Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ət yenidən bahalaşacaq - ekspert səbəbləri açıqladı

© AP Photo / Victor R. CaivanoƏt satışı
Ət satışı - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
Ekspert deyir ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında ət istehsalını böyük həcmdə artırmaqla qiymətləri aşağı salmaq olar. İstehsal artsa, fermerlər əti daha ucuz satmağa məcbur olacaqlar.
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda mal və qoyun ətinin bahalaşması davam edir.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin avqust ayında sümüklü mal ətinin orta aylıq pərakəndə satış qiyməti 14,10 manata, sümüksüz mal ətinin orta aylıq pərakəndə satış qiyməti 16,39 manata, qoyun ətinin orta aylıq pərakəndə satış qiyməti isə 15,24 manata qalxıb. Bu ilin əvvəli ilə müqayisədə avqust ayında sümüklü mal əti 8 faiz, sümüksüz mal əti 6,7 faiz, qoyun əti 9,1 faiz bahalaşıb. Ümumiyyətlə, cari ildə ətin davamlı şəkildə bahalaşması müşahidə edilib.
Bəs, ətin bahalaşmasının səbəbləri nədir? Payız aylarında ətin qiyməti necə olacaq? İşğaldan azad edilmiş rayonlarda ət istehsalı qiymətlərə təsir edirmi?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ətin bahalaşmasının əsas səbəbi yem xərclərinin artmasıdır:
"Yem xərclərinin məhsulun maya dəyərində payı ət istehsalı üzrə təxminən 65-70 faizdir. Xaricdən gətirilən yem və yem əlavələrinin bahalaşması nəticəsində ətin istehsal xərci artıb. İkincisi, ölkədə inflyasiya mühiti var, əvvəlki 100 manat indiki 100 manat deyil, yəni pulun alıcılıq qabiliyyəti aşağı düşüb. Ət istehsalçısı da pul qazanmaq istəyir. Başqa sözlə, ət istehsalında xərclər artıb, pulun dəyəri aşağı düşüb. Əvvəlki qiymətləri biz artıq unutmalıyıq".
"Qiymətin aşağı düşməsi üçün ət istehsalının böyük həcmdə artmasına ehtiyac var"
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında ət istehsalını böyük həcmdə artırmaqla qiymətləri aşağı salmaq olar:
"İstehsal artsa, fermerlər əti daha ucuz satmağa məcbur olacaqlar. Lakin bu ilin 6 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə azad edilmiş rayonlarda ət istehsalının 6 faiz artması böyük göstərici deyil. Ona görə də bu, qiymətlərə hələlik əhəmiyyətli təsir etmir. Hazırda Azərbaycanda ət istehlakı Avropadan 2,5-3 dəfə aşağıdır, yəni ət yeməyə maddi imkanımız çatmır. Maddi imkan artdıqca ət istehlakı da artır. Digər tərəfdən, əhalinin sayı da yüksəlir. Başqa sözlə, qiymətin aşağı düşməsi üçün ət istehsalının böyük həcmdə artmasına ehtiyac var".
"İdxal edilən ət bahalaşıb"
O bildirib ki, ət məhsullarından biz əsasən kolbasa və sosiska idxal edirik, mal və qoyun ətini yerli istehsalçılardan alırıq: "Xaricdən gətirilən ət məhsullarında da kifayət qədər bahalaşma var. Əvvəllər Ukraynadan ucuz qiymətə ət məhsulları alırdıq, indi Ukraynadan idxal yoxdur. Keçən il ölkədə mal əti üzrə özünütəminetmə səviyyəsi 93 faiz, qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi isə 97 faiz olub".
"Ət bazarında çoxlu iştirakçılar olduğuna görə, bu bazarda monopolist axtarmaq doğru deyil. Payız aylarında ətin qiymətində ciddi dəyişiklik gözləmirəm"-, deyə ekspert əlavə edib.
