan duyuq düşüb bizim istiqamətə artilleriya ilə atəş açırdı. Bir yük avtomobilini şəxsi heyətlə doldurub irəli göndərdik. İkinci dəfə “Kamaz” şəxsi heyəti aparıb ərazidə boşaldandan sonra, nədənsə sürücü səriştəsizlik göstərdi, iki dağın yanında maşını döndərəndə düşmən gördü. Həmin dəqiqə düşmən tərəfi “Kornet” TƏİR qurğusu ilə “Kamaz”ı bir başa bortundan vurdu. Ətrafa hay-küy düşdü ki, “Maşını vurdular!”. General Bərxudarov, mərhum Şükür Həmidov, mən və başqa zabitlər tez generalın xidməti zirehli avtomobilinə minib dərhal hadisə yerinə getdik. Oraya çatanda xeyli yaralıların və şəhid olanları gördük. Bizim gəldiyimiz yolu da ermənilər dayanmadan topla atəşə tuturdular. Hətta vəziyyət o yerdə idi ki, yaralıları daşımaq üçün gələn tibbi yardım maşını ora yaxınlaşa bilmirdi. Birtəhər yaralıları oradan çıxarıb geriyə göndərə bildik. Sağ qalanlara da psixoloji yardım etməyə çalışırdıq. Axır ki birtəhər sağ qalan 40 nəfərə yaxın əsgərlərimizi ruhlandırıb özümüzlə bərabər hücum mövqeyinə qaldırdıq. Hava artıq qaralmağa başlayırdı, biz də hücuma keçməli idik. Döyüşdə elə bir vəziyyət idi ki, bölük şəklində hərəkət etmirdik. İtki çox olmasın deyə kiçik bölmələrlə hücum edirdik”.
Qubadlının Mahmudlu kəndi istiqamətində düşmənin hiyləsi
“Deməli, Qubadlının Mahmudlu kəndində yüksəklik var, düşmən həmin yüksəklikdə kameraları quraşdırıb. Hündür dirək və onun üzərində kamera, ona görə də həmin yüksəklik alınmalıdır. Hava təzə qaralmışdı ki, biz hücuma keçdik. Amma təkdən bir atəş açırlar, bizi tam atəşə tutan yoxdur. Səngərə çatmağımıza təxminən 100 metr qalmış birdən elə bil üstümüzə güllə yağışı yağmağa başladı. Deməli, düşmən hansı hiyləyə əl atıb? Bizi bir az irəli çəkib sonra bizi atəşə tutmağa başladılar. Sonradan gördük ki, postlarındakı səngərin üstündə əldəqayırma dəzgahın üzərində “PKT” və ya “PK” pulemyotlarını quraşdırıblar. Pulemyotların yanında kamera, səngərin içərisində də erməni əsgəri oturub qarşısında monitor və əldə qayırma idarəetmə pultu. Bu pult vasitəsi ilə düşmən daha səngərdən başını çıxarmadan dəzgahın üstündə quraşdırılan pulemyotları sağa-sola, yuxarı-aşağı hərəkət etdirərək bizi atəşə tuturdular. Həmin döyüşdə biz 15-ə yaxın şəhid verdik. Ancaq yaralıları atəş altından çıxardıq. Amma şəhidlərimizi çıxarmaq mümkün olmadı. Mən nəyə görə yalan deyim? Əgər şəhidləri oradan çıxarmağa cəhd etsəydik, itkimiz daha çox olacaqdı. Həmin gün orada hücum baş tutmadı. Ondan sonra 3 gün ərzində həmin ərazidə heç bir dəyişiklik olmadı. Sonra 2 tank bir “BMP” bizim köməyimizə gəldi”.
