CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başçının müavininin döydüyü yeniyetmənin səhhətində problem yaranıb

© Photo : Executive power of Lankaran regionRasilə Əliyeva
Rasilə Əliyeva - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Ləman Camalova qızını hazırda Bakıda həkim müayinəsindən keçirtdiyini bildirib.
BAKI, 18 iyul — Sputnik. Lənkəranda icra başçısının müavininin döydüyü iddia edilən yeniyetmənin səhhətində problem yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, bildirib ki, yeniyetmə ürəkbulanma, kəskin baş ağrılarından əziyyət çəkir. K.Ağazadə hətta yeniyetmənin intihar həddində olduğunu da söyləyib:
"Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva mətbuata açıqlamasında bildirib ki, onda qızın əxlaqsız videoları var. Bu sözlər yeniyetməyə ağır psixoloji zərbə vurub. Başçının müavini yeniyetmənin mobil telefonunu əlindən almaqla böyük qanun pozuntusuna yol verib. İcazəsiz başqasının mobil telefonunu alıb baxmaq, oradan şəxsə aid məlumatları, görüntüləri götürmək, daha sonra ondan şantaj kimi istifadə etmək qanunsuzluqdur. Valideynləri mənə bildirdi ki, qız intihar həddindədir. Özünü öldürəcəyini bildirib. Bunun məsuliyyəti başçının xanım müavinin üzərindədir".
K.Ağazadə yeniyetmənin döyüldükdən sonra səhhətində ciddi problemlərin yarandığını söyləyib:
"Yeniyetmə döyüldükdən sonra onun bədənində bunun izləri qalıb. Onlar döyülmə faktını təsdiqləyir. Bu izlərdən əlavə, onda kəskin baş ağrıları yaranıb".
Birlik sədri deyir ki, fakt ictimailəşdikdən sonra aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında döymə faktını qəti təkzib edib, yeniyetməni atasının döydüyünü söyləyib.
Amma döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə baş verən ərəfədə həyat yoldaşı Bakıda olub:
"Bu hadisə baş verəndə yoldaşım Bakıda olub. O necə qızı döyə bilərdi? Bunu R.Əliyeva heç cür inkar edə bilməz. Çünki, şahidlər, dəlillər var".
O bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:
"Sara qızıma deyib ki, "attestatın məndədir, sürücünü göndərirəm, gəl bizə". Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb".
L.Camalova onu da bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:
"Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir".
L.Camalova deyir ki, hadisədən sonra qızı dərin sarsıntı keçirib:
"Hazırda biz Bakıdayıq. Qızımı həkim müayinələrindən keçiririk. Onda kəskin baş ağrıları var. Rasilə Əliyeva qızıma ciddi xəsarətlər yetirib. İndi nə qədər bunu təkzib etsə də, faktlardan qaça bilməz! Mən istintaq aparıldığından hər şeyi danışa bilmirəm. İstintaq başa çatsın, hamısını mətbuata açıqlayacağam".
L.Camalova həmçinin Ombudsmanla da görüşdüyünü bildirib.
Baş Prokurorluq isə Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Xatırladaq ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır. Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.
Onu da qeyd edək ki, Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı artıq işdən azad edilib.
Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən APA-nın cənub bürosuna məlumat verilib. Qeyd edilib ki, Rasilə Arifqızı bu gündən etibarən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
CƏMİYYƏT
Təhsil Nazirliyi Lənkəranda vəzifəli şəxslərin məktəbli qızı döyməsini pisləyib
Xəbər lenti
0