CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi Lənkəranda vəzifəli şəxslərin məktəbli qızı döyməsini pisləyib

© pixabay / Free-PhotosMəktəbli qız, arxiv şəkli
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertiza təyin edilib, ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
BAKI, 17 iyul - Sputnik. Təhsil Nazirliyi Lənkəran məktəblərindən birinin şagirdinə qarşı zorakılıq faktı ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Nazirlik Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.
O da bildirilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.
Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva (Arifqızı) və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.
Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı Baş Prokurorluq da açıqlama yayıb.
"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.
Xatırladaq ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır.
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:
"Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Xəbər lenti
0