Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Su kəmərində qəza niyə baş verib? "Azərsu"dan açıqlama

© Photo : REPORTKür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Abunə olmaq
Anar Cəbrayıllının sözlərinə görə, bu kəmər sovet dövründə çəkilib, uzun müddət istismar olunub, hər il bir neçə dəfə müxtəlif yerlərində qəzalar baş verib.
BAKI, 15 oktyabr - Sputnik. Hadisə dünən gecə saat 12-1 aralığında baş verib. Bizim operativ şöbəyə məlumat daxil olan kimi dərhal Səngəçal stansiyasından su verilməsi dayandırılıb. Əraziyə qəza briqadalarımız göndərilib. Çox böyük həcmdə su dağılıb, həm ətraf əraziləri, həm də Bakı-Qazax yolunu subasma halları baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində partlamasının səbəblərindən və görüləcək tədbirlərdən danışıb:
“Hadisə nəqliyyatın hərəkətinə pis təsir göstərib. Mütəxəssislərimiz hadisə yerində olublar. Qərara alınıb ki, qəzanın miqyası müəyyən olunsun, xəttin təmirinə və ya dəyişdirilməsinə qərar verilsin. Qeyd edim ki, bu müddətdə əhalinin içməli su təchizatına heç bir problem yaşanmayacaq. Çünki bu istiqamətdə bizim Bakı şəhərinə iki magistral su kəmərimiz daxil olub: “Kür-3” və “Kür-1” xətti. Qəza “Kür-3” xəttində baş verib, ancaq “Kür-1” xətti tam işlək vəziyyətdədir”.
Qurum rəsmisi vurğulayıb ki, hazırda Lökbatan qəsəbəsi, 20-ci sahə deyilən ərazi, Hacıqabul şəhərinin kəndləri, Binəqədi və Qaradağ rayonunun bəzi ərazilərinə həmin o kəmərlə suyun verilməsi təmin olunub:
“Eyni zamanda əks-istiqamətdə Oğuz, Qəbələ və Ceyranbatan xətlərindən də suyun verilməsi həyata keçiriləcək ki, ictimai su təchizatında problem yaşanmasın. Bu kəmər sovet dövründə çəkilən kəmərdir, uzun müddət istismar olunub, hər il bir neçə dəfə müxtəlif yerlərində qəzalar baş verib. Biz də hər il qəzanın baş verdiyi hissələri yeniləmişik. İndi isə xəttin digər hissələri yenilənəcək. Çünki sovet dövründə çəkilmiş və şoran torpaqdan keçən xətdir. Hazırda Bakı şəhərində digər mənbələrdən də normal qaydada su verilir. Kür-Bakı su kəməri 1970-ci ildə istismara verilib. Yenilənməyə ehtiyac var və yenilənəcək. Çünki Kür su kəməri Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatında müstəsna yeri olan mənbədir”.
Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev də hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, gecə saatlarında magistral su xəttində baş verən qəza səbəbindən Lökbatan dairəsi yaxınlığında avtomobil yoluna axan su avtomobillərin hərəkətində çətinlik yaradıb. Hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür:
“Hazırda qəza səbəbindən Lökbatan qəsəbəsindən keçən yolun 19-cu kilometrliyində polis əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışırlar. Qısa zaman ərzində yolda nəqliyyatın hərəkəti tam bərpa ediləcək”.
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza - Sputnik Azərbaycan, 1920, 15.10.2022
HADİSƏ
Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basıb
Xəbər lenti
0