CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yas mərasimlərini aparan qadın mollalar xürafat yayırlar - Komitə

© Sputnik / Irade JELILYas çadırı
Yas çadırı - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini bəyan edib ki, Azərbaycanda qadın mollalar xurafatın təbliğatçısına çevriliblər.
BAKI, 25 iyun — Sputnik. "Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi "qadın mollalar" xurafatın təbliğatçısına çevrilirlər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, bəzən məqsədyönlü şəkildə elə iddia edirlər ki, guya DQİDK məscidlərə qadın din xadimləri təyin edir:
"Hətta bir az da irəli gedib bunu elə təqdim etmək istəyirlər ki, guya Dövlət Komitəsi müsəlmanlara deyəcək ki, qadın imamların arxasında namaz qılmalısınız. Bunu bilməyərəkdən deyənlər də var. Diqqət edin, bu vəzifənin adı imam, imam müavini deyil, qadın dini ayinlərin icraçısıdır. Din xadimlərinin təyinatı, rotasiyası, fəaliyyətinə xitam verilməsi qaydaları ilə bağlı təlimatda qadın dini ayinlərin icraçısı vəzifəsinin funksiyası göstərilib. Bunlara imamın tapşırığına əsasən məsciddə qadınlara yönəlik dini fəaliyyəti həyata keçirmək, eyni zamanda qadınların iştirakı ilə keçirilən yas mərasimlərini idarə etmək daxildir. Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi "qadın mollalar" xurafatın təbliğatçısına çevrilirlər. Bunun qarşısını almaq yollarından biri də qadın dini ayinlərin icraçısı vəzifəsinin təsis edilməsi, bu vəzifə üçün imtahanların keçirilməsidir".
G.İsmayılov bildirib ki, Dövlət Komitəsi indiyə qədər din xadimi vəzifələrini tutmaq üçün 3 dəfə vakansiya elan edib:
"Birinci vakansiyada 270 nəfər sənəd vermişdi, onlardan 133 nəfəri uğur qazanıb, 112-nə təyinat vermişik. İkinci vakansiyada 254 namizəd iştirak edib, 66 nəfər uğur qazanıb, 55 nəfər təyinat alıb. Hazırda 3-cü vakansiyaya sənəd qəbulu bitib, 293 nəfər sənəd verib, onlardan 113-ü qadın, 180-i kişidir. Bu, onu deməyə əsas verir ki, iki müsahibənin obyektiv, şəffaf keçirilməsi din sahəsində təhsil almış insanlarda artıq inam yaradır ki, müsahibə obyektivdir və mən uğur qazana bilərəm. Getdikcə sənəd verənlərin, din xadimi, o cümlədən qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır".
O, həmçinin bildirib ki, din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsilir.
Onun sözlərinə görə, Azərbaycanın dini mühitinə xaricdən təsirləri, kənar təsirləri sıfıra endirmək bizim üçün əsas məqamlardan biridir: "Çünki din sahəsində hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar təsir, ən azı kənar ideoloji müdaxilə var. Ona görə din sahəsinin sağlam qalması, Azərbaycan xalqının bu zənginliklərini qoruyub-saxlamağımız üçün kənar təsirləri sıfıra endirməliyik. Bu istiqamətdə digər aidiyyəti dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları, QMİ ilə birgə kənar təsirləri azaldırıq, mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var".
Dövlət Komitəsi sədrinin müavini bildirib ki, əsas işləri həm də yüksəkixtisaslı kadrlar yetişdirməkdir:
"O kadrlar ki, din sahəsində milli kadr olacaq, Azərbaycanın ziyalı kontingentinin tərkib hissəsinə çevriləcək. Azərbaycanlı kimi düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün çalışacaq. Əsas bunlara nail olmaqdır. Biz din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rızası üçün millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət. Sırf Allaha xatir, Allah rizası üçün ümmətə, millətə xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq".
Molla - Sputnik Azərbaycan, 1920, 13.02.2023
CƏMİYYƏT
Azərbaycanda qadın mollalar müsahibədən keçiriləcək
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0