© Sputnik / Rahim MuradovPolkovnik-leytenant Emin Quliyevin medalı
Polkovnik-leytenant Emin Quliyev - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Polkovnik-leytenant Emin Quliyevin medalı
Polkovnik Şükür Həmidovla birgə və son döyüşü
“Rəhmətlik Şükür Həmidov da bizimlə bir yerdə idi. Biz 3 istiqamətdə hücuma keçməli idik ki, Mahmudlu kəndini işğaldan azad edək. Mahmudlu kəndi azad olunandan sonra artıq Qubadlı rayonunu azad etmək asanlaşacaq. Sağ olsun xalqımız, dayanmadan bizim üçün daim ərzaq və digər yardımlar göndərirdilər. Biz köməyimizə gələn tanklardan birinin altında özümüz üçün yer qazıb orada otururduq. Oktyabrın 22-si idi, zabitlərlə oturmuşuq axşam saat 5-ə işləyirdi. Mərhum Şükür Həmidov yanımıza gəlib “Bu gün ya öləcəyik, ya da o yüksəklik götürülməlidir”dedi. Bizimlə bir yerdə çay içdi və “Getdik!” dedi. Bizim olduğumuz yerlə hücuma başlayacağımız əraziyə qədər 50 metr məsafə var idi. Həmin ərazidə də bizim müşahidəçimiz var idi. Biz üç istiqamətdən hücuma keçdik, sol tərəfdə başqa bir hərbi hissə, ortada bizim bölmələr, sağ tərəfdə də general Bərxudarovun komandanlıq etdiyi bölmələr. Axşam saat 5-in yarısında “İrəli!” komandası gəldi. Mərhum Şükür Həmidov özü irəlidə gedərək bizi arxasınca aparırdı. Düşmən səngərinə təxminən 100 metr qalmış birdən partlayış oldu. Elə bir toz-duman düşdü ki, yer titrədi. Hərəmiz bir tərəfə səpələnib üzü üstə yerə uzandıq. Düşmən də görür biz hücuma keçirik, ona görə də dayanmadan atırlar ki, bizim hücumumuzun qabağını alsınlar. Həmişə belə partlayış ya atışma olanda rəhmətlik Şükür Həmidov tez başını qaldırıb “Salamatçılıqdır? vəziyyət necədir?” deyə soruşardı. Bu dəfə isə gördük ki, rəhmətliyin səsi gəlmədi. Özü də mərhum polkovnik Həmidov həmişə uca səslə və həm də əl işarələri ilə komanda verərdi. Mərmi düz rəhmətliyin qarşısına düşmüşdü. Ərazidə TƏİR raketinin kabeli də var idi. Bizim istiqamətimizə mənfur ermənilər əllərində olan bütün silahlardan atırdılar. Mərhum Şükür Həmidovla bir yerdə onun rabitəçisi də elə yerindəcə şəhid olmuşdu. Artilleriya rəisimiz yaralanmışdı, orada olan tank taborunun komandiri də güclü kantuziya aldı. Biz sanki başsız qaldıq, dərhal əlaqəyə çıxdıq ki, “Şükür Həmidov şəhid olub, bizə kömək lazımdır”.
Oktyabrın 25-nə kimi həmin ərazidə heç bir dəyişiklik olmadı. Ərazi olduqca açıq idi, bizim orada sağ qalmağımızın əsas səbəbi Şükür Həmidov oldu. Rəhmətlik bütün ərazini əl içi kimi əzbərdən tanıyırdı. Sonra ordumuzun Xüsusi Təyinatlı Qüvvələri düşmən arxasına sızmaqla onların o postunu ələ keçirib yüksəkliyi götürdülər”.
