Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şah İsmayıl Xətainin doğum günüdür

© AZƏRTACŞah İsmayıl Xətai - Azərbaycanın dövlət xadimi və şairi
Şah İsmayıl Xətai - Azərbaycanın dövlət xadimi və şairi - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
BAKI, 17 iyul - Sputnik. İyulun 17-si Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günüdür. Görkəmli sərkərdə və şair 1487-ci ilin bu günü Ərdəbil şəhərində dünyaya göz açıb.
Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran bu şəxsiyyətin yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olub. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirib.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazıb. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində, qismən də fars və ərəbcə qələmə alıb.
Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252-1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər.
© Photo : XebervarŞah İsmayıl Xətainin heykəli
Şah İsmayıl Xətainin heykəli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Şah İsmayıl Xətainin heykəli
Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülüb ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü.
Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilib, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılıb. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit ediblər.
Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar-təkrar yazılıb.
V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki, “Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər”. İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi”. Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini “Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu” olduğunu yazır.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.
9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.
Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişib.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılıb.

Şah İsmayıl Səfəvi Xətai – dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.

Şah İsmayıl Səfəvi Xətai – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.

Şah İsmayıl Səfəvi Xətai – zəmanəsinin dindar lideri idi. O, Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü surətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökümət dövründə əsrlər boyu inanclarına görə təqib olunan Əhli-Beyt (ə) ardıcılları rahat nəfəs ala bildilər. O, ilk dəfə olaraq Əhli-Beyt (ə) məktəbini dövlət dini kimi elan etdi. Şah İsmayılın əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhli-Beyt (ə) alimi yetişərək, ölkədən kənarda da islamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhli-Beyt (ə) ardıcılları yaşayır. Çünki, bu bölgələrə İslamı həmin zamanda yetişən azərbaycanlı alimlər yayıb.

Şah İsmayıl Səfəvi Xətai – ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.

Çaldıran döyüşündən öncə o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” deyib. O isə cavab verdi – “İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər”.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub
İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub - Sputnik Azərbaycan, 1920, 17.07.2022
İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub
Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölüb. Elə həmin döyüşdə o, qılıncla topun lüləsini kəsib.

Şah İsmayıl Səfəvi Xətai – ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim, 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd - düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.

Şah İsmayıl Səfəvi Xətai – döyüşlərdə yenilməyən sərkərdə idi. “Ya Əli!” sədası ilə özündən neçə dəfə çox sayda olan qoşuna hücum edib, qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O, əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi.

Şah İsmayıl Səfəvi Xətai həm də yenilikçi dovlət başçısı olub. Onun dövründə bir yeni islahatlar həyata keçirilib. Hazırda sahib olduğumuz üçrəngli bayrağa görə Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Yalnız bayrağımızda olan bu üç çaları inkişaf etdirməklə Azərbaycan hərtərəfli inkişaf edib qüdrətlənə bilər. Diqqət etsək, görərik ki, bayrağımızın özülünü Şah İsmayıl Xətai qoyub. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirliyi; şəriətin əsasında qanunar yaradaraq – dindarlığı.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Həmin siyahıya Şah İsmayıl Xətainin də adı daxil edilib.
Hazırda Azərbaycan paytaxtının ən iri inzibati rayonlarından biri (Xətai rayonu) sərkərdə-şairin adını daşıyır. Şahın əzəmətli abidəsi isə Bakının ən görməli yerlərindən birini bəzəyir.
(ens.az saytının materialındanistifadə olunub)
Şeyx Səfiəddinin heykəli - Sputnik Azərbaycan, 1920, 26.01.2020
CƏMİYYƏT
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR
Xəbər lenti
0