CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 8000 nəfərdən çox QİÇS xəstəsi var

© AFP 2024 / NOEL CELISQİÇS-dən analiz, arxiv şəkli
QİÇS-dən analiz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova: Azərbaycan qarşıya qoyulmuş Qlobal "90-90-90" hədəflərə yaxın olan ölkələr sırasındadır
BAKI, 9 iyun — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova ölkəmizdə QİÇS-lə bağlı vəziyyəti açıqlayıb. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir:
- Günəş xanım, ilk öncə İİV/QİÇS xəstəliyi barədə məlumat verərdiniz...
- İİV infeksiyası – insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) bu prosesin terminal, yəni sonuncu mərhələsidir. İİV infeksiyası fonunda inkişaf edən, immun sistem hüceyrələrinin proqressiv azalması, çoxsaylı opportunistik infeksiyalar (vərəm, kandidoz, herpetik infeskiyalar və s.) və qeyri-infeksion xəstəliklərin (bədxassəli şişlər) meydana çıxması ilə xarakterizə olunur.
- Xəstəliyə yoluxma yolları hansılardır?
- Xəstəliyin 3 əsas yoluxma yolları aşağıdakılardır:
Cinsi yolla - İİV-ə yoluxmuş insanla homoseksual və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində;
Parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində;
Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər.
- Hazırda dünyada və Azərbaycanda İİV-lə bağlı epidemioloji vəziyyət necədir?
- Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur.
Azərbaycanda isə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5704-i (69,6%) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal "90-90-90" hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.
Belə ki, ölkədə İİV-lə mübarizə tədbirləri çərçivəsində aparılan fəaliyyətin nəticəsi olaraq, ötən ilin sonuna İİV-lə yaşayan insanlardan öz İİV-statusunu bilənlər - 74,0%; onlardan ART-yə (Antiretrovirus terapiyaya) cəlb olunanların - 87,8%; müalicə qəbul edənlərdən virus yükü təyin olunmayanlar - 86,0% təşkil edir.
Göstəricilər bu yaxınlarda Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbər şəxslər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qlobal Fondun Missiyası Mərkəzin fəaliyyətini digər regional ölkələrə müsbət nümunə kimi göstərəcəklərini qeyd ediblər. Qonaqlar Mərkəzin ümumi fəaliyyəti və Qlobal Fondun layihələrinin Mərkəz tərəfindən icra vəziyyəti ilə tanış olduqdan sonra əldə olunan ümumi nəticələrin gözlənilən tələblərə uyğun olduğunu vurğulayıblar.
© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidQİÇS testi, arxiv şəkli
QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.06.2022
QİÇS testi, arxiv şəkli
- İİV-ə yoluxma şübhəsi olan şəxs nələri bilməlidir?
- Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr Mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslərə Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre- və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur.
- İİV-ə yoluxmuş şəxslərin müalicəsi necə aparılır?
- İİV-ə yoluxmuş şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun səviyyəsinin minimuma azaldılması ilə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ölüm hallarının və İİV-in ötürülmə tezliyinin azaldılmasıından ibarətdir. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicəyə sadiqliyidir. Burda ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar həkimlərimiz tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir.
- Bu virusa yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilərmi?
- İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir. İİV-ə yoluxmuş hər bir hamilə qadın Mərkəzdə nəzarətə götürülür, hamiləlik müddətində, həmçinin hamiləlikdən sonra uğurlu şəkildə anadan uşağa ötürülmənin profilaktikası aparılır və İİV-ə yoluxmuş hamilə qadın sağlam övlad dünyaya gətirir. Burada əsas şərt hamiləlik müddətində dərman preparatlarının səliqəli şəkildə qəbulu və doğuşun keysəriyyə əməliyyatı ilə sonlandırılmasından ibarətdir. Qeyd edim ki, bu zaman yenidoğulmuşun ana südü ilə qidalandırılması yolverilməzdir.
- Bilmək istərdik ki, xəstəliyə yoluxmanın qarşısını necə almaq olar?
- Xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Hər zaman qeyd edirik ki, profilaktika müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək, maariflənməklə biz özümüzü və ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
QİÇS-lə mübarizə nişanı - Sputnik Azərbaycan, 1920, 19.05.2022
SƏHİYYƏ
Ölkədə İİV-ə yoluxmaların təqribən 35%-i narkotik istifadəsi nəticəsində baş verib - Rəsmi
Xəbər lenti
0