Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: “Çempionatımızın səviyyəsinin yaxşılaşmasını istərdim”

© Sputnik / Murad OrujovQurban Qurbanov
Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 11.03.2023
Abunə olmaq
“Çempionatımızın səviyyəsinin yaxşılaşmasını istərdim”.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.
Ağdam klubunun baş məşqçisi Premyer Liqa klublarının hərtərəfli inkişaf etməsini arzuladığını bildirib: “Ölkə futbolunun daha yaxşı olması üçün çempionatın səviyyəsi yuxarı, klubların şəraiti yaxşı olmalıdır. Çox istərdim ki, özümüz də daxil olmaqla, bütün komandalarımız öz səviyyələrini daha da yaxşılaşdırsınlar. Həm azarkeş baxımından, həm də digər futbol ölkələrindən çempionatımıza maraq daha böyük olmalıdır. Düşünürəm ki, get-gedə xeyli dəyişikliklər olur, məşqçilərimiz çox yaxşı səviyyəyə gəliblər. İstənilən rəqibə qarşı hər oyun bizim üçün asan keçmir. Həm texniki, həm də taktiki cəhətdən çox düşünürlər. Bizə qarşı düzgün oyun qurmağı bacarırlar. Bu məni sevindirir”.
51 yaşlı mütəxəssis “Səbail” önündə yaxşı oyuna görə futbolçularını təbrik edib: “Çox vacib 3 xal qazandıq. Komandamızın oyunundan razı qaldım. Topla çox tez və dinamik rəftar edirdilər. Hücumda olmağımıza baxmayaraq, müdafiədə daha çox diqqətli oynadıq. “Səbail”in sürətli əks-hücumlara keçən yaxşı futbolçuları olduğunu bilirdik. Matçın sonlarında futbolçularda bir az rahatlıq yarandı. Amma ümumilikdə yaxşı oyun keçirdik. 3:0 hesablı qələbəyə baxmayaraq, bizim üçün asan olmadı. Elə çox qol epizodu da yaratmadıq. Çempionatın lideri ilə sonuncu pilləsindəki komanda üz-üzə gəlsə də, elə böyük fərq hiss olunmadı. Çempionatda hər bir komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Büdcə, şərait fərqi ola bilər. Amma futbol elə səviyyəyə gəlib ki, hər bir komanda istənilən rəqiblə mübarizə apara bilir”.
Qurban Qurbanov ikinci pillədəki “Sabah”ı 9 xal qabaqlamalarına baxmayaraq, hələ çempionluğu təmin etmədiklərini söyləyib: “Qarşıda hələ 10 oyun var, bu da 30 xal deməkdir. Bizi gərgin matçlar gözləyir. İstənilən görüşdə xal itirə bilərik. Bəli, çempion olmaq istəyirik, mövsümboyu bunun üçün çalışırıq. Amma bu gün çempionluq hələ təmin olunmayıb”.
O, martın 24-də Avstriya, 27-də isə İsveçlə AVRO-2024-ün seçmə mərhələsində qarşılaşacaq Azərbaycan millisi ilə bağlı düşüncələrini də bölüşüb: “Millimizə uğurlar arzulayıram. İstənilən şəraitdə inamla baxmalıyıq. Bütün futbolçularda böyük beynəlxalq təcrübə var. Rəqiblərimizə real baxmalıyıq. Bizdən illər boyu xeyli sayda oyunçu yığmaya gedib. Bu dəfə də kimləri dəvət edəcəklər, onlar da yığmaya gedəcəklər. Futbolçularıma da dəfələrlə demişəm ki, millidə ən yaxşılardan olmalıdırlar”.
Qurban Qurbanov futbolçuları Ramil Şeydayev və Filip Ozobiçlə bağlı yayılan transfer xəbərlərinə də qısaca münasibət bildirib: “Qarşıda hələ bir neçə ay vaxtımız var. Mövsümün sonunda oyunçuların özləri ilə bu barədə görüşəcəyik”.
Baş məşqçi yenidən zədələnən yarımmüdafiəçilər Yassin Benziya və Adama Diakabinin durumundan narahatlığını gizlətməyib: “Diakabi və Benzianın hələ formada olmaması məni darıxdırır. Planlarıma görə, bu gün hər iki futbolçu çox yaxşı səviyyədə olmalı idi. Təəssüf ki, mikrozədələr buna mane oldu. Zədələnmə ehtimalından da çox ehtiyatlanırdıq. Sanki çox ehtiyatlandığımız üçün belə oldu. Çox istərdim ki, bundan sonra zədələnməsinlər. Biz yenə səbir edərik. Başqa oyunçularla sığortalamağa çalışırıq. İstənilən halda belə potensiallı futbolçuların tez formaya düşməsini hər bir məşqçi istəyər”.
O, Türkiyə klubu “Beşiktaş”la xeyriyyə xarakterli yoldaşlıq görüşü keçirilməsi variantının hazırda aktual olmadığını sözlərinə əlavə edib: “Bildiyim qədərilə “Beşiktaş”la danışığımız olmayıb. Digər təkliflər varsa, yaxın günlərdə bilinəcək. Hamımız istərdik ki, xeyriyyə xarakterli oyunun keçirilsin. Məsələ ciddi olduğu zaman klub tərəfindən məlumat veriləcək”.
Xəbər lenti
0