CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Himayədar ailə nə deməkdir və başqa uşaqlara baxmağa görə dövlət nə qədər pul verir?

© AFP 2024 / ERIC CABANISДва ребенка читают книгу в детском саду, фото из архива
Два ребенка читают книгу в детском саду, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.07.2023
Abunə olmaq
Yeni qanunvericilik aktları ilə ölkəmizdə himayədar ailə modelinin tətbiqinə başlanılır.
BAKI, 19 iyul — Sputnik. Himayədar ailəyə ayrılan müavinətin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət ediləcək.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev söyləyib. O, bildirib ki, himayədar ailələrə ayrılan müavinətin xərclənməsi, sui-istifadə halları Nazirliyin müvafiq departamentinin diqqətində olacaq.
Qeyd edək ki, yeni qanunvericilik aktları ilə ölkəmizdə himayədar ailə modelinin tətbiqinə başlanılır. Himayədar ailələrə dövlət tərəfindən himayəyə götürdükləri hər uşağa görə aylıq və onlara mövsümi geyim alınması üçün hər rübdə birdəfəlik müavinət veriləcək.
Kimlər himayədar ailə ola bilər?
Cavid Şahmalıyev bildirib ki, nazirliklə himayədar valideyn olmaq istəyən şəxslər arasında münasibət uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranacaq. Himayədar ailənin yaranması 3 mərhələdə həyata keçiriləcək:
- Himayədar valideyn olmaq istəyən şəxslərin uçota alınması;
- Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması;
- Nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxslər arasında müqavilənin bağlanması.
Yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay olan, ən azı ümumi orta təhsilli və sağlamlıq vəziyyəti normal olan, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslər himayədar ailə ola bilərlər.
Qurum səlahiyyətlisi bildirib ki, uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla, ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır. Himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri - ər və ya arvad üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş müəyyən olunub. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə veriləcək.
Himayədar ailələrə nə qədər pul veriləcək?
Departament rəhbəri bildirib ki, himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355 - 435 manat arası məbləğlərdə müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailəyə birdəfəlik müavinət (hər rübdə 200 manat) də veriləcək.
Belə ki, himayəyə götürülən 0-6 yaşlı uşaqlar üçün himayədar ailəyə 355 manat aylıq müavinət ödəniləcək. 7-13 yaşlı uşaqlara görə isə himayədar ailəyə ödəniləcək müavinətin məbləği 375 manat olacaq. 14-18 yaşlı uşaqlar üçün ödəniləcək məbləğ isə aylıq 395 manatdır. Əgər himayəyə götürüləcək uşaq əlildirsə, bu zaman 0-6 yaşlı uşaq üçün himayədar ailəyə 395 manat ödəniləcək. Əlilliyi olan 7-13 yaşlı uşağa görə isə himayədar ailəyə ödəniləcək müavinətin məbləği 415 manat müəyyən edilib. 14-18 yaşlı uşaqlar üçün aylıq müavinət məbləği 435 manatdır. Uşaqlara mövsümi geyim alınması üçün himayədar ailəyə veriləcək birdəfəlik müavinət hər rüb üzrə 200 manat müəyyən edilib.
Müavinətin xərclənməsinə ciddi nəzarət ediləcək!
Cavid Şahmalıyev söyləyir ki, geyim üçün ödəniləcək vəsaitin uşağa xərclənməsinə də ciddi nəzarət ediləcək.
"Himayədar ailə həmin pulla uşağa geyim almalıdır. Qəbzini bizim qurumun əməkdaşlarına göstərməli, əməkdaşlarımız həmin geyimi uşağın əynində görməlidir. Aylıq müavinətlərlə bağlı isə əsas məqam uşağa qayğıdır. Agentliyin əməkdaşları ayda bir dəfə xəbərdarlıq edərək, yaxud da xəbərdarlıqsız gedib himayəyə götürlən uşağı monitorinq edə bilər. Ola bilər ki, hansısa ailənin maddi imkanı yaxşı olduğundan, dövlətin ödəyəcəyi müavinətə ehtiyacı olmasın. Bu zaman dövlətin verdiyi müavinəti uşağın adına hesab açıb onun gələcəyinə yatırım kimi saxlaya bilər" - deyə C.Şahmalıyev bildirib.
Aylıq müavinəti almaq üçün "himayədar ailə" olmaq istəyənlər ifşa ediləcək
Onun sözlərinə görə, kiminsə pula görə himayədar ailə olmasının qarşısı alınacaq: "Himayədar ailə üçün müraciət edən şəxsin motivi pul olarsa, bu, bizim tərəfimizdən müəyyən ediləcək. Övladlığa verilmə ilə bağlı bizim qurumun əməkdaşlarının kifayət qədər təcrübəsi olduğundan, belə şəxsləri müəyyən etmək elə də çətin olmayacaq".
C.Şahmalıyev onu da bildirib ki, ana öz uşağına baxmayacaqsa, bu zaman xala uşaqları himayəyə götürmək istəyərsə, bu da araşdırılacaq. "Burada ana ilə xala arasında əvvəlcədən sövdələşmənin olub-olmadığı bizim təlim keçmiş əməkdaşlarımız tərəfindən müəyyən ediləcək" - deyə qurum rəhbəri bildirib.
