Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda un və çörək yenidən ucuzlaşa bilər

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Keçən ay dünyada buğda qiymətləri istehsalın artması və ixracatçılar arasındakı güclü rəqabət nəticəsində 7,1 faiz ucuzlaşıb.
BAKI, 11 aprel — Sputnik. Dünyada taxılın qiyməti ucuzlaşır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi mart ayında 138,6 bənd təşkil edib. Bu, aylıq müqayisədə 8,2 bənd (5,6 faiz), illik müqayisədə 31,6 bənd (18,6 faiz) aşağıdır. Beynəlxalq buğda qiymətləri 7,1 faiz ucuzlaşıb.
Bəs maraqlıdır, dünyada buğdanın ucuzlaşmasının səbəbləri nədir? Azərbaycanda un və çörəyin qiyməti daha da ucuzlaşa bilərmi?
Qeyd edək ki, idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ötən ay Azərbaycanda un və çörəyin qiymətinin enməsinə səbəb olmuşdu.
Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda un və çörəyin qiymətinin ucuzlaşması davam edə bilər: "Dünyada taxılın ucuzlaşması ilə ölkəmizdə un və çörəyin qiymətinin daha da aşağı düşməsi mümkündür. Dünyada buğdanın ucuzlaşması bizə xeyirdir. Düzdür, ucuzlaşmanın yerli buğda istehsalçısına nisbətən ziyanı var, çünki hər kəs məhsulunu baha satmaq istəyir. Məsələn, keçən il dünyada buğdanın qiyməti bahalaşdı və yerli istehsalçılar daha çox buğda əkməyə başladılar. Başqa sözlə, dünyada buğdanın ucuzlaşması yerli istehsalı aşağı sala bilər. Amma ümumilikdə ucuzlaşma bizə xeyirdir, çünki buğdanı xaricdən alırıq".
Ekspertin sözlərinə görə, dünyada taxılın qiymətlərinə siyasi amillər də təsir göstərir.
Buğda niyə ucuzlaşır?
Qeyd edək ki, FAO-nun məlumatına görə, beynəlxalq buğda qiymətləri istehsalın artması və ixracatçılar arasındakı güclü rəqabət nəticəsində 7,1 faiz aşağı düşüb. Ukraynaya Qara dənizdən ixracı davam etdirməyə imkan verən “Taxıl sazişi”nin müddətinin uzadılması da qiymətlərin aşağı düşməsinə səbəb olub. Bundan başqa, Rusiyada güclü rəqabət bazarlarda qiymətin aşağı düşməsinə təsir göstərib. Avstraliyada yüksək istehsal proqnozları qlobal tədarük perspektivini daha da artırıb.
Buğda idxalı kəskin artıb
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 82 milyon dollar dəyərində 268,1 min ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı həcm ifadəsində 78 faiz, dəyər ifadəsində isə 57,8 faiz artıb. 2023-cü ilin fevral ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 543,58 manat təşkil edib.
Buğda istehsalı azalıb
2022-ci ildə Azərbaycanda 1 milyon 736,1 min ton buğda istehsal edilib. 2021-ci illə müqayisədə istehsal 7,9 faiz azalıb. Ötən il buğdanın məhsuldarlığı azalaraq 31,9 sentner olub. 2021-ci ildə məhsuldarlıq 32,9 sentner idi.
Ötən ay Azərbaycanda un və çörək ucuzlaşıb
Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma keçən ay çörəyin qiymətinin enməsinə səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır. Dövlət Xidmətinin məlumatına görə, monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.
Bu il ərzaqlıq buğda ilə özünütəminetmə tədbirləri üçün nə qədər vəsait nəzərdə tutulub?
Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib ki, Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat nəzərdə tutulub. Baş nazir deyib ki, 2022-ci ildə Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılıb.
Хлеб - Sputnik Azərbaycan, 1920, 14.03.2023
CƏMİYYƏT
Azərbaycanda un və çörək ucuzlaşdı - ŞAD XƏBƏR
Xəbər lenti
0