CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdə tullantıları necə toplamalı - Quyu qazan bələdiyyələr üçün başqa çarə varmı?

© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik, arxiv şəkli
Şəmkirdə zibillik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Kəndlərdə zibillər quyulara gömülür, həyatyani sahələrdə yandırılır, halbuki bu zibilləri toplamaqla həm ekologiyanı qorumaq, bundan enerji əldə etmək, həm də işçi qüvvəsi, yeni iş yerləri yaratmaq mümkündür.
BAKI, 1 may — Sputnik. Statistik məlumatlara görə, ötən il ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox tullantı əmələ gəlib və onların 66,7 faizini bərk məişət tullantıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Bu gün bütün dünyada ağıllı və daha dayanıqlı idarəetmə üsuluna keçildiyi, zibildən enerji, böyük gəlir əldə edildiyi halda Azərbaycanda paytaxtdan kənar ərazilərdə, yəni rayon, kənd və qəsəbələrdə vəziyyət çox acınacaqlıdır.
Kənd sakinləri də vəziyyətdən narahatdır. Belə ki, kənd yerlərində zibillər qalaqlanaraq həyətyanı sahələrdəki quyularda yandırılır.
Şəki rayonu, Böyük Dəhnə kəndinin keçmiş bələdiyyə sədri Kərəm Mürsəlov bir kənd sakini olaraq vəziyyətdən gileylidir.
"Əvvəllər bu problem daha ciddi idi, hazırkı bələdiyyə sədri qismən də olsa bu problemi aradan qaldırır. Bu iş üçün traktor da ayrılıb. Kənd sakinləri zibili təhvil verir, traktor vasitəsi ilə onlar daşınır və lazımi yerə tullanılır. Lakin zibil qutuları olarsa, daha yaxşı olar. Artıq XXI əsrdir, kənd sakinlərinin də həyatı asanlaşdırılmalıdır. Kənd olanda nə olar ki?!", - deyə keçmiş bələdiyyə rəhbəri bilriri.
Həmsöhbətimiz özü bələdiyyə sədri olduğu dövrdə kəndin bir kənarında quyu qazdırıb ki, zibillər həmin ərazidə qalaqlansın:

"Çökəklik olan hissədə dərə var idi, orada zibillərin qalaqlanması üçün yer ayırmışdım. Zibillər orada yandırılırdı. Hazırda da zibillər həmin əraziyə tullanılır. Vəziyyətin bu həddə olmasının səbəbi bələdiyyələrin imkanlarının məhdud olmasıdır. Bələdiyyə sədri öz maaşını güclə verir. Torpaq vergisi var. Hər torpağa görə də ən çoxu 10 manat vergi yığa bilərik. Bu on manat torpaq vergisi ilə camaatdan nə qədər pul yığmaq mümkündür?! Bələdiyyə torpaqları var, onu alan, istəyən yoxdur. Bələdiyyənin işi çətindir. Dövlət tərəfindən vəsait ayrılmalıdır ki, bu problemlər də aradan qaldırılsın".

Problemlər vəsaitin ayrılmamasından qaynaqlanır
"Müəllim olmuşam, məktəbdə işləmişəm, sonradan on il bələdiyyə sədri olmuşam. Bu müddətdə bacardığımı etməyə çalışdım. İşlər qaydasında olmadığı üçün 2020-ci ildə öz istəyimlə bu işdən ayrılmışam. Çünki bu sahəyə dövlət dəstəyi, yardımı lazım idi. Hələ o zaman bələdiyyəmizə 23 min manat vəsait ayrılırdı. Gördüyümüz işlərə görə müxtəlif fondlara vəsait ödəməli olurduq. Hər bir işçiyə görə vergi ödəyirdik. Nə normal maaş ala bilirdik, nə də ki, normal iş görə bilirdik", - deyə o əlavə edib.
Şəkinin Orta Zəyid kənd bələdiyyə sədri Novruz Musayev deyir ki, zibillərin basdırılması üçün bir neçə quyu qazıblar:
"Biz yaşayış məntəqəsindən aralıda dörd poliqon qazmışıq. Quyular dolduqca yenilərini qazıb poliqon kimi istifadə edirik. Lakin ərazimizdə heç bir ədəd də zibil qutusu, zibil yığan maşın yoxdur. Bələdiyyəmizin vəsait ayırıb maşın almağa imkanı yoxdur. Əhali özü zibilləri yığaraq həmin ərazilərə daşıyır".

"Bir dəfə bizim qonşu kəndə zibil qutusu qoydular, amma bunun heç bir mənası olmadı. Mənzil Kommunal İstismar İdarəsi əhali ilə müqavilə bağlamışdı. Buna görə aylıq 2-3 manat pul ödənilməli idi. Sakinlər isə heç bir vəsait ödəmədilər və bu qutular yığışdırıldı", - deyə həmsöhbətimiz əlavə edib.

