CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimələr büdcəni doldurmaq üçün artırılır-Deputat

© Sputnik / Rahim MuradovCərimə yazan polis, arxiv şəkli
Cərimə yazan polis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Razi Nurullayev bildirib ki, avtoqəzaların qarşısını almaq üçün təkcə cərimələrin artırılması yox, yolların düzgün tənzimlənməsi, ikihərəkətli zolağın olması da vacibdir.
BAKI, 7 iyun — Sputnik. Ümumilikdə cərimələrin artırılması dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi daşıyır.
Bu sözləri Sputnik Azərbaycan-a millət vəkili Razi Nurullayev İnzibati Xətalar Məcəlləsinə Yol hərəkəti qaydalarının pozunmasına görə cərimələrin artırılması barədə dəyişikliyi şərh edərkən deyib.
Xatırladaq ki, ötən gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə Yol hərəkəti qaydalarının pozuntusuna görə bir sıra dəyişikliklər təklif olunub. Həmin dəyişikliklərdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə də cərimə artırılır.
Qüvvədə olan qanuna görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilədək müddətə məhdudlaşdırılır. Layihəyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Birtərəfli hərəkət yollarında əksinə hərəkətə görə cərimə artırılır
Layihəyə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə ediləcək. Hazırda bu cərimə 100 manat məbləğindədir.
Cərimələrin birdən-birə 50 faiz artırılması birmənalı qarşılanmır. Bəs görəsən yol hərəkəti pozuntularının, nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün cərimələrin artırılması çıxış yoludurmu?
Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı prosedur sərtləşdirilməlidir!
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəzaların baş verməsinin qarşısını almaq üçün təkcə cərimələrin artırılması kifayət deyil. Yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün sürücülərin təkmilləşdirilməsinə ehtiyac var.
"Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı prosedur sərtləşdirilməlidir. Təlim prosesi daha da ciddiləşdirilməlidir. Sağlamlıq haqqında arayışların alınmasına yenidən baxılmalıdır. Bununla belə cərimələrin artırılması da bunlardan biridir" - deyə E.Muradlı bildirib.
Ekspert deyir ki, işıqforu qırmızı işığında keçmək, sürət həddini əhəmiyyətli dərəcədə aşmaq, eləcə də narkotik maddələrin təsiri altında avtomobil idarə etmək kifayət qədər ciddi qayda pozuntularıdır:
"Bu kimi qayda pozuntularına tətbiq edilən cərimələrin məbləği artırılmalıdır ki, baş verməsin. Cərimələrin artırılmasına görə ancaq qaydaları pozanlar narahat olur".
Bəzi cərimələr artırılsa, yaxşıdır
Millət vəkili Razi Nurullayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi cərimələrin artırılması vacib olsa da, ümumilikdə cərimələrin artırılması dövlət büdcəsinə daxilolmaları artırmaq məqsədi daşıyır:
"Mən ümumiyyətlə cərimələrin artırılmasına qarşıyam. Amma alkoqollu içki, narkotik maddə istifadə edərək avtomobil idarə edənlərə qarşı nə qədər cərimələr artırılsa, mən etiraz etmərəm. Çünki, bir spirtli içki içən, psixotrop maddə istifadə edən şəxs 10-15 nəfərin həyatına son qoya bilər. Ona görə də, bəzi qayda pozuntulara görə cərimələr artırılsa yaxşıdır. Çox təəssüf ki, spirtli içki istifadə edib sükan arxasına əyləşənlərə tətbiq edilən cərimə artırılmayıb. Bu məbləğ elə 400 manat saxlanılıb. Oraya yeni bənd əlavə edilib. Bu da psixotrop və narkotik istifadə edib avtomobil idarə ədənlərə qarşı cərimənin 600 manat olmasıdır. Bununla belə mən spirtli içki qəbul edib sükan arxasına əyləşənlə psixotrop maddə istifadə edib avtomobil sürən arasında bir fərq görmürəm".
Yol qəzalarının qarşısını təkcə cərimələri artırmaqla almaq olmaz!
R.Nurullayev deyir ki, yollarda sürət həddinin aşılmasına görə tətbiq edilən cərimələrin artırılması isə yollarda baş verən avtoqəzaların sayının azalmasına səbəb olmayacaq. Onun sözlərinə görə, avtoqəzaların qarşısını almaq üçün yolların düzgün tənzimlənməsi, ikihərəkətli zolağın olması vacibdir.
"Ələt-Astara yolunun Salyan və Biləsuvardan keçən hissəsində hər gün 10-15 yol nəqliyyat hadisəsi olurdu. İndi Ələt-Astara yolu iki zolaqdan ibarətdir deyə, orada qəzaların baş verməsinə az rast gəlinir. Yol zolaqları baryerlərlə ayrılmalıdır ki, sürət həddini aşdıqda, ötmə əməliyyatı olduqda qəzalar baş verməsin. Hazırda bu yolla sürücülər rahat gedə bilirlər. Bu gün qəzalar daha çox birzolaqlı yollarda ötmə əməliyyatları zamanı baş verir. Bu şəkildə yolların tənzimlənməsi cərimələrin artırılmasından daha effektli nəticə verir"deyə deputat bildirib.
Cərimələr nə qədər artırılır?
Qeyd edək ki, Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib.
İnzibati Xətalar Məcəlləsi
Xatırladaq ki, Məcəllədə mövcud 328-ci maddə - Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma adlanır.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.
-Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - iki yüz əlli manat məbləğində cərimə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2023
CƏMİYYƏT
Sürücülərə "qara xəbər": Azərbaycanda yolda sürət həddini aşmağa görə cərimələr artırılır
Xəbər lenti
0