CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Trendyol"dan alınan hansı məhsulların Azərbaycana birbaşa karqosuna qadağa var?

© Depositphotos.com / PuhhhaGənc qız sifarişini alır
Gənc qız sifarişini alır - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Sosial platformada "Trendyol"a bu qadağanın ölkəmizdə monopolya siyasətinin bir hissəsi olduğu iddia olunsa da, "Starex" şirkəti deyilənlərlə razılaşmır.
BAKI, 13 may — Sputnik. Artıq bir neçə gündür Türkiyənin ən məşhur onlayn satış platformalarından biri olan "Trendyol" sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb. Türkiyədən Azərbaycana sifarişlərin birbaşa çatdırılması müştərilərin işini asanlaşdırsa da, bəzi geyim markaları ölkəyə göndərişi həyata keçirməyəcək. Buna səbəb həmin şirkətlərin ölkədə geniş ticarət şəbəkəsinin olması göstərilir. "Trendyol"un bu qadağası müştərilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə "Trendyol"a bu qadağanın ölkəmizdə monopolya meyllərinin təzahürü olduğu iddia olunur.
"Trendyol"un bəzi geyim markalarının Azərbaycana daşınmasına qoyduğu məhdudiyyət monopolyadır?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi geyim markalarının ölkəyə göndərişinin birbaşa həyata keçirilməməsi verilmiş göstərişlə bağlı ola bilər.

"Bir çox geyim markalarının Gürcüstanda da ticarət şəbəkələri var. Amma mən düşünmürəm ki, "Trendyol" Gürcüstana birbaşa çatdırılmada hansısa geyim markasına qadağa qoysun. Deməli, Azərbaycanla bağlı xüsusi bir qərar verilib. Bu, geyim markalarını Azərbaycana gətirib satan şəxslərin maraqlarına toxunmamaq məqsədi daşıyır", - deyə Natiq Cəfərli bildirib.

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Natiq Cəfərli
Ekspert onu da bildirib ki, bu gün "Alibaba" kimi məşhur onlayn satış platforması Çindən də geyim markaları satışını həyata keçirir:

"Onda belə çıxır ki, biz sabah "Alibaba" ilə tərəfdaşlığa başlasaq, Çindən geyim markalarının daşınmasına məhdudiyyət qoyulmalıdır ki, həmin ölkənin malları "Sədərək" Ticarət Mərkəzində də satılır? Bu məntiqsiz addımdır. Bu qərar Azərbaycanda yerli ticarət şəbəkələrinin maraqlarını müdafiə üçün verilmiş çox səhv qərardır".

N.Cəfərlinin fikrincə, "Trendyol" bu qərarı özü sərbəst qəbul etməyib, bu məsələdə ona müəyyən tapşırıq olub.
"Çünki, "Trendyol" bu zaman müştəri və gəlir itirir. "Trendyol" un özünə qalsa, belə bir qərar verməsi mümkün deyil" deyə Natiq Cəfərli bildirib.
İqtisadçıının qənaətinə görə, belə davam edərsə, sifarişlər başqa ölkələr üzərindən veriləcək. Yaxud da, "Trendyol"un birbaşa çatdırılması xidmətindən istifadə edilməyəcək.
"Trendyol"un rəsmi tərəfdaşı iddialarla razılaşmır
"Trendyol"un Azərbaycanda yeganə birbaşa daşıma tərəfdaşı olan "Starex" şirkəti isə bu iddialarla razılaşmır. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Trendyol" onlayn satış platforması üzərindən bəzi geyim markalarının ölkəyə göndərişinə məhduduyyətin qoyulması "Trendyol" un daxili siyasəti ilə bağlıdır.

"Biz nə sifariş varsa, onu daşıyırıq. Bizim bu qərarın verilməsində heç bir rolumuz yoxdur. Yəqin ki, bəzi markaların satış qaydaları, məhsulun həcmi ilə bağlı müəyyən filtirasiya tətbiq edilib. Əksinə, biz gözləyirik ki, ölkəyə daşınmasına icazə verilən markaların və məhsulların sayı artsın", - deyə şirkət səlahiyyətlisi bildirib.

