CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağciyərlərimizi yandıran tonqal: Rus amfibiyası meşələrimizi necə xilas edir - VİDEO

© AP Photo / Rodrigo AbdMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Azərbaycanda meşə yanğınlarının baş verməsinin qarşısını almaq üçün "meşə yanğınları və onlara qarşı mübarizə işinin təşkili" ilə əlaqədar komissiya yaradılıb.
BAKI, 20 avqust — Sputnik. Azərbaycanda meşə yanğınları ən çox Qəbələ, Şabran, Şamaxı, Şəki, Zaqatala, Quba, Masallı, Lənkəran ərazilərində baş verir. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov məlumat verib. O, bildirib ki, ölkəmizdə meşə yanğınlarına əsasən iyul-avqust aylarında təsadüf edilir. Bu da həmin aylarda quraqlıq və hava şəraitinin isti keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, son günlər Türkiyənin bir neçə vilayətində meşə yanğınlarının baş verməsi ölkəmizdə də meşə yanğınlarından mühafizə məsələsini gündəmə gətirib. Bəs görəsən ölkəmizdə meşə yanğınlarının baş verməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?
Meşə yanğınlarının sayı artmaqdadır
C.Qəribovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirlikləri tərəfindən təsdiq edilmiş "Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün Birgə Fəaliyyət Planı" hazırlanaraq təsdiq edilib. Bu sənədə əsasən meşə yanğınlarının qarşısının alınması üçün bir sıra mühüm tədbirlər həyata keçirilib.
C.Qəribov deyir ki, bütün dünyada meşələrə ən çox zərər və ziyan vuran faktor məhz meşə yanğınlarıdır:
"Son illərin statistikası göstərir ki, meşə yanğınlarının sayı və əhatə etdiyi ərazilər artmaqdadır. Dünyada son üç ildə ümumilikdə 206 758 yanğın hadisəsi baş verib. Nəticədə 25 622 619 hektar ərazi yanğına məruz qalıb. 2020-ci ildə 58 258 meşə yanğını hadisəsi nəticəsində 10 274 679 hektar, 2021-ci ildə 58 533 hadisə zamanı 7 139 713 hektar, 2022-ci ildə 68 255 hadisə nəticəsində 7 534 403 hektar, 2023-cü ilin 6 ayı ərzində isə 23 712 meşə yanğını zamanı 673 824 hektar meşə sahəsi yanıb".
Meşələr niyə yanır?
Xidmətinin mütəxəssisi bildirib ki, meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir, bəzi hallarda isə təbii fəlakət nəticəsində baş verir. Yanğınlar əsasən meşə sahələri ilə həmsərhəd ərazilərdə yerləşən bələdiyə və vətəndaşların pay torpaqlarında kənd təsərrüfatı bitkiləri yığıldıqdan sonra əkin sahələrinin yandırılması səbəbindən də törəyir. Meşə sahələri ilə həmsərhəd ərazilərdə yerləşən bələdiyə və vətəndaşların pay torpaqlarında digər təsərrüfat fəaliyyətləri, əsasən əkin sahələrindəki kol-kosunun, quru alaq otlarının, kölgə salan ağacların yandırılması, eləcə də ağac kömüru hazırlanan ocaqxanaların fəaliyyəti də meşə yanğınlarına səbəb olur. Yay aylarında əhalinin dincəlmək üçün meşə sahələrinə üz tutması və bu zaman meşədə odla ehtiyatsız davranmaları da bəzən yanğınla nəticələnir. Bu siyahıya yaylaqlarda çobanların, ovçuların və giləmeyvə yığan vətəndaşların odla ehtiyatsız davranmaları, eləcə də yüksək gərginlikli elektrik xətlərində baş verən qısaqapanmalar da daxildir.
Bununla yanaşı nazirlik səlahiyyətlisi təbii fəlakətlərin, quraqlıq və hava şəraitinin isti keçməsinin, ildırımçaxmaların, dünyada baş verən iqlim dəyişiklikləri və anomal istilərin də meşə yanğınlarına gətirib çıxartdığını vurğulayıb. O, bildirir ki, bütün dünya ölkələri kimi Azərbaycan da bu fəlakətdən sığortalanmayıb.