Mayor Emin Quliyevin Vətən Müharibəsində son xidmət yeri və Qələbə xəbəri
“Ondan sonra biz Cəbrayıldan gəldik işğaldan yenicə azad olunmuş Hadruta. Müharibənin sonuna 3 gün qalmış bizim komanda məntəqəmiz dəyişib Cəbrayıla gətirdilər və mən işğaldan azad olunan torpaqların müdafiə və mühafizəsinin təşkilinə nəzarət qərargahında oldum. Son döyüşlərim Cəbrayılın Maralyan, Böyük Nərgizli və Qubadlının Mahmudlu kəndi ərazisində olub. Mən qərargahda olan zaman hansı ərazilərdə döyüşlər getməsi və hər gün saat 8-dən növbəti gün saat 8-ə qədər neçə nəfər şəxsi heyətin şəhid olması və yaralanması haqda məlumat gəlirdi. Qərargahda Xüsusi Təyinatlı Qüvvələrin koordinatoru olan polkovnik-leytenantı var idi. Noyabrın 8-də onun xidməti telefonuna zəng gəldi. O danışırdı biz də səbirsizliklə nə deyəcəyini gözləyirdik. Onlar kimsəyə sir vermirdilər. Baxmayaraq ki, biz xüsusi təyinatlı qüvvələrin Şuşaya girəcəklərini bilirdik, amma tam məlumatımız yox idi. Birdən həmin zabit “Nə deyirsiniz?” sevinclə dedi. Telefonu qoyan kimi bizə dedi ki, “Komandan Hikmət Mirzəyev dedi ki, yanında olan qardaşlara de ki, Şuşada, yol kənarında yüzlərlə erməni leşi sərilib. Ermənilər böyük bir sursat anbarını partlatmaq istəyəndə qarşısını alıb zərərsizləşdirmişik. Düşmənin 3 ədəd “Şilka” Özüyeriyən Zenit Qurğusunu vurub, 1 “Şilka” və 1 tank qənimət olaraq götürmüşük. XTQ-nin həmin polkovnik-leytenantı həmin gün Şuşanın azad olunmasını bizə demədi. Biz Cəbrayılda ermənilərdən qalma bunkerdə idik, noyabrın 9-u gecə 12-də mən yatmalı idim ki, gecə 03:00-da durub digər əməliyyatçını əvəzləyim. Təzəcə uzanmışdım ki, qərargahdan olan uşaqlardan kimsə birtəhər telefonla internetə qoşulub Prezidentin xalqa müraciətini açdı. Prezident sülh sazişinin imzalandığını və qələbə çaldığımızı dediyini eşidəndə yerimdən dik atıldım. Çöldə də uşaqlar sevindiklərindən əllərində olan avtomatlardan, pulemyotlardan havaya atəş açmağa başladılar. Həmin o şad xəbəri eşidəndən sonra sanki, çiyinlərimdən böyük bir yük düşdü. Özümü çox yüngül hiss elədim. 43 yaşım var, bu yaşıma kimi belə sevinməmişdim. İnsan nə qədər desə də ki, “Mən qorxmuram”, istənilən insanın daxilində qorxu, həyəcan hissi olur. Düzdür Vətənə canımız qurban, amma elə günlər keçdik ki... Məsələn, mənim sinif yoldaşım olub. Bu gün görüşmüşük, amma sabah eşitmişəm ki, o şəhid olub. Qubadlıda olanda Astaradan Polkovnik-leytenant Nail Orucov var idi, biz bir yerdə onun komandanlıq etdiyi taborda idik. Qubadlıda döyüşdə olanda bir yerdə idik. Mən Cəbrayıla qərargaha qayıdanda oktyabrın 31-də onun minaatan mərmisindən şəhid olduğunu eşitdim.
Mən döyüşə Mayor rütbəsi ilə getmişdim, ötən il 16 dekabrda Cənab Prezidentin sərəncamı ilə Polkovnik-leytenant rütbəsinə və “Cəbrayılın azad olunmasına görə” medalına layiq görüldüm. Amma mən döyüşməyə getmişdim, medal almağa deyil. Ordudan qayıdan günə qədər mən bilmədim hansı medala layiq görülmüşəm, bu haqda soruşmağı da özümə utanc bildim”.
Ehtiyatda olan Polkovnik-leytenant Emin Quliyev Lənkəran şəhər 10 saylı tam orta məktəbin Tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsində çalışır.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала