CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

© Sputnik / Rahim MuradovŞeyx Səfiəddinin heykəli
Şeyx Səfiəddinin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir

 

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “Rusiya-İran müharibəsi vaxtı məqbərəyə basqın edən rus əsgərləri demək olar bütün çini qabları, qədim əlyazma kitabları və xalçaları qarət edib aparıblar.”

Əvvəl ibadət edilən yer və dini təhsil ocağı, sonradan isə Səfəvi İmperatorları tərəfindən məqbərəyə çevrilən böyük tarixi məkan. Söhbət İran İslam Respublikasının Ərdəbil şəhərində yerləşən Şeyx Səfiəddin Əl-İshaq Əl Musəvi Əl-Ərdəbilinin məqbərəsindən gedir.

Şeyx Səfiəddin Məqbərəsi haqqında Sputnik Azərbaycan-a məqbərənin işçisi Elnazə xanım məlumat verdi. Elnazə xanımın bildirdiyinə görə, bina XIII əsrdə inşa edilib və bura Şeyx Səfiəddinin evi və ya sarayı olmayıb.

© Sputnik / Rahim MuradovMəqbərənin qabaq həyəti
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR - Sputnik Azərbaycan
Məqbərənin qabaq həyəti

“Bu bina Şeyxin məktəbi və xanəgahı olub. Şeyx Səfiəddin (Səfi) özü böyük alim olub və Elxanilərin hakimiyyəti illərində buraya buraya gəlib namaz qılıb ibadət edər və şagirdlərinə dərs deyərmiş. Bu bina sadə bir tikili olub və divarlarında heç bir bəzəklər və ya rənglər olmayıb. Sonra isə Səfəvilərin hakimiyyəti illərində təmir edilərək böyüdülüb. Yəni, Səfəvi hökmdarları hakimiyyətdə olduqları vaxt ulu babalarına hörmət və ehtiram əlaməti olaraq bu məqbərəni daha da böyüdərək gözəlləşdiriblər. Şeyx Səfiəddin 85 yaşında vəfat edib və onu burada dəfn ediblər. Sonradan onun qəbrinin üstündə türbə tikilib. Hazırda onun qəbrinin üzərində simvol kimi böyük bir sənduqə (daş sandıq - red.) qoyulub. Həmin sənduqə Hindistandan hədiyyə olaraq göndərilib. O vaxt Hindistanda Əkbər Şah (Baburi) adlı hökmdar olub, onun atası vaxtı ilə I Şah Abbasa pənah gətirib və Səfəvi hökmdarı ona sahib çıxdığı üçün Əkbər Şah bu sənduqəni hədiyyə olaraq göndərib. Sənduqə yalnız Hindistanda bitən bir ağacın materialından hazırlanıb. Sonra Şeyx Səfinin oğlu vəfat edir və onu gətirib burada atasının yanında dəfn edirlər. Daha sonra isə nəvəsini də babası və atasının yanında dəfn edirlər. Şeyx Səfinin məzarının arxasında başqa bir qəbir var ki, o da Şah İsmayılın atası Şeyx Heydərə aiddir. Şah İsmayıl Xətainin babası Şeyx Cuneydlə Aləmşah Bəyimin məzarları isə həyətdədir. Aləmşah Bəyimin kənarda basdırılması barədə müxtəlif versiyalar var. Bir versiyaya əsasən, burada yer olmadığı üçün başqa yerdə dəfn edilib, digər versiyaya görə isə xristian olduğu üçün kənarda dəfn edilib. Başqa bir versiyaya əsasən, guya Şah İsmayıl Xətai anasından küsdüyü üçün onu məqbərənin içərisində deyil, həyətində dəfn etdirib. Əslində isə Aləmşah Bəyimin məzarının üzərində türbə olub, amma Qacarların hakimiyyəti vaxtı baxımsızlıqdan dağılıb. Bu səbəbdən də hazırda Şah İsmayıl Xətainin anasının məzarı həyətdədir”.

© Sputnik / Rahim Muradov Şah İsmayıl Xətainin məzarı
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR - Sputnik Azərbaycan
Şah İsmayıl Xətainin məzarı

Elnazə xanımın bildirdiyinə əsasən, məqbərənin ərazisi 18 min kvadrat metr olub, sadəcə Qacarların hakimiyyəti illərində buranın bəzi hissələri baxımsızlıqdan dağılıb və 6 min kvadrat metr ərazidə yerləşən hissəsi sağ qalıb. Şeyx Səfiəddin məqbərəsinin çoxlu turistlər tərəfindən ziyarət edilməsinin əsas səbəbi böyük Səfəvi hökmdarı Şah İsmayıl Xətanin də burada dəfn edilməsidir:

“37 yaşında vəfat edən Şah İsmayıl Xətai məhz burada də dəfn edilib. Şah İsmayıl Şeyx Səfiəddinin 6-cı nəslindən olan törəməsdir. Digər bir otaqda isə Şeyx Səfinin ailə üzvləri dəfn olunub. Şeyx Səfinin ailəsinin məzarları üstündə qoyulan sənduqələr isə Misirdən göndərilib. Məqbərənin ümumi sahəsi 6 min kvadrat metrdir. Binanın arxasında olan həyətdə Şah İsmayıl Xətai Çaldıran döyüşü zamanı şəhid olan əsgərlərin bir neçə nəfərini gətirib burada dəfn edib. Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin hakimiyyəti illərində bu bina təmir edilərək məscid kompleksi şəklində inşa edilir. Həmin dövrdə də bura “Namazxana” deyərmişlər, kişilər birinci mərtəbədə, qadınlar isə ikinci mərtəbədə - “Şəbistan”da ibadətlərini edərdilər. Səfəvi İmperiyasının paytaxtı Təbriz və Qəzvində olduğu vaxtlarda Səfəvi Şahları ildə 3 dəfə bura gəlib ziyarət edərmişlər. Binanın içəri divarları tabaşirlə işlənilib, təbaşir suvağının üzərinə isə təbii boyalardan və qızıl suyundan istifadə edilərək bəzədilib. I Sah Abbasın hakimiyyəti illərində də “Çinixana” adlanan zal da inşa edilib. Bura ona görə “Çinixana” deyilir ki, divarlarda görünən o boş yerlərin hər birində çini qab saxlanılırdı. Bu zalda saxlanılan 1200 ədəd çini qabları XVII əsrdə Çin İmperatoru Şah Abbasa hədiyyə edib. Divarda çini qabların saxlandığı yerlərin arakəsmələri ağacdan yonulub. Qabların saxlanacağı hər bir qabın ölçü və formasına uyğun olaraq tabaşirdən düzəldilib”.

