CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gediş haqqı azı 50 qəpik olacaq? Sahibkarlar qan ağlayır

© Sputnik / © Sputnik / Elvin AhmadBakıda dayanacaqda avtobus, arxiv şəkli
Bakıda dayanacaqda avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Əks halda il-ildən xətə çıxan avtobusların sayı azalacaq. 5-6 aydan sonra sərnişinləri daşımağa avtobus tapılmayacaq.
BAKI, 11 aprel — Sputnik. Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət gediş haqqının artırılması üçün Tarif Şurasına və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Xətt sahibləri tariflərin artırılmasını dünyada ehtiyat hissələrinin qiymətlərinin bahalaşması, ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqin yaranması, hazırki gediş haqqının əməliyyat xərclərini qarşılanmağa kifayət etməməsi ilə əsaslandırıblar.
" 30 qəpiklə bilmirik köhnə avtobusları saxlayaq, yoxsa yenisini alaq"
İctimai nəqliyyatda gediş haqqının artırılmasını tələb edən 19 şirkətdən birinin, "Kral Transport"MMC-nin rəhbəri Ramiz Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırki tariflərlə işləmək onlara qəti sərf etmir. Çünki, 2015-ci illə 2022-ci illər arasında avtobusların ehtiyat hissələrinin, maşın yağının qiyməti kəskin bahalaşıb. Yanacağın bahalaşması, zavodların istehsal etdikləri avtobusların satış qiymətini artırması daşıyıcıların da xərcini artırıb: "Banklardan illik 15-16 faizlə kredit götürüb, 450 min manata yeni avtobus alıb krediti 30 qəpik gediş haqqı ilə ödəmək bizə sərf etmir. 30 qəpik gediş haqqı ilə həm qaraj saxlamaq, üstəlik işçilərin əmək haqqını, dövlətin vergisini ödəmək qeyri-mümkündür".
Həmsöhbətimiz deyir ki, yeni CNG ilə işləyən avtobusların qiyməti 430-440 min manatdır. Şirkət isə 35-40 belə avtobus almalıdır. R. Məmmədovun sözlərinə görə, avtobusların gündəlik baxımı və kreditlərinin ödənilməsi hazırki gəlirlə mümkün deyil: " 30 qəpiklə bilmirik köhnə avtobusları saxlayaq, yoxsa yenisini alaq. Son beş ildə qonşu Gürcüstanda avtobusla gediş haqqı ən azı dörd dəfə bahalaşıb. Bizdə isə gediş haqqı tarifi dəyişmir".
Təklif ən azı 50 qəpikdir
Sahibkar bildirir ki, 30 qəpiklik gediş haqqı ən azı 50 qəpik olmalıdır ki, bu sahədə çalışanlar avtobusları saz vəziyyətdə saxlasınlar. Əks halda il-ildən xətə çıxan avtobusların sayı azalacaq. 5-6 aydan sonra sərnişinləri daşımağa avtobus tapılmayacaq.
Bakıda sərnişindaşıma ilə məşğul olan "General- Auto- Company" firmasından isə bildirdilər ki, təkərin qiyməti 45 faiz bahalaşıb. Maşın yağının qiymətində isə ən azı 400 manat bahalaşma olub. Belə halda gediş haqqının 30 qəpikdən hesablanması insafsızlıqdır. Firmadan onu da qeyd etdilər ki, hazırki gəlirlə qaraj xərclərini ödəmək mümkün deyil. Nəinki yeni avtobus alıb avtobus parkını yeniləmək.
Ya kompensasiya verilməlidir, ya da...
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, ya dövlət sərnişindaşıma ilə məşğul olan şirkətlərə kompensasiya verməlidir, yaxud da gediş haqqında dəyişiklik olmaldır. Ekspertin fikrincə, gediş haqqı tariflərinin hazırki həddə qalması sərnişinlər üçün arzuolunandır. Digər tərəfdən isə dünya bazarında ehtiyat hissələrinin bahalaşması, yeni avtobusların qiymətinin artması daşıyıcı şirkətlərin xərclərini bahalaşdırıb: "Təkərdən tutmuş, yanacağa, usta haqqına kimi hər şey bahalaşıb. Sərnişindaşıma ilə məşğul olan şirkətlərin isə qarşısına tələb qoyulur ki, avtobus parkını yeniləsinlər. Müasir GNG ilə işləyən avtobusların qiyməti 450 min manatdan ucuz deyil. Hazırki gediş haqqı tarifləri ilə daşıyıcıların bu qiymətə avtobus alması çox çətindir. Ona görə də ya gərək dövlət daşıyıcılara bahalaşma fonunda kompensasiya versin, yaxu da tariflərə yenidən baxılsın. Artıq son qərarın verilməsi Tarif Şurasının öhdəsindədir".
