Mən bu idmana gələndən sonra özümü tapdım - Boççia çempionu
17:00 30.04.2022 (Yenilənib: 10:46 03.05.2022)
© Sputnik / Rahim MuradovBoççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev fiziki məhdudiyyətli olmasına rəğmən çempionluğa gedən yolun məşəqqətləri və uğurları barədə danışıb.
BAKI, 30 aprel — Sputnik. Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Seyran Hacıyev adına orta məktəbin 9-cu sinifini bitirib. Fiziki məhdudiyyətli olmasına rəğmən Boççia idman növü üzrə Qitələrarası yarışın qalibidir. Çempion Sputnik Azərbaycan-a özü və məşğul olduğu idman növü haqqında danışıb.
- Bəhruz, ondan başlayaq ki, fiziki məhdudiyətli olmağına hansı xəstəlik səbəb olub?
- Bu xəstəlik məndə sonradan yaranıb. Ara-sıra görürdüm ki, ayaqlarımda ağrılar yaranıb. 17-18 yaşlarda özünü büruzə verməyə başladı. 26-27 yaşımda bu xəstəliyə görə artıq əlil arabasına oturmağa məcbur oldum. Məndə əzələ distrofiyasıdır, miopatiya xəstəliyi. Getdikcə əzələlərdə qan dövranı düzgün getmir. Beləliklə əzələlər zəifləməyə başlayır. Hazırda bu xəstəliyin dünyada müalicəsi yoxdur. Ancaq idmanla məşğul olmaqla çəkimin artmasına imkan vermirəm. Gərək idmanla çox məşğul olasan. Vəziyyətimin bu cür olmasına baxmayaraq, gün ərzində 6 saat idman edirəm. Səhər saat 8-də yerimdən dururam, 10-da məşqə başlayıram. Nahar fasiləsindən sonra da axşam saat 18:00-a kimi məşq edirəm. Qarşıdakı məqsədlərə çatmaq üçün elə vaxt olur gecələr də məşq edirəm. Mən bu idmanda özümü tapmışam. Yəni fiziki məhdudiyyətliyəm deyib bir yerdə oturmaq mənə görə deyil.
© Sputnik / Rahim MuradovBoççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Sputnik / Rahim Muradov
- Hazırda hansı idman növü ilə məşğulsan? Onunla məşğul olmağa başlayanda hansısa çətinliklər var idi? Stimul nə oldu?
- Bu idmana başlamamışdan əvvəl çox çətinliklərlə üzləşirdim. Qapalı idim, kənddə cəmiyyət arasına çıxmağa utanırdım. Kimsə mənə baxanda, elə bilirdim pis gözlə baxır. Adam var idi, lağ edirdi, adam var idi dilənçi kimi rəfat edirdi, adam da var idi mənə baxıb qulağını çəkirdi. İndi belə hallar tamamilə azalıb. Çünki məni cəmiyyət arasında çox görürlər. Bir yaxın adamım var. O, məni 2016-cı ildə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yönəltdi. Bir dostum orada qalırdı və mənə belə bir idman növünün olduğunu dedi. Ora getdim, peşə öyrənərkən 1-ci Qarabağ Müharibəsi əlili olan baş məşqçi İlham Məhərrəmovla tanış oldum. İlham müəllim məni boççia idmanı ilə tanış elədi. Təklif etdi ki, bu idman növü ilə məşğul olum. Hazırda Azərbaycan Boççiya Milli Komandasının üzvüyəm. Bu idman növü Paralimpiyaya daxildir. İlk dəfə 1978-ci ildə İtaliyada bu oyun başlanılıb, 1984-cü ildən isə Paralimpiya oyunlarına daxil olunub. Yəni peşə öyrənərkən bu idman növü ilə məşğul olmağa və elə həmin ildən də Azərbaycanda keçirilən yarışlarda iştirak etməyə başladım.
© Photo : courtesy of Bahruz Mirzeyev Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Photo : courtesy of Bahruz Mirzeyev
- Mərkəzdə hansı peşəni öyrənirdin və hazırda onu davam etdirirsən?
- Əlim zəif olduğuna görə əvvəl mərkəzdə 3 ay rəssamlığı öyrəndim. Sonra gördülər ki, mütəmadi olaraq yaxşı işləyirəm, başqa sənət növlərini də öyrətdilər. Ümumiyyətlə, Peşə Reabilitasiya Mərkəzində müxtəlif sənət növləri öyrədilir. Dövlət başçımız sağ olsun ki, fiziki məhdudiyyətli şəxslər üçün belə müəssisələr yaradır. Biz cəmiyyətə inteqrasiya ola bilirik, ən azından öz sözümüzü deyirik. Özümüzü təmin edə bilirik. Boççiaya başlayandan sənətlə məşğul olmadım. 2018-ci ildən beynəlxalq yarışlara qatılmağa başladım. Beynəlxalq yarışlara çıxmağımızın ən böyük səbəbkarı Leyla xanım Əliyeva olub. 2018-ci ilin mart ayında bizdə Boççiya Federasiyası yarandı. Ondan sonra mən də beynəlxalq yarışlara çıxdım, Belarusda təlim məşqlərində oldum, İsraildə dostluq görüşümüz oldu.