© Sputnik / Rahim Muradov Şeyx Səfiəddin Əl-İshaq Əl Musəvi Əl-Ərdəbilinin məqbərəsində giriş zalı
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR - Sputnik Azərbaycan
Şeyx Səfiəddin Əl-İshaq Əl Musəvi Əl-Ərdəbilinin məqbərəsində giriş zalı

Qədimdə Şeyx Səfiəddin məqbərəsinin əsas zalında böyük ölçülərə malik “Şeyx Səfi xalçası” olub. Həmin xalçanın isə özünə məxsus gözəlliyi və özəlliyi olub

“Şeyx Səfi xalçası” elə toxutdurulub ki, sanki tavandakı bəzəklər xalçanın üzərində güzgü effekti kimi əks olunub. Həmin xalçanın əsli hazırda Londonda “Viktoriya və Albert” muzeyində qorunur. “Şeyx Səfi xalçası”nın surəti isə məqbərənin başqa bir zalındadır. Çinixanada həmçinin Şeyx Zahidin Gilaninin sufi geyimi, müasir dillə desək, jileti də qorunur. Şeyx Zahid bu geyimi öz müridi və sonra kürəkəni olan Şeyx Səfiəddinə hədiyyə edib. Bu geyim Elxanilər dövrünə aiddir və toxunmasında dəvə yunundan istifadə olunub. Məqbərənin meydanının böyük bir qapısı olub, o qapının üzərində də bir mərmərdən daş olub. Həmin daşın üzərində isə Allahın adlarından 6-sı yazılıb. O qapını I Şah Abbasın göstərişi ilə düzəldiblər. Həmin qapı naməlum şəkildə dağılıb yoxa çıxıb, amma o daşı gətirib Çinixanada qoyublar. Bir fərziyyəyə əsasən, bu daşın kiçik bir variantı da olub və möhür kimi istifadə olunub. Sarayda məktublar əmrlər yazılanda həmin möhürdən istifadə edilib. Lakin bu fərziyyə öz təsdiqini tapmayıb, çünki həmin möhürlə möhürlənmiş hər hansı bir məktub və ya sənədə rast gəlinməyib. Ümumilikdə isə məqbərədə nə qədər əşyanın olması haqqında Əfşarların hakimiyyəti dövründə sənəd olub burada. Lakin həmin sənədlər oğurlanıb”.

© Sputnik / Rahim Muradov
Məqbərənin giriş hissəsinin qarşısı - Sputnik Azərbaycan
1/8
© Sputnik / Rahim Muradov
Çaldıran döyüşündə şəhid olan əsgərlərin məzarları və məzar daşları - Sputnik Azərbaycan
2/8
© Sputnik / Rahim Muradov
Çinixana və çini qabların saxlanması üçün hazırlanmış xüsusi saxlanma yerləri - Sputnik Azərbaycan
3/8
© Sputnik / Rahim Muradov
Eramızdan əvvəlki dövrə aid məişət əşyaları - Sputnik Azərbaycan
4/8
© Sputnik / Rahim Muradov
Şeyx Səfiəddinin xalçasının surəti - Sputnik Azərbaycan
5/8
© Sputnik / Rahim Muradov
Şah Təhmasib Səfəvi tərəfindən hazırlatdıran Quran - Sputnik Azərbaycan
6/8
© Sputnik / Rahim Muradov
Allahın 6 adının yazıldığı mərmər daş - Sputnik Azərbaycan
7/8
© Sputnik / Rahim Muradov
1-ci Şah Abbasa hədiyyə olunan çini qablar - Sputnik Azərbaycan
8/8
1/8
2/8
3/8
4/8
5/8
6/8
7/8
8/8

Bildirək ki, Şah Abbas öz xüsusi qonaqlarını burada qəbul edərmiş. Əsas zalın giriş qapısını isə Əmirxan Ərdəbili adlı usta işləyib, o hətta öz adını qapının üzərinə döşədiyi dəmir örtüyün üzərinə xırda hərflərlə həkk edib. Elnazə xanım onu da xüsusi olaraq vurğuladı ki, Şeyx Səfiəddin Məqbərəsini ən çox ziyarət edənlər Azərbaycandan gələn turistlərdir:

“İl ərzində təxminən 20-25 min nəfər turist bu abidə kompleksini ziyarət edir. Ziyarət edənlərin əksəriyyəti Azərbaycandan gələn qonaqlar olur. Azərbaycandan gələnlərin də hamısı Şah İsmayılın qəbrini görməyə gəlirlər. Başqa ölkələrdən gələn turistlər arasında təbii ki, azərbaycanlılardan sonra Almaniyadan, Fransadan və İngiltərədən turistlər üstünlük təşkil edirlər”.

Qeyd edək ki, hazırda abidə kompleksində 25 nəfərə yaxın işçi çalışır.

Xəbər lenti
0