Himayəyə verilmiş uşaq öz bioloji anası ilə görüşə biləcək
Departament rəhbəri onu da vurğulayıb ki, himayədar ailədə olan uşağın fərdi inkişafının planlaşdırılması BNazirliyin nəzarətində olacaq. Onun sözlərinə görə, himayədar ailədə olan uşaqla valideyn arasında valideyn-övlad münasibəti formalaşmalıdır. Əgər uşağa qarşı sui-istifadə, zorakılıq olarsa, uşaq himayədar ailədən alına bilər. Həmçinin himayədar ailəyə verilən uşaq ayda bir dəfə öz bioloji anası ilə görüşə bilər. Görüş Sosial Xidmətlər Agentliyi tərəfindən ayrılmış ünvanda keçirildiyindən, himayədar ailə ilə bioloji ailə bir-birilərini tanımayacaqlar.
O, vurğulayıb ki, həmçinin əlilliyi olan şəxslər də himayədar ailə olmaq üçün müraciət edə bilərlər. Bu zaman qiymətləndirmə apardılacaq, qərar veriləcək. Subay şəxslər isə 30 yaşından sonra himayədar ailə ola bilərlər. Əgər sonra ailə qurarlarsa, yenidən ərizə ilə müraciət edərək məlumatlarını yeniləməlidirlər. Bu halda evləndiyi şəxsin də uşaqla bağlı fikirləri öyrəniləcək.
Bacı-qardaşlar himayəyə necə veriləcək?
C.Şahmalıyev deyir ki, himayədar ailəyə uşaqlar bir aylıq da himayəyə verilə bilər: "Himayədar ailə uşaqlıdırsa, uşaqların sayı üçə çatmayıbsa, biz onlara himayəyə uşaq verəcəyik. Himayədar ailənin himayəsində heç uşaq yoxdursa, üç uşağı himayəyə götürə bilər. Uşaqlar dörd bacı-qardaşdırsa, biz dördünü də istisna hal kimi bir ailəyə himayəyə verəcəyik. Ailə uşaqlardan birini istəyirsə, biz uşaqların fikrini nəzərə alırıq. Çünki, bacı-qardaşın bir-birindən ayrılması onların mənafeyinə ziddir".
0-6 yaş uşaqların himayədar ailələr verilməsinə daha çox üstünlük veriləcək
Departament rəhbəri uşaqlar himayəyə verildikdə 18 yaşına çatana qədər onlara müavinətin ödəniləcəyini söyləyib. Onu da bildirib ki, 0-6 yaş uşaqların valideyn qayğısına daha çox ehtiyacları var. Ona görə də, ilk mərhələlərdə 0-6 yaş kateqoriyasına aid uşaqların himayəyə verilməsinə daha çox üstünlük veriləcək. Onun sözlərinə görə, uşağın tez-tez himayədar ailə dəyişməsi onun psixoloji vəziyyətinə təsir edir. Bu səbəbdən də uşağın bir himayədar ailədə qalması daha məqsədəuyğundur.
Himayəyə uşaq götürənlər daimi xaricə gedə bilməz!
Himayədar ailələrin hüquqları çoxdur. Həmsöhbətimiz deyir ki, himayəyə uşaq götürən ailə xarici ölkəyə daimi yaşamağa gedə bilməz. Amma istirahət məqsədilə xarici ölkəyə uşaqla birgə səfər edə bilər. Himayəyə götürülən uşaq gələcəkdə müvafiq qiymətləndirilmə aparılaraq öz bioloji anasına geri qaytarıla bilər. Himayəyə verilən uşaq himayədar ailənin varisi hesab edilmədiyi üçün vərəsəlik hüquqları tanınmır. Həmçinin himayədar valideyn uşaqların qanuni nümayəndəsi hesab edilmir.
Departament rəhbəri onu da vurğulayıb ki, artıq himayədar ailə olmaq üçün müraciətlər var. Onların hər biri qeydə alınır.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların himayədar ailələrə verilməsi uşaq evlərində valideyn qayğısından kənar uşaqların ailə mühitinə geri dönməsini təmin edəcək. Bu, uşaq evlərindəki valideyn himayəsindən kənar uşaqların sayını da azaldacaq. Birlik rəhbəri onu da qeyd edib ki, himayədar ailələrin olması sosial aspektdən çox vacibdir.
Himayədar alə modelinin məqsədi nədir?
Məlumat üçün bildirək ki, dünyada geniş yayılmış təcrübələrdən biri olan "Himayədar ailə" qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır.
Dövlət başçısının 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən ilin 1 noyabrından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Himayədar ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi, xüsusilə Türkiyə təcrübəsi öyrənilməklə müvafiq işlər aparılıb. Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə qayğı modeli üzrə müraciətlərin qəbulu və xidmətlərin idarə edilməsi də Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi üzərindən həyata keçiriləcək. Bununla bağlı altsistemdə müvafiq təkmilləşdirmə işləri yerinə yetirilib.
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ilə eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı mövcud olan mexanizm təkmilləşdirilib. Belə ki, yeni qanunvericilik aktlarında valideyn himayəsindən məhrum olmuş uşaq barədə məlumat alındıqda uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin və əsaslı qiymətləndirilmənin aparılması, ailə inkişaf planlarının tərtib olunması, ailəyə yönəlik sosial dəstək tədbirlərinin göstərilməsi və s. məsələlər əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2023
CƏMİYYƏT
Prezident himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə müavinətləri artırıb
Xəbər lenti
0