Nə qədər meşə sahəsi yanğına məruz qalıb?
O, bildirib ki, ölkə üzrə son 7 ildə 199 yanğın hadisəsi olub, nəticədə 2250,7 hektar sahə yanğına məruz qalıb. 2017-ci ildə 8 yanğın hadisəsi zamanı 372 hektar, 2018-ci ildə 7 hadisə nəticəsində 15,8 hektar, 2019-cu ildə 17 hadisə zamanı 513,7 hektar, 2020-ci ildə 40 hadisə zamanı 55,7 hektar, 2021-ci ildə 41 hadisə nəticəsində 383,4 hektar, 2022-ci ildə 66 hadisə 869,2 hektar, 2023-cü ilin ilk 6 ayı ərzində isə 23 hadisə 20,24 hektar ərazi yanıb: "Statistikalar göstərir ki, ən çox meşə yanğınları Qəbələ, Şabran, Şamaxı, Şəki, Zaqatala, Quba, Masallı, Lənkəran RMTM-in xidməti ərazilərində baş verir. Ölkəmizdə meşə yanğınlarına əsasən iyul-avqust aylarında təsadüf edilir. Bu da həmin aylarda quraqlıq və hava şəraitinin isti keçməsi ilə səciyyələndirilir. Belə ki, iyul-avqust aylarında havanın orta temperaturu 25-280, maksimum temperaturu 35-400 olur. 2022-ci ildə bəzi günlərdə hətta Şabran, Siyəzən və Xaçmaz rayonlarında havanın temperaturu 420-yə çatmışdır. Bundan əlavə, bu aylarda isti kuləklərin əsməsi, yağıntının miqdarının normadan aşağı olması yanğınların artmasına səbəb olur, habelə yanğın baş verdikdə onun söndürülməsində çətinliklər yaradır".
Meşələrin yanmasının qarşısını almaq üçün hansı tədbirlər görülür
Həmsöhbətimiz bildirir ki, meşə yanğınlarının baş verməsinin qarşısını almaq üçün "meşə yanğınları və onlara qarşı mübarizə işinin təşkili" ilə əlaqədar komissiya yaradılıb. Rayonlarda 158 könüllü yanğınsöndürmə dəstələri təşkil olunub, bu işə 1020 nəfər cəlb edilib. Yanğın təhlükəsi olan ərazilərin xəritələri hazırlanıb, həmin xəritələrdə yaşayış məntəqələri, yollar, su hövzələri, toplanış düşərgələri, FHN-nin yerli qurumlarının yeri, dislokasiya əraziləri şərti işarələrlə qeyd edilib.
ETSN və FHN meşə yanğınlarının qarşısının alınması ilə bağlı birgə fəaliyyətinə dair Tədbirlər Planına uyğun olaraq regional meşə tədbirləri mərkəzləri və FHN-nin yerli qurumlarının əməkdaşları ilə birgə 37 təlim keçirilib. Yanğınsöndürmə avadanlıqları işlək vəziyyətdə saxlanılmaqla, lazımı miqdarda "Ermak"lar - 15-18 litrlık çiləyicilər, yanğınsöndürən balonlar və digər vasitələr alınaraq qurumlara paylanıb. Bunlarla yanaşı meşə ərazilərinin girişlərində məlumat və xəbərdarlıq lövhələri vurulub. Sutkalıq növbəçilik təşkil edilib. 30 yerdə müşahidə qülləsi quraşdırılıb, yanğına həssas ərazilərin girişində 79 nəzarət postu qurulub, bunlardan 18-də Nazirliyin digər regional qurumları ilə birgə fəaliyyət təşkil olunub. 178 nöqtədən su götürmək üçün ərazilər müəyyən edilib və koordinatları vurularaq xəritələşdirilib.
Yanğın baş verdiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün 68,1 km yeni yol çəkilib, 323,9 km köhnə yollar təmir edilərək işlək vəziyyətə gətirilib. Elektrik xətlərinə yaxın yerlərdə budama işləri aparılıb, yanğınların qarşısının alınması məqsədilə ümumilikdə 500,9 km yeni mineral zolaqlar çəkilib. 272,2 km əvvəlki illərdə çəkilmiş zolaqlar isə bərpa edilib. Meşə istifadəçiləri tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə yerlərdə yoxlamalar aparılıb, nöqsan və çatışmazlıqlar aradan qaldırılıb.
