CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın kərə yağı idxalı artıb, yerli istehsal azalıb - İNFOQRAFİKA

© Sputnik / Murad OrujovKərə yağı
Kərə yağı - Sputnik Azərbaycan, 1920, 28.01.2023
Abunə olmaq
Ötən il kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsində 37.1%, miqdar ifadəsində 23.5% artıb. Keçən ay idxal kərə yağı 20 manatdan yuxarı satılıb.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanın kərə yağı idxalı artıb, yerli kərə və duru bitki yağlarının istehsalı isə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycana 108 milyon 182 min dollar dəyərində 18 min 563 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2021-ci illə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsində 37.1%, miqdar ifadəsində 23.5% artıb.
İstehsal aşağı düşüb
Ötən il Azərbaycanda kərə yağının və duru bitki yağlarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2022-ci ildə ölkədə 24 min 733.3 ton kərə yağı, 48 min 544.2 ton duru bitki yağı istehsal olunub. Bu göstəricilər 2021-ci ilə nisbətən müvafiq olaraq 8.3% və 7.3% azdır.
Marqarin istehsalında isə artım olub. Ötən il ölkədə marqarin istehsalı illik müqayisədə 25% artaraq 59 min 469.6 ton təşkil edib.
İdxal kərə yağı 20 manatdan yuxarı satılıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabr ayında Azərbaycanda xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta satış qiyməti 20,16 manat olub. Ötən ay yerli kərə yağının qiyməti isə 19,04 manat olub. Ümumiyyətlə, ötən il kərə yağının qiymətində artım müşahidə edilib.
Ərzaq üzrə ƏDV azaldılsa, qiymət aşağı düşə bilər
İqtisadçı Natiq Cəfərli bildirib ki, xaricdən Azərbaycana kərə yağı gətirənlərin sayı nə qədər çox olsa, rəqabətli mühit qiymətlərin tənzimlənməsində, aşağı düşməsində daha önəmli rol oynaya bilər. Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər indiki halda qiymətlərin daha çox bahalaşmasının qarşısını alır:

"Başqa sözlə, bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Əgər bu addım atılmasaydı, ölkədə kərə yağının qiyməti mövcud qiymətdən daha da baha olardı. Ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə təsir etmək üçün ən azından bu məhsullardan alınan 18 faizlik əlavə dəyər vergisini (ƏDV) ləğv etmək və yaxud xeyli azaltmaq olar. Məsələn, ərzaq məhsulları üzrə ƏDV 2 faizədək azaldılsa, bu, qiymətlərin aşağı düşməsində ciddi rol oynaya bilər".

© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Natiq Cəfərli
Nazirlər Kabineti kərə yağının qiymətinin artmaması üçün qərar qəbul edib
Xatırladaq ki, 2021-ci ilin sonunda Azərbaycana idxal olunan kərə yağı və komponentlərinə tətbiq olunan gömrük rüsumları ilə bağlı güzəştlər daha iki il uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Güzəştlər 2023-cü ilin sonunadək uzadılıb. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bu məhsulların idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib.
Qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 01.01.2023-cü il vəziyyətinə ölkədə 84 ton hazır kərə yağı, 5948.7 ton hazır duru bitki yağı, 6794.6 ton hazır marqarin ehtiyatı var.
2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 min 34 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Yağ, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.07.2019
CƏMİYYƏT
Yağ alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Xəbər lenti
0