Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün "Milli pasportumuz" olan abidələrimizin mühafizəsi günüdür

Alban kilsəsi  - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.
BAKI, 18 aprel — Sputnik. Aprelin 18-i dünyada Tarixi Abidələrin Mühafizəsi Günür. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilk meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri inkişaf yolu qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb.
Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir.
Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir.
Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
“İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Azərbaycanın bəzi bölgələri açıq muzeydir sanki… Mübağiləsiz demək olar ki, hər daşında tarix danışır. Təəssüf ki, bölgələrimizdə xeyli sayda abidələr var ki, baxımsız durumdadır. Halbuki həmin abidələri dünyaya tanıtmaqla biz həm də ölkəyə turist axınını artıra bilərik. Bundan başqa, həm də tarixi abidələr bizim "milli pasportumuz"dur. Bəzi qonşularımızın ərazi iddiaları ilə üz-üzə olduğumuzu nəzərə alsaq, bilməliyik ki, o iddiaların əsassızlığını sübut edən ən ciddi faktlar məhz bu abidələrdir. Odur ki abidələrimizi qorumalıyıq. Bu isə vəzifəsindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sabirabadda 1 əsrə yaxın yaşı olan “Köhnə hamam”ı - Sputnik Azərbaycan, 1920, 02.04.2022
CƏMİYYƏT
Sabirabaddan həyəcan təbili: "Bir neçə ildən sonra abidənin sadəcə adı qalacaq" - FOTO
Xəbər lenti
0