© Photo : courtesy of Bahruz Mirzeyev Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Photo : courtesy of Bahruz Mirzeyev
- Beynəlxalq yarışlarda hansı nəticələrin olub?
- 2018-ci ildə Boççia Federasiyası yaranan dövrə kimi heç bir yerə çıxmamışdıq, beynəlxalq yarışları görməmişdik, amma hazırlaşırdıq. Bilirdik ki, beynəlxalq yarışlara çıxacağıq və burada öz gücümüzü göstərib, yaxşı nəticələr əldə etməliyik. Elə 2018-ci ilin oktyabr ayında İtaliyanın Olbiya şəhərində Açıq Regional Çempionat baş tutdu. Bu idmanda həm təklik, həm də cütlük halı üzrə yarış var. O yarışda təklik halında 1-ci yerə çıxıb qızıl medala sahib oldum, cütlük halında isə 3-cü yerə çıxdım, Azərbaycana 2 medalla qayıtdım. 2019-cu ildə isə Xorvatiyanın Zaqreb şəhərində yarışda olduq. Bu yarışda təklik halında yer tuta bilməsəm də, cütlük halında 3-cü yerə çıxdım və medallarımın sayını artırdım.
© Sputnik / Rahim MuradovBoççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Sputnik / Rahim Muradov
- Koronavirus pandemiyası sənin həyatına və idmanla məşğuliyyətinə necə təsir etdi, hansısa çətinlik yaratdımı?
- Çətinliklər oldu, məşqlərdən qaldıq. Bizi zallara buraxmırdılar deyə məşqləri açıq havada davam etdirmək məcburiyyətində qalırdıq. Həmin dövrdə peşə məktəbindəki öz evimizə qayıtdıq. Artıq evimizdə Baş məşqçimiz İlham Məhərrəmovun göstərişi ilə yüngül də olsa mütəmadi məşq edirdik. İlham müəllim tez-tez bizimlə əlaqə saxlayıb deyirdi ki, "narahat olmayın, özünüzü möhkəm tutun". Həmin dövrdə Zaqatalada 2 dəfə açıq havada təlim-məşq toplantısında olduq. Bu bizə az da olsa stimul verdi. Bu ilin əvvəlindən yenidən yarışlarda iştirak etməyə başladıq. Xorvatiyanın Zaqreb şəhərində keçirilən yarışdan qızıl medalla qayıtdım. Bu yarışda 148 idmançı iştirak edirdi. Yarış BC-1, BC-2, BC-3 və BC-4 kateqoriyaları üzrə keçirilirdi. Mən BC-4 kateqoriyasına aidəm. Bu kateqoriyalar əlillik dərəcələrinə görə bölünür. Burada Serebral iflic,əzələ distrofiyası, dağınıq skolioz və sair xəstəliklərə tutulanlar var. Bu oyunu təkcə dişlər və bir ayaqla oynayan da olur. Tamamilə əlləri işləməyən adamlar var ki, bu oyunu başları ilə oynayırlar.
© Photo : courtesy of Bahruz Mirzeyev Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Photo : courtesy of Bahruz Mirzeyev
Bu, çox gözəl oyundur və hal-hazırda 70 ölkədə oynanılır. Azərbaycanda paralimpiyanın bir neçə növü var, boççia isə onların arasında ən ağır kateqoriyalısıdır. Çünki onu əsasən çox ağır fiziki məhdudiyyətə malik idmançılar oynayırlar. Məsələn, mən iki əlimlə bir stəkan suyu çox çətinliklə içirəm. Buna baxmayaraq, dövlətimin bayrağını qaldıra bildim. Zaqrebdə keçirilən sonuncu yarış qitələrarası yarış idi və burada 22 ölkədən idmançılar iştirak edirdilər. 2024-cü ildə Parisdə Paralimpiya oyunları keçiriləcək və Zaqrebdəki yarış Olimpiadaya lisenziya xalı verir. İki illik planda çoxlu yarışlarımız var. Zaqrebdə keçirilən Qitələrarası yarış Dünya çempionatına bərabər idi. Bu yarışdan əvvəl dünya boççia idmançılarının reytinq cədvəlində 40-cı pillələrdə idim, indi 16-17-ci sıralara qalxmışam. Bu da o deməkdir ki, mən Paralimpiya oyunlarına lisenziyaya yaxınlaşa bilərəm. İlk 10-luğu qazansam, Fransada keçiriləcək Paralimpiya oyunlarına lisenziyanı təmin edəcəyəm.
- Boççia oyunu necə yaranıb, nədən ibarətdir və neçə oynanılır?
