Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Krakov-2023 Avropa Oyunları başlayır

© Photo : EOCAvropa Oyunlarının bayrağı
Avropa Oyunlarının bayrağı - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Bakı-2015 və Minsk-2019-da uğurla çıxış edən Azərbaycan yığması Polşaya da geniş heyətlə yollanıb və Krakov-2023-də ölkəmizin şərəfini 13 növdə 86 idmançı qoruyacaq.
BAKI, 20 iyun — Sputnik. Sabah Krakov-2023 III Avropa Oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, rəsmi açılış mərasimi iyunun 21-də baş tutacaq multi-idman tədbiri 12 gün davam edəcək.
Lakin bu tip yarışlarda artıq ənənəyə çevrildiyi kimi, bəzi idman növlərində mübarizə artıq bu gün başlayacaq. Çimərlik həndbolunda ilk oyunlar baş tutacaq, həmçinin atletlər qüvvəsini sınayacaq.
Avropanın 48 ölkəsindən olan 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirəcək. Əksər idman yarışlarından kənarlaşdırılan Rusiya və Belarus "Köhnə qitə"nin bayramından da kənar qalacaq. İştirakçılar 253 dəst medallar uğrunda mübarizə aparacaq.
Polşadakı Avropa Oyunları bir ilklə də əlamətdar olacaq. Bakı-2015 və Minsk-2019-da bütün yarışlar eyni şəhərdə - paytaxtda baş tutmuşdu. Bu dəfə paytaxtdan kənarda keçirilən idman tədbirləri təkcə Krakov deyil, bir sıra şəhərlərdə təşkil olunacaq.
Açılış və bağlanış mərasimləri kimi əksər idman növləri üzrə yarışlara Krakov ev sahibliyi edəcək. Digər 10 şəhərin hərəsi bir neçə idman növü üzrə mübarizəyə meydan olacaq.
Avropa Oyunlarının paytaxtında reqbi-7, basketbol 3x3, stolüstü tennis, kanoe-sıalom, kanoe-sprint, oxatma, qılıncoynatma, müasir beşnövçülük, triatlon, teqball və padel, həmçinin kikboksinq üzrə mübarizə gerçəkləşəcək.
Krjeşovitse velosipedçilərin BMX, Xojuv atletika, Krinitsa-Zdroy dağ velosipedi, cüdo, taekvondo, Novi Saç breyk-dans, Osviesim sinxron üzgüçülük, Rjejov suyatullanma, Tarnov badminton, çimərlik futbolu, çimərlik həndbolu, qayayadırmanma, Vrotslav atıcılıq, Zakopane tramplindən tullanma, Novi Tarq boks yarışlarına ev sahibliyi edəcək.
Krakov-2023-də 29 idman növündən başqa, nümunəvi çıxışların olduğu yarışlar da baş tutacaq. Dağ qaçışı, avtomobil idmanı, şahmat, əlil futbolu, sumo və idman səmti müəyyənetmə üzrə mübarizə yaşanacaq. Artıq Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Krakovda cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub.
Bakı-2015 və Minsk-2019-da uğurla çıxış edən Azərbaycan yığması Polşaya da geniş heyətlə yollanıb. Krakov-2023-də ölkəmizin şərəfini 13 növdə 86 idmançı qoruyacaq.
Bütün yarışlarda olduğu kimi, Krakov-2023-də də Azərbaycanın əsas medal ümidləri döyüş növləri ilə bağlıdır. Boksçular Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Alfonso Dominqes, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva və Aynur Rzayeva, karateçilər Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva, kikboksçular Elşad Şahbazov, Fərid Ağamoğlanov, muay-tay döyüşçüləri Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova, taekvondoçular Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova Avropa Oyunlarına mükafat qazanmaq üçün yollanıb. Cüdoçular Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova isə komanda yarışlarında tatami üzərinə çıxacaq.
İdmançılarımız digər növlərdə də uğur üçün mübarizə aparacaq. Qılıncoynatmada Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev, padeldə Nərminə Bağırova, Samirə Əliyeva, triatlonda Rostislav Pevtsov nəticə qazanmaq üçün çalışacaq.
Atıcılıqda Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı dəqiqliyini yoxlayacaq. Badmintonçular Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra və Era Məftuha, kamandan oxatmada Yaylagül Ramazanova Polşada medal qazanmağa çalışacaq.
Ölkəmiz Avropa Oyunlarında komanda idman növlərində də təmsil olunacaq. Çimərlik futbolu yığmamızın heyətində Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov və Kamran Qürbətov qələbələri sıralamaq üçün meydana çıxacaq.
86 nəfərlik yığmamızdan başqa, atletika komandamız da Krakov-2023-də mübarizə aparacaq. Ən çox təmsilçimiz də idmanın "kraliça"sındadır. Krakov-2023 çərçivəsində Komandalararası Avropa çempionatı baş tutacaq. Burada fərdi yarışlarda Avropa Oyunlarının 37 medal dəsti sahibini tapacaq.
Atletlər üç divizionda çıxış edəcək. Azərbaycan yığması sonuncu – 3-cü divizionda yer alıb. Xojuvda 15 idmançımız çıxış edəcək. Bunlar Nazim Babayev, Fəxriyyə Tağızadə, Aleksis Kopello, Yekaterina Sarıyeva, Anna Skidan, İsmayıl Əliyev, Əlhəm Nağıyev, Lamiyə Vəliyeva, İlahə Quliyeva, Cavid Məmmədov, Elman Abışov, Anna Yusupova, Aleksey Əliəkbərov, Əli Abdiyev və Qadir Qurbanovdur.
Krakov-2023 təkcə medal qazanmaq deyil, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə baxımından vacibdir. Boksda birbaşa lisenziyalar sahibini tapacaq. Ümumilikdə 44 boksçu Fransa paytaxtına vəsiqəni qazanacaq. Digər olimpiya idman növlərində isə lisenziya xalları veriləcək.
Qeyd edək ki, 2015-ci il 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakıda ilk Avropa oyunları keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin minlərlə idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilib. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0