Bələdiyyə sədri qeyd edir ki, hazırda maarifləndirmə işləri aparılır:
"İstəyirik ki, kəndimizə zibil qutuları qoyaq, lazım olan aylıq vəsait də yığılaraq ödənilsin".
© Sputnik / Ilham MustafaŞəmkirdə zibillik
Şəmkirdə zibillik - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Şəmkirdə zibillik
Qax rayonu Ləkit kənd bələdiyyə sədri Abdulla Kazımov isə bildirib ki, ayda iki dəfə yığılan zibillərin evlərdən toplanması üçün maşın təşkil olunur:

"Bir "QAZ 53" maşınımız var, ayda iki dəfə kəndi gəzərək zibillər toplanılır və sovet dövründən qalan quyumuza atılır. Sonra bu quyunun üstünü torpaqla örtürük. Bunun üçün sakinlərdən heç bir manat da olsa ödəniş alınmır".

"Onun sözlərinə görə, elə sakinlər də var ki zibili öz həyətində utilizasiya edir.
Nə zamansa çevrilib bələdiyyələrə də baxan olar
O qeyd edir ki, bələdiyyələrə vəsait verilməlidir. Bu vəsait verildikdən sonra da onlar bu istiqamətdə müəyyən işlər görəcəklər:

"Bələdiyyə sədri olaraq 450 manat maaş alırıq, elə işlərimizi də bununla "aşırırıq". Ümid edirik ki dövlət nə zamansa çönüb bizə də baxar".

Bələdiyyə işçisi də vəziyyətdən gileylidir
Balakən rayonu Qaysa kənd bələdiyyəsindən bildirilib ki, özləri də şəxsən həyətyanı sahələrində zibili yandırırlar:
"Poliqonlarımız yoxdur. Poliqon üçün yer ayrılmalıdır. Torpaq sahəsinin təyinatı olmalıdır".
Bir sözlə hazırda bələdiyyələr yalnız quyu qazmaqla məşğuldurlar. Onlar yanız bu yolla problemə əlac tapmağa çalışırlar.
Məsələnin çox sadə həlli yolu var
Ətraf mühit üzrə Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu vəziyyətlə mübarizə aparmaq üçün öncə kənd yerlərində tullantıların azaldılmasına çalışmalıyıq:

"Məsələn, meyvə-tərəvəz kimi tullantıları həyətyanı ərazidə gübrəyə çevirmək olar. Plastik tullantılar, batareylar, kağız kimi tullantılar isə ayrı-ayrı zibil qutularında yığılaraq çeşidlənməlidir. Yalnız çeşidlənmədən sonra emal haqda düşünmək olar. Prinsipcə bu işi təşkil etmək çətin deyil. Yerli icra qurumları da gücləndirilmiş işə keçməlidir".

© Photo : From the personal archive of Rovshan AbbasivRövşən Abbasov
Rövşən Abbasov - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Rövşən Abbasov
"Lakin təəssüf ki, kənd yerlərində bu zibillər açıq şəkildə yandırılır. Bəzən görməli yerlərdə ürəkbulandırıcı mənzərələrin şahidi oluruq", - deyə həmsöhbətimiz əlavə edir.
Ekspert bildirir ki, Balaxanıda olduğu kimi, Bakıdan kənar rayon və şəhərlərdə də zibillərin qəbulu və çeşidlənməsi üçün məntəqə yaratmaq olar:

"Buna çox böyük ehtiyac var. Bu yolla kağız, plastik və digər tullantılara ikinci nəfəs vermək olar".

Tullantıların emalı nə veriri
Halbuki bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da təkcə paytaxtın deyil, digər rayon və şəhərlərin kənd və qəsəbələrinin hesabına zibil yığıb, təkrar emal edib bundan pul qazanmaq, yeni müəssisələr açmaq, işsizləri işlə təmin etmək olar. Bununla həmçinin resurslara da qənaət etmək olar.
Necə?
Hər dörd ton tullantı bir ton neftlə eyni enerji dəyərinə malikdir;
Bir ədəd şüşə butulkanın emalı zamanı qənaət edilən enerji 100 vattlıq lampanın 4 saat ərzində yanmasını təmin etmək olar;
Təkrar emal edilmiş 670 şüşə butulkadan bir velosiped hazırlamaq olar;
Bu gün Norveçin paytaxtı Oslo kimi iri şəhərlər məhz zibildən əldə olunan enerjinin sayəsində isidilir, qazanxanaların gücü daha da artırılır;
Bir sıra ölkələrdə zibilin miqdarına görə əhaliyə pul da verilir.
Bundan başqa...
Təkrar emal zamanı yeni xammalın əldə edilməsi və emalı üçün daha az enerji sərf edirik ki, bu da daha az karbon emissiyası yaradır. Atmosferə atılan karbon qazının və digər istixana qazlarının azaldılması fəlakətli iqlim dəyişikliyinin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.
Təkcə paytaxtda deyil, digər rayon və şəhərlərin, kənd və qəsəbələrin də tullantılarını toplamaqla ekosistemi, ekologiyanı da qorumuş olarıq.
© Sputnik / Irade JELILZibil qutuları, arxiv şəkli
Zəli gölünün ətrafı - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Zibil qutuları, arxiv şəkli
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yaranan 2658,3 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal edilib.
Ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 faizi ölkə daxilində satılıb, 3,8 faizi ixrac olunub, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 8,5 faiz olub. Tullantıların 63,1 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən Provive MMC - Sputnik Azərbaycan, 1920, 30.03.2023
İQTİSADİYYAT
Qida tullantılarının azaldılmasında bu "kukla"lar imdadımıza çatacaq - FOTO VİDEO
Xəbər lenti
0