Bəzi meşə ərazilərinə giriş-çıxışa məhdudiyyət qoyulub!
Yanğınla bağlı təhlükəli dövr başlayandan yanğına daha həssas ərazilərə və həmin istiqamətə insanların giriş-çıxışı məhdudlaşdırılıb. Proflaktik tədbirlərlə yanaşı, baş verən meşə yanğınlarının əsas səbəbinin insan amili olduğu nəzərə alınaraq, yerlərdə-xüsusilə meşə sahələri ilə həmsərhəd yaşayış məntəqələrində, eləcə də meşə ərazilərinə istirahət məqsədilə gələn vətəndaşlarla mütəmadi olaraq ekoloji maarifləndirmə və yanğın əlehinə təbliğat işləri aparılır. Meşələrə daxil olan hər kəsə odla davranma qaydaları izah edilir.
C.Qəribov deyir ki, yanan meşələrin bərpa olunması istiqamətində də işlər görülür. Yanğın baş verdiyi ərazilərdə monitorinqlər keçirilərək orada meşə-bərpa işlərinin aparılmasına start verilib. Onun sözlərinə görə, əvvəlki illərdə yanğına məruz qalmış ərazilərin 740 hektarında meşə-bərpa tədbirləri həyata keçirilib.
Meşələri yanğında qorumaq üçün qızıl qaydalar
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, yay fəsli başlayandan "Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı" mövzusunda regional seminar-müşavirələr keçirilir. Seminar-müşavirələrdə meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi qeyd edilir.
Bu tədbirlərdə meşə yanğınlarının və qanunsuz kömür istehsalının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən fotoslayd və videoçarx nümayiş olunur.
Qurumdan o da bildirilib ki, meşə yanğınlarının baş verməməsi üçün taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır! Yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir. Taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, eni 4 metrdən az olmamaqla şumlama yolu ilə mineral (təhlükəsizlik) zolaq yaradılmalıdır.
Biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir. İşdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır! Tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə yanğını söndürməyə çalışılmalı və "112" qaynar xəttinə məlumat verilməlidir.
Meşələri yandıranları hansı cəza gözləyir?
Meşələr bəşəriyyıtin ağciyəri hesab olunduğundan, meşələrin yanmasına səbəb olanlar cəzasız qalmır. FHN-dən bildiriblər ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs və ya şəxslər tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda onların əməlləri artıq cinayət məsuliyyətinə səbəb olur.
2022-ci ilin ötən dövründə açıq və əkin sahələrinin qəsdən yandırılması üzrə FHN əməkdaşları tərəfindən 3 fakt aşkar edilərək şəxslər barəsində müvafiq tədbirlər görülüb və həmin şəxslər toplanmış materiallarla birgə hüquq- mühafizə orqanlarına təhvil verilib. Yanğın təhlükəsizliy haqqında Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinin tələblərinə əsasən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək bütün fiziki, vəzifəli və hüquqi şəxslərin vəzifə borclarına aid edilib. Yanğın təhlükəsizliyi qaydalarının pozulması zamanı fiziki, vəzifəli və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində nəzərdə tutulan inzibati tədbirlər tətbiq edilir.
Meşədə dincələnlərin nəzərinə!
FHN-dən bildirilib ki, meşə yanğınlarının böyük qismi insanların meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Buna görə də meşəyə istirahətə gedənlər də yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir. Meşə və meşəətrafı sahələrdə yandırılan tonqal nəzarətsiz qalmamalıdır. Tonqalı ağac altında, quru ot və kol-kos, ağac qırıntıları olan ərazidə qalamaq olmaz! Tonqal ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Tonqal üçün xüsusi yer hazırlanmalı, yaxud köhnə tonqalın yerindən istifadə edilməlidir. Küləkli havada tonqal qalamaq olmaz! Ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Meşədə tonqal qalayan şəxs tonqalın tam söndüyünə əmin olduqdan sonra ərazini tərk etməlidir.
