Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qida tullantılarının azaldılmasında bu "kukla"lar imdadımıza çatacaq - FOTO VİDEO

© Photo : courtesy of Soltan QuliyevHacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən "Provive" MMC
Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən Provive MMC - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Hər il itkiyə gedən və ya israf edilən ərzaq istehsalı üçün istifadə olunan suyun ümumi həcmi Rusiya Federasiyası ərazisindən axan Volqa çayının illik axın həcminə bərabərdir.
BAKI, 30 mart — Sputnik. Dünya əhalisinin sayı artsa da, təbii resurslar məhdudlaşmaq üzrədir. Əhalinin sayının 1800-cü illə müqayisədə 1 milyarddan 7,9 milyardadək artması, 2050-ci ilə qədər dünya əhalisinin sayının 9,9 milyarda çatacağı ilə proqnozların verilməsi resurslara tələbatımızı artırır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, adambaşına düşən qida tullantısının illik həcmi 74 kilodur. Bu isə ümumilikdə 570 milyon ton deməkdir. Mövcud vəziyyətlə mübarizə aparmaq üçün artıq bir çox ölkələr tullantıdan da qazanc əldə etməyə, vəziyyətdən çıxış yolu tapmağa başlayıblar.
Azərbaycanda vəziyyət nə yerdədir?
Öncə beynəlxalq hesabata istinadən qida tullantısı ilə bağlı ölkədəki vəziyyətə nəzər yetirək:
BMT-nin "Qida Tullantıları İndeksi 2021" ("Food Waste Index") hesabatında son olaraq açıqlanan rəqəmlərə görə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida tullantısı düşür ki, bu da ümumi olaraq təxminən 935 min ton qida tullantısı deməkdir. Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub. Həmin göstərici ilə Azərbaycan aşağı nəticəli "az etibarlı" (low confidence) ölkələr qrupuna aid edilib.
Əhali ərzağa çox pul xərcləsə də, qənaət haqqında düşünməyi unudub
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda istehlakçılar 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində 52,2 milyard manat dəyərində mal, o cümlədən 29,4 milyard manat dəyərində ərzaq məhsulları, içki və tütün məmulatları və 22,8 milyard manat dəyərində qeyri-ərzaq məhsulları əldə ediblər. Bu isə o deməkdir ki, ölkədə istehlakçılar pulunun 51.6 faizini ərzaq məhsullarırna xərcləyir.
Lakin bir ümid işığı var - Ölkədə qida tullantılarının azaldılması üçün həll yollarından biri sürfələrdir, onlar bu işdə bizə yardımçı olacaq
Artıq Hacıqabulda tullantılardan gübrə istehsal olunur. Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən "Provive" MMC fəaliyyətə başlayıb.
Müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara 2-ci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq ki, nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.
İnvestisiya həcmi 2,3 mln. manata yaxın olan müəssisədə 20-ə yaxın daimi iş yeri yaradılacaq. Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir. "Provive" MMC-yə 2020-ci ilin fevralında Hacıqabul Sənaye Məhəlləsində rezidentlik statusu verilib.
Şirkətin direktoru Soltan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında fəaliyyətləri haqda ümumi məlumat verərək bildirib ki, şirkətin istehsal sahəsi 1 hektardır: "Artıq fəaliyyətimizə başlamışıq. İlk olaraq ölkədəki vəziyyəti analiz etməyə çalışırıq. Hər birimiz tullantının çox olduğunu bilirik, lakin bəzi yerlərdə rəqəmlərin nə qədər olduğunu dəqiq bilmirik. Xüsusən də bölgələrdən rəqəmlər əldə etmək çətindir. Çünki rayonlarda tullantılar yandırılır".
O bildirir ki, hələlik ki, loqistika ilə bağlı rayonlardan tullantıları yığmaq çətindir.
Həmsöhbətimiz artıq bəzi şirkətlərlə də danışaraq vaxtı keçmiş məhsulların əldə olunmasına nail olub: "Bundan başqa, fermalar, ət kəsilmə məntəqələri ilə də əlaqə saxlayırıq. Müəyyən müəsssisələr, obyektlər var ki, onlar bizim üçün bu ehtiyyatları saxlayır, poliqonlara atmırlar. İstəyirik ki, bir poliqon, anbar düzəldək və vaxtı keçən belə məhsulları gətirib burada saxlayaq. Artıq işimizi daha da genişləndirmək üçün utilizasiya ilə məşğul olan bir neçə şirkətlə də əlaqə saxlamışıq. Müxtəlif tullantı çeşidinə görə zibil qutuları olsa da, vətəndaşlar zibili necə gəldi atır və onları çeşidləmək çətinləşir".
© Photo : courtesy of Soltan Quliyev"Provive" MMC-nin direktoru Soltan Quliyev
Provive MMC-nin direktoru Soltan Quliyev - Sputnik Azərbaycan, 1920, 30.03.2023
"Provive" MMC-nin direktoru Soltan Quliyev
Sürfələrə və onların qidalanmasına gəlincə, müəssisə rəhbəri bildirir ki, saxlanılan sürfələr qida tullantıları ilə qidalanırlar: "Yəni, marketlərdən qayıdan süd, ət məhsulları və meyvə-tərəvəzlərlə qidalanırlar. Tullantıya çevrilmədən biz bu məhsullardan faydalı məhsul əldə edirik. Yəni sürfələr bu tullantıları yenidən emal edir. Əldə olunan məhsuldan isə "zoohumus" alınır və beləcə tullantı yaranmır. Qeyd edim ki, "zoohumus" orqanik gübrələrdir və əsasən də istixanalarda istifadə olunur".
