CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda un və çörək ucuzlaşdı - ŞAD XƏBƏR

© Photo : PxhereХлеб
Хлеб - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə unun qiymətlərinə təsirsiz ötüşməyib.
BAKI, 14 mart — Sputnik. Dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlər aparır.
Xidmətdən bildiriblər ki, monitorinq nəticələrinə əsasən, martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olunub.
Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35.5 manat – 37.2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40.7 manat – 41.5 manat təşkil edirdi.
Beləliklə, son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307.4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354.4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır.
Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.
Unun topdansatış qiymətlərinə dair məlumatlara buradan keçid etmək olar - https://competition.gov.az/storage/files/files/978/l0Ua9rcqWxSzrh1zO2zu3q1URQoOtgYaZU78vkDx.pdf
Ötən il unun qiyməti iki dəfə bahalaşıb
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu.
2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu.
Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi.
Xəbər lenti
0