- Fiziki məhdudiyyətli insanlar qapalı olurlar və çox vaxt evdə qalırlar. Fiziki məhdudiyyətli bir insan olub. Bir kürə götürüb həmin insanın könlünü açmağa çalışıblar. Düşünüblər ki, kürəni ona tərəf ataq, o da hərəkət etdirsin. Həmin adam da əlləri ilə kürəni itələyib. Sonra bundan oyun yaratmağa başlayıblar. Beləliklə bu oyun İtaliyada meydana gəlib. Həmin topların qiyməti çox bahadır. Azərbaycanda yoxdur, ancaq xarici ölkələrdə olur. Həmin kürənin çəkisi 280-300 qram ağırlığındadır. İçərisi xüsusi qumla doldurulmuş və dəri ilə üzlənmiş olur. Oyunda 12 metr uzunluğundakı kortda yaxın və uzaq məsafəyə oyunlar qurmalı olursan. Bu, bir növ bilyard oyununu xatırladır. Boççia riyazi və məntiqli oyundur. Bu oyunu oynayanda rəqibin tamamilə sakit durmalıdır. Futboldakı kimi Qırmızı vərəqə göstərilir, out, cərimə var. Bir də görürsən hakimlər səhvlərinə görə özləri də cərimə olunurlar. Bu, çox ciddi və ağır oyundur. Şahmat və dama kimi tam sakitliyi sevir. Ani bir səhv hər şeyi məhv edə bilər. Yarışlara gedəndən sonra artıq hiss elədim ki, fiziki məhdudiyyətli insan deyiləm. Yarışda 1 saniyə geciksən, oyundan kənarlaşdırılırsan. Orada fiziki məhdudiyyətli deyilsən, dövlətini təmsil edən idmançısan, ölkənin bayrağını ucaltmaq üçün gəlmisən. Oyunu elə qurublar ki, fiziki məhdudiyyətli insanlar gözəl şəkildə cəmiyyətə inteqrasiya olunsunlar, öz sözlərini desinlər və dövləti gözəl şəkildə təmsil etsinlər. Həmin yarışlarda sağlamlarla fiziki məhdudiyyətlilər eynidir.
© Photo : courtesy of Bahruz Mirzeyev Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Photo : courtesy of Bahruz Mirzeyev
- Hər bir idman növündə hakimlərin qərəzli mövqeyi olur. Heç boççiada hakimlərin qərəzli mövqeyi ilə rastlaşmısan?
- İlk dəfə yarışda iştirak edəndə bizə qəribə baxırdılar. Azərbaycan hara, boççia hara? Çünki onlar çoxdan bu oyunu oynayırlar və şəxsi məktəbləri var. Onda mənə qarşı qərəzli mövqe olmuşdu. Hətta mən finala gedən yolda topu da götürmüşdülər. Azərbaycanı təmsil etdiyimiz üçün onlara pis təsir edirdi. Həmin yarışda mənə qarşı hakimin qərəzli qərarı olmuşdu. Başqaları yarışa 10 idmançı və 10 nəfər heyətlə qoşulmuşdular. Biz isə 8 nəfər idik: 4 yarış iştirakçısı, 4 nəfər heyət. Təsəvvür edin, 4 idmançı ilə yarışa gəlib 2 qızıl və 1 bürünc medal qazanmaq asan iş deyil. Bu, çox böyük nəticədir, Paralimpiya oyunlarına aparan yoldur. Düşünürlər ki, bu idmana yeni başlayıblar, amma neçə medal qazanıblar.
© Photo : courtesy of Bahruz Mirzeyev Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
Boççiya idman növü üzrə Qitələrarası yarışın qalibi Bəhruz Mirzəyev
© Photo : courtesy of Bahruz Mirzeyev
- Milli komandanın üzvü kimi tələbələrin varmı, yaxud kimisə yarışlara hazırlaşdırırsanmı?
- Xeyr, hazırlaşdırmıram. Amma fiziki məhdudiyyətli idmançılarımız var ki, mənə baxıb stimul əldə edirlər. Tez-tez mediada çıxış edərək fiziki məhdudiyyətli insanlara deyirəm ki, özlərinə çox qapanmasınlar. Bizim peşə məktəblərimiz, idman zallarımız var. Belə insanlara dəstək olmaq lazımdır. Çünki belə insanlar çox utanırlar. Mən də bu xəstəliyə yeni tutulanda utanırdım. Mənə dəstək oldular ki, buralara gəlmişəm. Dəstək olmaq lazımdır ki, fiziki məhdudiyyətli insanlar ortaya çıxıb cəmiyyətə inteqrasiya etsinlər. Elə tanışlarım var ki, fiziki məhdudiyyətlidirlər, amma nazirliklərdə işləyirlər, əlil arabasında olsalar da, çox savadlıdırlar. Məşqçiliyə gəlincə, Gənclər və İdman Nazirliyindən də, Paralimpiya Komitəsindən də, mənə bu barədə təkliflər olub. Masallıda idman klubu qurmaq istəyirlər. Mən bu təkliflərdən müvəqqəti imtina edərək demişəm ki, Paralimpiya oyunlarına çıxım, yaxşı nəticə göstərim, sonra baxarıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.