CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyin bahalaşması davam edəcəkmi? Ekspertlər ölkəni narahat edən problem barədə

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Un və çörəyin qiyməti qalxıb. Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması üçün monitorinqlər aparır. İqtisadçılar bahalaşmanın səbəbləri, sonrakı vəziyyət barədə Sputnik Azərbaycan-a danışıblar.
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 5 qəpik qalxaraq 55 qəpik, 600 qramlıq çörək 65 qəpik (əvvəl 60 qəpik), 650 qramlıq çörək isə 70 qəpik (əvvəl 65 qəpik) olub. 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi 40,70 manat müəyyən edilib. Bundan öncə isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat idi.
Dünyada kəskin inflyasiya meyilləri var
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, çörəyin bahalaşması gözlənilən idi:
"Bahalaşmanın bununla yekunlaşmayacağını proqnozlaşdırmaq mümkündür. Çünki dünyada kəskin inflyasiya meyilləri mövcuddur. Bu inflyasiya meyilləri bir sıra istiqamətlər üzrə baş verməkdədir. Dünyada artan pul kütləsi və aparıcı ehtiyat valyutaların dəyərdən düşməsi, istehsal, nəqliyyat və logistika zəncirlərinin qırılması, ixracata məhdudiyyətlərin tətbiqi, sanksiyalar siyasəti qiymət artımını labüd edir".
Dünyada ixrac ilə bağlı məhdudiyyətlər daha da artacaq
"Uzun illərdir idxalın əvəzolunması ilə bağlı çağırışları eşidirik, bununla bağlı hansısa tədbirlərin görülməsi barədə məlumatlar səsləndirilir, amma hələ də buğda və digər strateji məhsullar üzrə idxaldan asılıyıq. Ölkədə ərzaqlıq buğda istehsalı çox aşağıdır. Suvarma problemləri həll olunmalı, kənd təsərrüfatı sektoru peşəkarcasına idarə edilməlidir. Çox güman ki, dünyada ixrac ilə bağlı məhdudiyyətlər daha da artacaq. İdxaldan asılılıq yüksək olarsa, biz problemlərin həllində çətinlik çəkəcəyik"-deyə professor əlavə edib.
Un məmulatları da tədricən bahalaşacaq
İqtisadçı Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, çörəyin bahalaşmasının səbəbi idxalçıların ərzaq buğdasını baha qiymətə almasıdır: "Son həftələrdə isə dünyada unun qiymətində ucuzlaşma var. Əgər ucuzlaşma davamlı olsa, sonrakı aylarda buğdada ucuzlaşmanı görə bilərik. Lakin çörək daimi baha olacaqsa, onun qiymətini ucuz saxlamaq qeyri-mümkündür. Unun qiymətinin qalxması nəticəsində un məmulatları da tədricən bahalaşacaq. Amma dövlət çalışır ki, çörəyin qiyməti çox qalxmasın".
Un və çörək istehsalçılarından açıqlama
Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayıb. Məlumatda bildirilir ki, COVID-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.
"Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.
Bununla yanaşı, ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.
Bununla belə, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı subsidiyalar hesabına buğda və unun qiyməti real qiymətlərdən aşağı saxlanılıb. Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün olmadığından, cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın ilin əvvəlinə olan idxal qiymətinə uyğunlaşdırıb.
Un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.
"Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.
Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildiriblər ki, hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.
Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir.
Bu məlumatlara aşağıdakı link vasitəsilə keçid etmək olar: https://competition.gov.az/storage/files/files/837/fFzxq8orognxl0wmApD8pO1HGlOvFTqYMxJHqf9v.pdf
Azərbaycana buğda idxalı 5 faiz artıb
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 154 milyon 660 min ABŞ dolları dəyərində 429 min 806,11 ton buğda idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 49 faiz, həcmi isə 5,1 faiz artıb. Bu ilin yeddi ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,65 faizinə bərabər olub.
Ölkədə 985,7 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 faiz) buğda, 386,3 min hektarını (39,2 faiz) arpa, 30,5 min hektarını (3,1 faiz) qarğıdalı, 11,8 min hektarını (1,2 faiz) paxlalı bitkilər, 9,9 min hektarını (1,0 faiz) isə digər dənli bitkilərin əkin sahələri təşkil edib. Qeyd edək ki, bu il buğdanın əkin sahələri ötən ilə nisbətən 4,4 faiz azalıb.
Ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır...
Yanvar ayında un və çörək bahalaşmışdı
Xatırladaq ki, yanvar ayında un və çörəyin qiyməti ölkədə bahalaşmışdı. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi. Belə ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin qiyməti 65 qəpik olmuşdu.
Maqazinda un məmulatları - Sputnik Azərbaycan, 1920, 19.08.2022
CƏMİYYƏT
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj
Xəbər lenti
0