"İdxal edilən ət bazarda satılan əti əvəz edə bilmir"
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ətin bahalaşmasının əsas səbəbi istehsalın az olmasıdır:
"Son 7-8 ildə ölkədə ət idxalı artsa da, idxal edilən ət bazarlarda nadir hallarda satılır. İdxal edilən ət əsasən dövlət müəssisələrinə yönəldilir. Bazarlarda isə əsasən yerli ət satılır. Yerli ət azaldıqca qiymətlər də bahalaşır. Yəni idxal edilən ət bazarda satılan əti əvəz edə bilmir. Başqa sözlə, bahalaşmanın əsas səbəbi istehsalın azalması, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının getdikcə aşağı düşməsi ilə bağlıdır".
Ekspertin sözlərinə görə, 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı azalır:
"Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına məxsus torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə bu heyvanların sayı azalıb. Say azaldıqca daxili tələbatı ödəməkdə kəsir yaranır. Tələb artanda təklif azalırsa, qiymət bahalaşır".
"Qarşıdakı aylarda ətin qiyməti yenidən bahalaşacaq"
Nəsirli bildirib ki, qarşıdakı aylarda ətin qiyməti yenidən bahalaşacaq:
"Adətən yay aylarında ətə tələbat azalır və bu azalma fonunda ət nisbətən ucuzlaşır. Amma bu il yayda ət əksinə bahalaşdı. Bu, o deməkdir ki, havalar soyuduqca, toylar başladıqca ətin qiyməti bir qədər də bahalaşacaq. Ət ilin sonuna qədər təxminən 10-15 faiz bahalaşa bilər".
"Bahalaşmada sabitləşmə dövrü başlayacaq"
Onun sözlərinə görə, amma bahalaşmanın sabitləşmə dövrünün başlaması da uzaqda deyil: "Çünki Azərbaycanın işğaldan azad edilmiş rayonlarında əvvəllər əhalinin məşğuliyyəti əsasən heyvandarlıq olub. Həmin ərazilərdə heyvandarlığı inkişaf etdirmək üçün çox münbit şərait, böyük potensial var. Azad edilmiş rayonlarda hələlik tam məskunlaşma getməyib. Əhali həmin ərazilərə tam köçəndən sonra ət istehsalı daha çox artacaq. Hazırda azad edilmiş rayonlarda ət istehsalı çox deyil".
Ətin həm istehsalı, həm də idxalı artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə diri çəkidə 375,4 min ton ət istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən bu il ət istehsalı 3,1 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 53 milyon dollar dəyərində 27 min ton ət idxal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 2,1 faiz, dəyər baxımından isə 16 faiz çoxdur.
Rusiyanın müəssisələri Azərbaycana heyvandarlıq məhsulları ixrac edə bilər
Onu da əlavə edək ki, bu il yanvarın 1-dən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.
"Rosselxoznadzor"un məlumatına görə, Rusiyanın Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətlərində, habelə Krasnodar və Stavropol bölgələrində yerləşən daha 13 heyvandarlıq məhsulları istehsal edən müəssisənin Azərbaycana ixrac hüququ təsdiqlənib. Hazırda Azərbaycan tərəfi bu yaxınlarda öz məhsullarını ölkəmizə tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar həyata keçirməyi planlaşdırır.
"Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstər"
Xatırladaq ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov Xəzər TV-yə deyib ki, mal-qaranın sayı azalsa da 2022-ci ildə ölkədə ət istehsalı 3 faiz artıb:
"Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. 1 il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da diri çəkidə ət və süd istehsalı artır".
Nazirlik rəsmisi həmçinin bildirib ki, süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir. Bundan əlavə, ölkəmizdə iribuynuzlu heyvanlar arasında embrion transferi ilə bağlı pilot layihəyə start verilib ki, bu da gələcəkdə ətlik və südlük mal-qaranın sayının artmasına şərait yaradacaq.
Aqroexpress - Sputnik Azərbaycan, 1920, 11.09.2023
İQTİSADİYYAT
"Avrasiya Aqroexpress" və Bakı: Aİİ-nin təşəbbüsü və regiondakı ərzaq təhlükəsizliyi
Xəbər lenti
0