Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İşsizliyə görə sığorta ödənişinin məbləği artır - Kimlər və necə bunu ala bilər - VİDEO

© AFP 2023 / MYCHELE DANIAUNövbədə gözləyən insanlar, arxiv şəkli
Növbədə gözləyən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2023
Abunə olmaq
Deputat deyir ki, əmək müqavilələrinin sayında artımlar olduqca, eləcə də əməkhaqqı fondu ölkə üzrə genişləndikcə işsizlikdən sığorta fonduna daha çox vəsaitlər ödəniləcək.
BAKI, 31 oktyabr — Sputnik. 2024-cü ildə işsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərclərinin 238 milyon manat olacağı gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 faiz çoxdur. Belə ki, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərcləri bərabər olaraq 217,6 milyon manat təsdiq edilib.
Bəs, işsizlikdən sığorta fondunun gəlirlərinin artması nə ilə bağlıdır? Hazırda işsizlikdən sığorta ödənişinin məbləği nə qədərdir və artım varmı? Kimlər və necə işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?
"Müddətli əmək müqaviləsi başa çatan işsizlərə də sığorta ödənişi edilir"
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, işsizlikdən sığorta fondu iş yerini itirən vətəndaşlara sığortanın ödənilməsini təmin edir:
"Artıq qanunvericiliyə edilmiş dəyişikliklə müddətli əmək müqaviləsi başa çatan işsizlərə də sığorta ödənişləri həyata keçirilir. Məqsəd iş yerini itirən və ya əmək müqaviləsi ləğv edilən vətəndaşların işlə təmin olunanadək dəstəklənməsidir. Onlar iş tapana qədər bu sığortadan istifadə edə bilirlər".
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
"Son illər əmək müqavilələrinin sayında artımlar müşahidə edilir"

"İşsizlikdən sığorta fondunun gəlirlərinin artması onunla bağlıdır ki, son illər əmək müqavilələrinin sayında artımlar müşahidə edilir və bu, fonda ödənilən vəsaitlərin həcminə birbaşa təsir göstərir. Digər tərəfdən, əmək müqavilələrində əməkhaqlarının daha real göstərilməsi daha çox vəsaitin fonda ödənilməsinə gətirib çıxarır", - deyə deputat diqqətə çatdırıb.

"İşsizlikdən sığorta fonduna daha çox vəsait ödəniləcək"
O qeyd edib ki, əmək müqavilələrinin sayında artımlar olduqca, eləcə də əməkhaqqı fondu ölkə üzrə genişləndikcə işsizlikdən sığorta fonduna daha çox vəsaitlər ödəniləcək:
"Bu da imkan verəcək ki, iş yerini itirən vətəndaşlar fondun maliyyəsindən istifadə etməklə qanunla müəyyən edilmiş müddətdə dövlətdən dəstək alsınlar. Bu, həmin işsiz qalan vətəndaşların sosial təminatının müdafiəsi baxımından vacibdir".
İşsizlikdən sığorta ödənişinin məbləği artır, işsizlərin sayı azalır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230,5 min nəfər olub, onların 37,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,3 manat olub.
2023-cü il sentyabr ayının 1-i vəziyyətinə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 235,9 min nəfər olub, onların 35,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 418,4 manat olub.
Rəqəmlərdən də göründüyü kimi, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği aylıq müqayisədə 19 manata yaxın artıb. İyun ayının 1-i ilə müqayisədə isə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 35 manata yaxın artıb. Eyni zamanda aylıq müqayisədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 5,4 min nəfər azalıb.
İşsizlikdən sığorta ödənişi nədir?
İşsizlikdən sığorta ödənişi "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Başqa sözlə, sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
İşsizlikdən sığorta haqqı nə qədərdir?
Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı tutulur.
Məsələn: Muzdla işləyən işçinin əsas iş yeri üzrə aylıq əməkhaqqı 600 manat olub. Bu halda işçinin (sığortaolunanın) aylıq əmək haqqından və işəgötürənin (sığortaedənin) vəsaiti hesabına aşağıdakı qaydada işsizlikdən sığorta haqqı hesablanaraq tutulur:
Cəmi hesablanmalı işsizlikdən sığorta haqqı - 6 manatdır (3+3):
İşçinin gəlirindən - 3 manat,
İşəgötürənin vəsaiti hesabına - 3 manat.
Hər ay üçün əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir.
Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?
Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında" qanun ilə müəyyən olunmuş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.
İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan şəxs nə etməlidir?
Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.
İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.
Hansı hallarda sığorta ödənişinin verilməsi dayandırıla bilər?
"İşsizlikdən sığorta haqqında" qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda işsizlikdən sığorta ödənişi dayandırıla bilər:
Sığorta ödənişi alan şəxs işlə təmin olunduqda,
Qanunda sığorta ödənişinin ödənilməsi üçün nəzərdə tutulan müddət başa çatdıqda,
Sığorta ödənişi alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq orqana məlumat vermədən işə düzəldikdə,
Sığorta ödənişi alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda,
Sığorta ödənişi alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə,
Sığorta ödənişi alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə,
Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda və digər hallarda.
Xatırladaq ki, minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.06.2023
CƏMİYYƏT
İşsizlik sığortası məbləğinin artırılmasına ehtiyac var - Nazir
Xəbər lenti
0