"Vaxtı keçmiş qida məhsulları şəklində qida tullantıları, əmtəə görünüşünü itirmiş tərəvəzlər, meyvələr, qida tullantıları milçək sürfəsinə verilir. Yəni, üzvi tullantılar milçək sürfələri üçün təbii qidadır. Onlar tullantıları yeyərək sürfə kütləsini 14 gün ərzində 7000 dəfə artırır. Sürfə özü, heyvanların, quşların, balıqların qidalanmasında istifadə edilə bilən antiviral təsirə malik geniş amin turşusu spektrli heyvan mənşəli təbii bir proteindir. Sürfənin yeməyindən sonra qalanlar təbii üzvi gübrə "Zoohumus" adlandırılır. Nəticədə, biz tullantısız istehsal əldə edirik: qida tullantılarından başlayaraq nəticədə iki əsas məhsul alınır - sürfə şəklində bir protein və üzvi gübrə “Zoohumus”, - deyə həmsöhbətimiz əlavə edib.
Onların hazırda aylıq təxminən 30 ton sürfə istehsalı var: "Aylıq 30 ton sürfə əldə edirik ki, bu da təxminən 150 ton tullantıdır. Əldə olunan məhsuldan 100 tonadək gübrə əldə edəcəyik. İllik məhsulumuzu 1000 tona çatdırmağı panlaşdırırıq".
Bu sürfələr Amerika milçəkləridir, onlar bakteriya daşıyıcısı deyil, ümumiyyətlə, qidalanmırlar, sadəcə su və xüsusi siroplar içir: "Onların ömürləri 20 gündür, yumurta qoyur və bu yumurtalar da sürfəyə dönür. Onun böyüməsi 3 həftə çəkir. Sürfə sonradan "kukla"ya dönür, yaxud da "kukla" dönüb olur milçək. Bunların bir hissəsini dövr, digər hissəsini isə məhssul üçün böyüdürük. Ya soyuducularda saxlayırıq, ya da quruduruq. Bu xammalardan protein əldə edirik".
"Sürfələr qaralmaga başlayır, onlar tam qaralandan sonra xüsusi otağa qoyulur. Burada hərəkətsiz qalaraq “kukla”ya dönür. On gün ərzində həmin “kukla”lardan milçək çıxmağa başlayır. Lakin sırf məhsula görə bu sürfələri qaralmağa qoymuruq. Vaxtı çatanda onlar hobizatdan çıxarılır, ya qurudaraq soyuducuya qoyuruq”, - deyə o əlavə edib.
Qeyd edək ki, şirkət “Black Soldier Fly” milçəyinin sürfələrindən istifadə edərək qida tullantılarının emalı üçün innovativ texnologiyalardan isitfadə edirr. Bu texnologiya tullantılardan zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi kimi unikal məhsullar əldə etməyə imkan verir. Beləliklə, bu texnologiyanın tətbiqi tullantıları poliqonlara atılmadan, ekoloji cəhətdən təmiz tələb olunan məhsulları emal edərək onlara ikinci bir həyat verir. Beləliklə, atmosferə atılan zərərli tullantıların miqdarı azalır və nəticədə unikal xüsusiyyətlərə malik ekoloji cəhətdən təmiz, təbii, proteinlə zəngin məhsullar əldə edir.
© Photo : courtesy of Soltan QuliyevHacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən "Provive" MMC
Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən Provive MMC - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən "Provive" MMC
"PROVİVE" MMC-nin əsas vəzifəsi qiymətli məhsullar əldə etmək imkanı ilə mövcud mənbələrdən maksimum səmərəli istifadə etmək idi.
Qeyd edək ki, şirkətin yaranmasında KOBİA-nın da böyük dəstəyi olub.
FAO-nun məlumatına görə, Pərakəndə satış obyektlərindən tutmuş ev təsərrüfatlarına qədər hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir. Bütün qida tullantılarının 61 faizi – dünya üzrə təxminən 570 milyon ton – ev təsərrüfatlarının payına düşür və bu, hər birimizin hər il orta hesabla 74 kq qida israf etməyimiz deməkdir.
Digər zərrui məqama nəzər yetirək:
Hər il itkiyə gedən və ya israf edilən ərzaq istehsalı üçün istifadə olunan suyun ümumi həcmi (250 km3) Rusiya Federasiyası ərazisindən axan Volqa çayının illik axın həcminə bərabərdir - və ya Cenevrə gölündəki suyun həcmindən üç dəfə çoxdur.
Demək olar ki, 1,4 milyard hektar, yəni dünyada kənd təsərrüfatı təyinatlı torpaqların təxminən 30 faizinə bərabər torpaq sahəsi heç vaxt yeyilməyən qida istehsalı üçün istifadə olunur.
Dayanıqlı dünya konsepsiyasını həyata keçirmək üçün biz qida məhsullarının istehlakı və istehsalı vərdişlərimizi dəyişdirməliyik.
Xəbər lenti
0