Sərnişindaşıma bələdiyyələrə verilməlidir
İqtisadçı Natiq Cəfərli hesab edir ki, yanacaq, ehtiyat hissələrinin qiymət artımı reallığı var. Hətta şəxsi minik avtomobillərinin də təmir xərcləri artıb. Qiymət artımına haqlı tələb olsa da, sərnişindaşıma sistemi fraqamentaldır. Metropolitenə nəzarət bir qurumun, avtobusla sərnişindaşımaya nəzarət ayrı-ayrı qurumların idarəçiliyindədir. Şəhərdaxili və şəhərətrafı sənişindaşımada həm özəl sektor, həmçinin də dövlət iştirak edir. Kifayət qədər fraqmental olduğu üçün vahid mərkəzdən idarəetmə mümkün deyil. Halbuki nəqliyyatda bir mərkəzdən idarəetmə sistemi qurmaqla qiymətin fərqli növlərini tətbiq etmək olardı. Məsələn, gediş haqqı tariflərinə aylıq paketlərə endirimlər etməklə öncədən satılmış biletlərin hesabına maliyə problemlərinin həllinə dəstək göstərmək mümkün olardı.
İqtisadçı sərnişindaşımanın bələdiyyələrə verilməsinin daha effektli olacağını düşünür. Onun sözlərinə görə, böyük şəhər bələdiyyəsi yaradılaraq bütün nəqliyyat sistemi bələdiyyələrə verilə bilər. Bələdiyyə seçilmiş orqan olduğundan, qiymət artımına da çox meyil etməyəcək.
Sahibkarların müraciəti
Xatırladaq ki, daşıyıcı şirkətlərin dövlət qurumlarına müraciətində deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb:
"Buna baxmayaraq, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir.
Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarını risk altına salıb".
Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparılıb.
Bildirilir ki, təkcə 2022-ci ildə qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb.
Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısında bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır.
Daşıyıcılar şikayətlənir ki, ötən illərdə tərəfimizdən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb, avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə biliblər. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməkləri hazırki tariflərlə mümkün deyildir.
Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub.
Daşıyıcılar əsaslandırıblar ki, ümumilikdə isə sektorda 6 min nəfərdən çox şəxs çalışır ki, bir ailədə orta hesabla 4 nəfərin olduğunu nəzərə alsaq, ictimai nəqliyyatda gediş haqqının məbləği 24 min nəfərdən çox insanın sosial təminatı baxımından əhəmiyyətlidir.
Müraciəti aşağıdakı şirkətlər imzalayıb:
1. "Xaliq Faiqoğlu" MMC
2. "Çinar Trans" MMC
3. "General- Auto- Company" firması
4. "Kral Transport" MMC
5. "Azlənd Plaza" MMC
6. "Ayşən" MMC
7. "Bus Trans" MMC
8. "Monella" MMC
9. "VƏTƏN.AZ-TRANS" MMC
10. "Dördüncü Blok" MMC
11. "VƏTƏN Firması" MMC
12. "ÜÇ QARDAŞ" MMC
13. "6 DOST" MMC
14. "BMH" MMC
15. "GRAND BUS" MMC
16. KƏNAN-2000 ŞİRKƏTİ" MMC
17. "STATUS AVTO" MMC
18. "TRANSKONTROL" MMC
19. "ŞİDLİ-A.İ" MMC
Həmin şirkətlərin nümayəndələri Sputnik Azərbaycan-a bildiriblər ki, onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər. Sərnişinlər isə gediş haqqının 50 qəpik olmasının onlara sərf etmədiyini bildirirlər.
Məlumat üçün yada salaq ki, ölkəmizdə sərnişindaşımada tariflər məsafəyə görə müəyyən edilir. Ən son Bakı və Bakı ətrafında gediş haqqı 2015-ci ildə artırılıb.
Təmassız keçid - Sputnik Azərbaycan, 1920, 27.10.2021
CƏMİYYƏT
Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
Xəbər lenti
0