Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bitki yağları istehsalı niyə kəskin azalıb - Qiymətlərdə nə gözlənilir?

© Sputnik / Pavel Bednyakov / Mediabanka keçid yağ
 yağ - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Bu ilin birinci yarısında ölkədə 17 min 347 ton duru bitki yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz azalma deməkdir.
BAKI, 5 avqust — Sputnik. Bu il Azərbaycanda duru bitki yağlarının istehsalı kəskin azalıb, bu məhsulların qiymətləri isə zeytun yağı istisna olmaqla nisbətən ucuzlaşıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 17 min 347 ton duru bitki yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,1 faiz azalma deməkdir. Cari ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır duru bitki yağları ehtiyatı 4 min 305,6 ton təşkil edib. Keçən il də ölkədə duru bitki yağlarının istehsalı 2021-ci illə müqayisədə 7,3 faiz aşağı düşmüşdü.
Maraqlıdır, istehsalın azalmasının səbəbi nədir? Bu il duru bitki yağları ölkənin bazarlarında neçəyə satılıb? Növbəti aylarda qiymətlərdə nə gözlənilir?
İstehsalın azalması ilə bağlı iqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a deyib ki, bu yağların əldə edilməsi üçün yetişdirilən bitkilərin əkin sahələri ötən 2 illə müqayisədə təxminən 40 faizədək azalıb:

""2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda günəbaxan, qarğıdalı və digər yağ verən bitkilərin yetişdirilməsi üçün əkin sahələrinin 30 faizədək artırılaraq təxminən 200 min hektara çatdırılması nəzərdə tutulurdu. Amma bu əkin sahələri artırılmadı və sonra "Azərbaycanda pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı" qəbul edildi. Həmin Proqrama görə əkinə yararlı sahələr əsasən pambıqçılığa yönəldildi. Nəticədə qarğıdalı və günəbaxan bitkilərinin tədarük göstəriciləri aşağı düşdü və bu da daxili istehsalda kəskin azalmaya gətirib çıxardı".

"Dünyada ucuzlaşmaya baxmayaraq ölkədə bitki yağları baha satılıb"
İqtisadçının sözlərinə görə, dünyada duru yağların qiymətində 2 dəfə ucuzlaşma olmasına baxmayaraq ölkədə bu yağların baha satılması davam edib:

"Gömrük rüsumunun aşağı salınmaması, idxal rüsumları ilə bağlı güzəştin tətbiq edilməməsi nəticədə həm idxalda azalmaya həm də bahalaşmaya gətirib çıxardı. Hazırda ölkədə bitki yağlarının ucuzlaşması cüzidir. Əgər düzgün gömrük siyasəti həyata keçirilsə, yerli istehsalı stimullaşdırmaq olar".

Dünyada bitki yağlarının bahalaşması gözlənilir
""Taxıl sazişi" bərpa edilməsə, bu, həm bitki yağlarının həm də düyünün qiymətlərində bahalaşmanı bir qədər də sürətləndirəcək. Bu da Azərbaycana öz ciddi təsirini göstərəcək. Ümumiyyətlə, dünya bazarına məhsul çıxaran əsas ölkələr ixraca məhdudiyyət tətbiq edəndə bu, dünya bazarında qıtlığa səbəb olur və nəticədə qiymətlər bahalaşır", - deyə iqtisadçı əlavə edib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, xaricdən böyük həcmdə yağlar əsasən də qarğıdalı və günəbaxan yağı Azərbaycana gətirilir və burada yerli şirkətlər tərəfindən qablaşdırılaraq bazara çıxarılır:

"Azərbaycana qablaşdırılmamış bitki yağları əsasən Rusiya və Ukraynadan gətirilirdi və bu ölkələrdən alış çətinləşib. Bitki yağlarının xaricdən alış həcmləri azaldıqca ölkəmizdə daxili istehsalda da azalma müşahidə edilir".

© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Natiq Cəfərli
Günəbaxan və qarğıdalı yağı nisbətən ucuzlaşıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ildə Azərbaycanda duru bitki yağlarının qiymətləri zeytun yağı istisna olmaqla nisbətən ucuzlaşıb. Belə ki, yanvar ayında yerli günəbaxan yağının 1 litrinin orta aylıq pərakəndə satış qiyməti 5,51 manata idisə, iyun ayında bu rəqəm 4,70 manat olub. Yanvar ayında idxal günəbaxan yağının 1 litrinin orta aylıq pərakəndə satış qiyməti 6,28 manat idisə, iyun ayında bu rəqəm 5,92 manat olub.
Yanvarda yerli qarğıdalı yağının 1 litrinin orta aylıq pərakəndə satış qiyməti 7,47 manat olubsa, iyun ayında bu göstərici 6,42 manat təşkil edib. Yanvarda idxal qarğıdalı yağının 1 litrinin orta aylıq pərakəndə satış qiyməti 7,73 manat idisə, iyun ayında bu rəqəm 7,25 manat təşkil edib.
Zeytun yağı isə bahalaşıb
Yanvar ayında yerli zeytun yağının 1 litrinin orta aylıq pərakəndə satış qiyməti 13,65 manat idisə, iyun ayında bu rəqəm 14,43 manat olub. İdxal edilən zeytun yağının orta aylıq pərakəndə satış qiyməti yanvarda 16,61 manat idisə, iyun ayında bu göstərici 17,22 manat təşkil edib.
Marqarin istehsalı da azalıb
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 25 min 132 ton marqarin istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz azdır.
Xatırladaq ki, dünyada bu ilin yanvar-iyun aylarında bitki yağlarının qiymətlərində enmə müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bitki yağı - Sputnik Azərbaycan, 1920, 01.04.2023
İQTİSADİYYAT
Azərbaycanda bitki yağları ucuzlaşıb, istehsal aşağı düşüb - Səbəb nədir və qiymətlər
Xəbər lenti
0