Bunlarla yanaşı meşədə söndürülməmiş kibrit çöpünü və siqaret kötüyünü yerə atmaq olmaz! Meşəyə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış material atmaq qadağandır. Şüşə qab və şüşə qırıntıları atmaq da olmaz. Onlar günəş şüasının təsirindən yanğına səbəb ola bilər. Davamlı yanıq iyi, duman şəkilli tüstü, heyvan və həşəratların narahatlığı və eyni bir istiqamətə təlaşlı hərəkəti meşə yanğınlarının əsas əlamətləridir. Bu əlamətlərin və ya meşədə yanğının şahidi olanlar, dərhal olduğu yeri tərk edərək "112"qaynar xəttinə zəng edib yanğın haqqında məlumat verməlidir.
Əgər kimisə meşədə yanğına yaxalayıbsa, üzünü və başını üst geyimi ilə örtərək yanğın zonasından kənarlaşmalı və küləyin istiqamətinin əksinə doğru hərəkət etməlidir. Yanğın zonasından çıxa bilmirsə, tezalışan materialdan olan paltarını əynindən çıxarmalı, imkan varsa yaxınlıqdakı göl, nohur və digər su hövzəsinə girərək paltarını islatmalıdır. Üzünü çoxqatlı yaş parça sarğısı ilə örtərək ərazidən kənarlaşmalıdır.
Rusiya istehsalı olan amfibia təyyarəsi köməyimizə çatır
FHN-dən onu da bildirdilər ki, ölkəmizdə son illər yanğınsöndürmə sahəsində maddi-texniki baza inkişaf edib. 2006-cı ildən başlayaraq Avropa və dünya standartlarına cavab verən, dünyanın, Avropanın aparıcı şirkətləri tərəfindən istehsal olunan müasir yanğın texnikası respublikaya gətirilib. Hazırda Yanğıdan Mühafizə Xidmətinin maddi-texniki bazası dünya standartlarına cavab verən müasir, yeni avadanlıqlardır. Yanğınsöndürmə avtomobilləri respublikanın bütün rayonlarına paylanılıb. Texnikalar daim nəzarətdə saxlanılır və istismar müddəti bitincə yenilənir.
Şəxsi heyət tələb olunan müdafiə vasitələri, onların geyimləri, digər müdafiə vasitələri, əleyhqazlar, ayaqqabılar və s. ilə təmin edilib. Şəxsi heyətin işləməsi mümkün olmayan yerlərdə, meşə yanğınları, açıq sahələrin yanğınları zamanı yanğınsöndürmə helikopterlərindən istifadə edilir. Bununla yanaşı, FHN-in amfibiya təyyarəsi (həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran hidro-təyyarə) də var. Bu təyyarədən ölkəmizdə, eləcə də digər qonşu ölkələrdə baş verən meşə yanğınlarının söndürülməsində istifadə edilib. Rusiya istehsalı olan bu təyyarə 12 ton su götürmək qabiliyyətinə malikdir. Bir neçə saniyəyə dənizdən su götürür və havaya qalxır. Təyyarə eyni zamanda suda xilasetmə işləri zamanı da istifadə edilir.
Meşə yanğınları ilə bağlı son 10 ilin statistikası
Məlumat üçün bildirək ki, 2013-2023 illər ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb, 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə itkisi qeydə alınıb. Bu rəqəmlər planetimizdə meşə yanğınları ilə bağlı məlumatları toplayan "Global Forest Watch" internet saytında yer alıb. Saytın məlumatına görə, son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları tüğyan etməkdədir.
Dünya üzrə son on illiyin ən böyük meşə yanğını Avstraliyada olub. Ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib. Avstraliya tarixinə "Qara yay" kimi yazılan bu yanğınlarda 24 milyon hektardan çox ərazi və 3500 ev yanıb. Rusiyada 2021-ci ildə 18,16 milyon hektardan çox, ABŞ-da 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub. Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar isə 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.
Meşə yanğını, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2023
DÜNYA XƏBƏRLƏRİ
Son on ildə ən böyük meşə yanğını hansı ölkədə olub?
Xəbər lenti
0