BAKI, 5 iyul — Sputnik. Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapmışdır. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.
Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.
Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.
Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, altsheymer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilmişdir.
Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.
Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulmuşdur.
Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.