Onun sözlərinə görə, Azərbaycana birbaşa daşınması mümkün olan məhsulların çeşidlərinin artırılması gözlənilir. P.Əzimov deyir ki, bu qərarı "Trendyol" özü verir:
""Starex" sadəcə müştəri nəyi sifariş verirsə, onun daşınmasını həyata keçirir. Yəni, biz prosesin daşınma hissəsində iştirak edirik. Loru dildə desək, bizə nəyi verirlərsə, biz onu gətiririk. "Trendyol"da filtirasiya qaydalarının bizə bir aidiyyatı yoxdur. Ola bilər ki, "Trendyol" hansısa marka ilə razılaşmayıb".
Azərbaycana "Trendyol" üzərindən hansı məhsulları birbaşa gətirmək olmaz?
Həmsöhbətimiz bildirib ki, hazırda Azərbaycana daşınması mümkün olmayan təkcə bəzi geyim markaları deyil. O, bildirib ki, maye məhsullarının da "Trendyol" üzərindən alınaraq ölkəmizə daşınması mümkün deyil.
O, buna səbəb kimi maye məhsullarının hava yolları şirkətləri vasitəsilə karqosunun Azərbaycana həftədə iki dəfə həyata keçirildiyini göstərib.
Bildirib ki, digər məhsulların hər gün karqosu olduğu halda, maye məhsulların həftədə iki dəfə karqosunun həyata keçirilməsi onların daşınmasını gecikdirir. Bu səbəbdən də hələ ki, maye məhsulların daşınması mümkün deyil. Həmsöhbətimiz yaxın gələcəkdə ölkəmizə maye məhsulların da "Trendyol" üzərindən alınaraq karqosunun mümkün olacağını söyləyib.
O, "Trendyol"la böyük məişət əşyaları, mebellərin, soyuducu kimi iri məişət əşyalarının da daşınmasının hələ ki, mümkün olduğunu söyləyib.
P.Əzimovun sözlərinə görə, bununla belə müştərilər Azərbaycana birbaşa daşınması mümkün olmayan məhsulları digər karqolar vasitəsilə onlayn alıb ölkəmizə sifariş verə bilər. Bu zaman karqo şirkətinin Türkiyə ünvanını göstərərək onu Azərbaycana gətirmək mümkündür. Amma həmin məhsulun birbaşa Azərbaycana daşınması mümkün deyil.
© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidSifarişlərin qəbulu
Работа почты, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Sifarişlərin qəbulu
Daşınma qiymətləri bahalaşacaqmı?
Şirkət rəsmisi Azərbaycana daşınma qiymətlərinin bahalaşacağı barədə iddialara da münasibət bildirib. Deyib ki, hazırda birbaşa daşınma qiymətləri ilk açıldığından da ucuzdur. Belə ki, əvvəl bu rəqəm 59 TRY olubsa, hazırda 39 TRY dir:
"Bu gün "Trendyol" çəki və həcm fərqi olmadan 1 markadan alınan mallar üçün vahid daşınma tarifi təklif edir. Bu, hazırda 59,99 TRY-dir (5,22 AZN). Yəni siz 50 qramlıq məhsul alsanız da, 100 kiloluq məhsul alsanız da, daşınma 59.99 TRY-dir. Gələcəkdə bu qiymət dəyişə də bilər. Karqo şirkətləri isə müxtəlif çəki aralıqları üçün fərqli qiymətlər təklif edir. Məsələn, 0-100 qram üçün "Starex"də qiymət 0,95 USD-dir (1,61 AZN)".
O, qiymətlərin dəyişməsinin "Trendyol"un Türkiyə daxilində karqo qiymətlərinin tez-tez dəyişiklik olması ilə əlaqələndirib.
P.Əzimov deyir ki, hətta bəzən müəyyən çeşid məhsulların daşınması tam pulsuz da olur:

"Danışılırdı ki, daşınma qiymətləri bir həftəyə qalxacaq. Amma əksi müşahidə olundu. Qiymətlər 59 TRY-dən 39-TRY-ə düşdü. Bu onların satışı stimullaşdırmaq üçün kampaniyalarından asılıdır".

