Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ərzaqların bahalaşması dayanacaq - Ekspert

© AFP 2024 / Herbert Pfarrhofer / APAƏrzaqla dolu səbət
Ərzaqla dolu səbət - Sputnik Azərbaycan, 1920, 23.09.2023
Abunə olmaq
İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
BAKI, 23 sentyabr — Sputnik. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il və 2024-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırıb. Agentliyin açıqlamasına görə, ölkədə orta illik inflyasiya 2023-cü ildə 10,1 faizə, 2024-cü ildə isə 6 faizə düşəcək.
Ekspert bu proqnozu real hesab edir
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında reytinq agentliyinin proqnozunu real hesab edib:

"Bu il ölkədə inflyasiyanın səviyyəsi ötən ildən daha aşağı olub. Keçən il Azərbaycanda orta illik inflyasiya 13,9 faiz olub. Bu ilin yanvar-avqust aylarında isə bu göstərici 11,7 faiz təşkil edib. Beləliklə, bu ilin əvvəlindən bəri orta illik inflyasiya 2,2 faiz aşağı düşüb. İnflyasiyanın azalması ilin sonunadək davam edəcək".

© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Xalid Kərimli
"Azərbaycanda ərzaqların bahalaşması dayanacaq"
Mütəxəssis bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, bu ilin avqust ayında illik müqayisədə ərzaqların qiymətləri 11,8 faiz ucuzlaşıb:
"Ötən ilin mart ayından bəri dünyada ərzaq qiymətləri ucuzlaşmaqda davam edir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda ərzaqların bahalaşması dayanacaq. Ərzaqların alış qiymətləri aşağı düşdüyünə görə ölkəmizdə də ən azından qiymət artımı dayanacaq. Dünyada qeyri-ərzaq bazarında da qiymətlərdə azalma var".
"Dəniz nəqliyyatı kəskin ucuzlaşıb"
Ekspert qeyd edib ki, digər tərəfdən, dünyada daşınma qiymətləri, xüsusən dəniz nəqliyyatı kəskin ucuzlaşıb:
"Pandemiya dövründə daşıma qiymətləri 5-6 dəfə bahalaşmışdı. Hazırda isə qiymətlər pandemiyadan əvvəlki dövrə qayıdıb. Bu da nəticədə istehlak qiymətlərinin aşağı düşməsinə təsir göstərir".

"Lakin dünyada bəzi məhsulların qiymətində bahalaşma olacağı gözlənilir. Düyü və şəkəri buna misal göstərmək olar. Səbəb Hindistanın düyü ixracını məhdudlaşdırması və şəkərin məhsuldarlığının aşağı düşməsidir", - deyə ekspert əlavə edib.

Azərbaycanın İqtisadiyyat Nazirliyi də inflyasiyanın enəcəyini proqnozlaşdırır
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Antiinflasiya tədbirlərinin dəstəklənməsi...
Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına əsasən, bir çox ölkələrdə 2021-ci ildən artmağa başlayan və 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin təsiri ilə daha da güclənən inflyasiya təzyiqləri Azərbaycandan da yan keçməmiş və əsasən idxal olunan malların qiymətlərindən qaynaqlanaraq ölkə iqtisadiyyatına sirayət edib. Bununla belə, inflyasiya təzyiqlərinin cilovlanması, onun makroiqtisadi sabitliyə və əhalinin sosial durumuna mənfi təsirlərinin qarşısının alınması istiqamətində Mərkəzi Bank və hökumət tərəfindən bir sıra mühüm addımlar atılıb.
Maliyyə Nazirliyinin sənədində bildirilib ki, Nazirlər Kabinetinin "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamına uyğun olaraq, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları və vergi güzəştlərinin verilməsi və bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb.
Qeyd edilib ki, inflyasiyanın faktiki və proqnozlaşdırılan səviyyəsi, qlobal və daxili iqtisadi mühitdə gedən proseslər, nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən monetar siyasət tədbirləri sərtləşdirilib, il ərzində qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz olaraq saxlanılıb.
Bildirilib ki, ölkədə həyata keçirilən antiinflasiya tədbirlərinin dəstəklənməsi, habelə inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə mənfi təsirlərinin azaldılması, vətəndaşların rifahının təmin olunması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi son illər büdcə siyasəti qarşısında duran əsas vəzifələrdən biri olub. Belə ki, Azərbaycan Prezidentinin sərəncamlarına və qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün təkcə son iki ildə minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılıb. Vətəndaşların rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum əməkhaqqı və sosial ödənişlərin artımına görə dövlət büdcəsindən 2022-ci ildə 1528,0 milyon manat, 2023-cü ildə isə 836,3 milyon manat məbləğində əlavə vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və hökumətin antiinflyasiya tədbirləri, eləcə də dünya üzrə əmtəə, xüsusilə də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi, başlıca ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması və digər qlobal trendlər nəticəsində Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində inflyasiya səviyyəsində səngimə müşahidə edilib və ilin əvvəlinə nəzərən 1,7 faiz, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,8 faiz aşağı olub.
Sənəddə qeyd edilib ki, ölkədə inflyasiyanın azalmasına baxmayaraq, xarici mühitin yüksək volatilliyi (dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar) qiymətlərin əlavə artımına səbəb ola bilər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra və növbəti illərdə inflyasiya spiralının yaranmasına səbəb ola bilər.
"İnflyasiya və qiymət monitorinqi" üzrə işçi qrup yaradılıb

"Bununla yanaşı, Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı ilə ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə "İnflyasiya və qiymət monitorinqi" üzrə işçi qrup yaradılıb. Bu sərəncamdan irəli gələn vəzifələrin növbəti ildə də davam etdirilməsi inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinə xidmət edəcək", - deyə sənəddə vurğulanıb.

Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir
Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, illik inflyasiyanın dinamikası həm xarici, həm də daxili amillərdən təsirlənib:
"Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən ümumi əmtəə qiymət indeksi avqustda illik əsasda 29,6 faiz, o cümlədən enerji qiymətləri üzrə 37,1 faiz, qeyri-enerji qiymətləri üzrə 7,3 faiz enib. Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0,4 faizlik deflyasiya qeydə alınıb. İllik inflyasiya avqustda 8 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7,6 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7,4 faizə enib".

"Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır", - deyə Mərkəzi Bankdan bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tərəvəz satışı - Sputnik Azərbaycan, 1920, 23.08.2023
İQTİSADİYYAT
Dövlət müəssisə və təşkilatlarına ərzaq və aqrar məhsullar satmaq istəyənlərin nəzərinə!
Xəbər lenti
0