"Trendyol" Azərbaycanda 200 karqo şirkəti arasında niyə məhz "Starex"-i seçdi?
O ki, qaldı "Trendyol"un Azərbaycanda fəaliyyət göstərən 200-ə dək karqo şirkəti arasında niyə məhz "Starex" şirkətini seçməsi ilə bağlı şübhələrə, sualımıza P. Əzimov belə cavab verib:
""Trendyol" beynəlxalq bir şirkətdir. Mən əminəm ki, onlar Azərbaycanda digər karqo şirkətləri ilə də görüşüblər. Yəqin ki, onları tələblərinə hələ ki, cavab verən bizim şirkət olub. Ona görə də bizi seçiblər. Bizim sistemimizin tam hazır olması bizə üstünlük yaradıb. Amma bizim "Trendyol" la hər hansı müqaviləmiz yoxdur ki, Azərbaycana birbaşa daşınmada seçdikləri tərəfdaş gələcəkdə də "Starex" şirkəti olacaq. Bəlkə də bir neçə aydan sonra Azərbaycandakı digər karqo şirkətlərindən hansısa "Trendyol"un standartlarına cavab verdiyindən, onlarla əməkdaşlıq ediləcək".
Başqa karqo şirkətləri iflasa uğraya bilər
"Trendyol"dan alınan məhsulların birbaşa çatdırılması xidmətinin digər karqo şirkətlərinin fəaliyyətinə necə təsir edəcəyinə gəldikdə, P.Əzimov bunun bazar payının böyüyüb-böyüməyəcəyindən asılı olacağını bildirib. Amma o, ümumilikdə karqo şirkətlərinin sistemlərini beynəlxalq standartlara uyğunlaşdırmalı olduğunu söyləyib. Bildirib ki, ölkəmizə birbaşa daşınma karqo şirkətlərinin fəaliyyətinə müəyyən qədər mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda rəqiblərinin olacağı da gözləniləndir.
Birbaşa daşımalara maraq böyükdür
Həmsöhbətimiz bildirib ki, may ayının 3-dən etibarən "Trendyol"dan sifarişlərin birbaşa Azərbaycana gətirilməsinə başlanılıb. O, birbaşa daşımalara marağın kifayət qədər olduğunu söyləyib. Lakin, rəqəm söyləməyin mümkün olmadığını, bunun biznes sirri olduğunu bildirib.
Qeyd edib ki, daşımaların çatdırılma müddəti müştərinin məhsulu bəyan etməsindən asılıdır. Şirkət səlahiyyətlisi deyib ki, "Trendyol"un verdiyi müddət altı gündür, amma "Starex"lə birbaşa daşıma ilə sifariçlərin 4,5 gün müddətinə çatdırılması mümkündür.
Qeyd edək ki, artıq Azərbaycandan "Trendyol" onlayn satış platformasından alınan məhsulların birbaşa Azərbaycana daşınması mümkündür. Azərbaycan vətəndaşları "Trendyol" saytına daxil olarkən onlara yeni seçim təklif edilir. Ya məkan olaraq Türkiyəni seçib əvvəlki qaydada karqo şirkətləri ilə sifariş etmək, ya da Azərbaycanı qeyd edib məhsulları ev ünvanı və ya yaxınlıqdakı məntəqələrdən götürmək təklif olunur.
Xatırladaq ki, Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan "Trendyol"Azərbaycan bazarında işləmək üçün PAŞA Holdinq ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Beləcə, elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol Azərbaycan bazarına daxil olub.
"Trendyol" və PAŞA Holdinq arasında imzalanan müqavilə ilə Azərbaycan bazarında elektron ticarət sektorunda fəaliyyət göstərəcək müştərək şirkət yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bağlamalar - Sputnik Azərbaycan, 1920, 24.02.2023
CƏMİYYƏT
Dövlət Xidmətinin "Trendyol"la bağlı "haqsız rəqabət" söhbəti ölkəni silkələdi
Xəbər lenti
0