Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Gecə klubunda partlayış: İlahi cəza, yoxsa məmur məsuliyyətsizliyi?

© Sputnik / Murad OrujovGecə klubunda partlayış
Gecə klubunda partlayış - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Həyatımızı təhlükəyə atan məmur laqeydliyidirsə, məsələyə Allahı, dini, mistik qüvvələri qarışdırıb, fikir yayındırmaq olmaz.
Ötən həftə paytaxtımızın gecə klublarının birində baş verən dəhşətli partlayışla yadda qaldı. Cəmiyyətdə geniş müzakirələrə səbəb olan hadisə bazar gününə keçən gecə baş verib. Partlayışda 1 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağır sayılır. Rəsmi məlumatlara əsasən, yaralıların əksəriyyəti yanıq və travmatoloji sınıq xəsarətləri alıb. Olduqca faciəvi və dəhşətli hadisədir. Hadisədən sonra başlayan müzakirələr də göstərir ki, bu tip hadisələrin baş verməsi cəmiyyətdə ciddi narahatlıq yaradır. Ümid edirəm ki, tezliklə hadisənin günahkarları aşkar olunacaq və layiqli cəzalarını alacaq, cəmiyyətdəki narahatlığa və müzakirələrə son qoyulacaq.
***
Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 və 314.2-ci maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İlkin ehtimallara görə, partlayış binada qaz təchizatının olmaması səbəbindən gecə klubunda quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verib. Və problemin ciddiyyəti bu ehtimaldadır. Necə olur ki, insanların toplaşdığı gecə klubunda təhlükə mənbəyi olan qaz balonundan istifadəyə icazə verilir?
***
FHN təcili surətdə bu suala cavab verməlidir: Şəhərin mərkəzində fəaliyyət göstərən, insanların sıx toplaşdığı bu məkanda qaz balonundan istifadəyə kim və niyə icazə verib? Nə üçün bu tip əyləncə məkanlarında təhlükəsizlik qaydalarına riayət olunmur? Baş verən hadisənin yeri və miqyası göstərir ki, təhlükəsizlik qaydalarına riayət etməyən obyekt sadəcə partlayış baş vermiş məkan deyil. Əksər gecə klubları binaların zirzəmilərində fəaliyyət göstərdiyi üçün, qaz balonundan istifadə edir və FHN-in müvafiq strukturlarında çalışan hörmətli məmurlar bizə də məlum olan səbəblərdən bu qanunsuzluğa göz yumur. Hadisədən bir gün sonra şəhərin əksər gecə klublarında “ölüm sükutu” hökm sürürdü. İnsanlar baş vermiş hadisədən sonra cəsarət edib bu məkanlara girə bilmir, qorxur, çəkinir, ya da ehtiyat edirdi. Bir neçə yarıtmaz məmurun səhlənkarlığı, laqeydliyi və ya pula hərisliyi ucbatından şəhər sakinləri və şəhərimizə üz tutan turistlər xof içərisindədir. Düşünürəm ki, bütün bunların günahkarı FHN-in və digər aidiyyəti qurumların laqeyd və məsuliyyətsiz çinovnikləridir. Sərt karantin qaydalarının tüğyan etdiyi dönəmdə bütün kafe, bar, pub və restoranlarda ciddi yoxlamalar aparılır, qaydaları pozanlar sərt şəkildə cəzalandırılırdı. Və bu sərt qaydalar sadəcə pandemiya qaydaları ilə bağlı deyildi. Bütün sahələrdə insanlar ayıq-sayıq və diqqətli davranırdı. Karantin qaydalarının yumşaldılmasından sonra sanki hamı rahatlaşdı və məsuliyyət hissini itirməyə başladı.
Təəssüf ki, bu hadisənin yaratdığı rezonans hələ uzun müddət insanları narahat edəcək.
***
Bu dəhşətli hadisə cəmiyyətdə qəribə və ikrahdoğuran müzakirələrə rəvac verdi. Çox təəssüf edirəm ki, hansısa nadan və cahil insanların hadisəni dinlə, Ramazan ayının ilk günü ilə bağlaması, partlayışda zərərçəkənləri təhqir etməsi bir qrup adamı özündən çıxardı. Ən savadsız və cahil də bilir ki, bu hadisənin dini-mistik qüvvələrlə qətiyyən əlaqəsi yoxdur. Hətta Fövqəladə Hallar Nazirliyinin laqeyd və məsuliyyətsiz əməkdaşlarını qınamasanız belə, hadisəni dinlə, Ramazlanla, orucluqla bağlamaq ən ləyaqətsiz hərəkətdir.
***
Hadisəyə dini-mistik don geyindirib, partlayışı ilahi cəza hesab edənlərin acığına İslam dininə hədyan yağdıranları da anlamaqda çətinlik çəkirəm. Ümumiyyətlə, cəmiyyət bu kimi məsələlərdə həssas olduğu üçün odun üzərinə benzinlə getmək, qızışmış emosiyaları səhv yönləndirmək olmaz. Həyatımızı təhlükəyə atan məmur laqeydliyidirsə, məsələyə Allahı, dini, mistik qüvvələri qarışdırıb, fikir yayındırmaq olmaz.
***
İnanmaq istəyirəm ki, Baş Prokurorluğun İstintaq idarəsinin savadlı və vicdanlı müstəntiqləri tezliklə günahkarları aşkara çıxararaq cəzalandıracaq və istintaqın gedişatı cəmiyyətə sirr qalmayacaq. Əks halda, hadisəni yanlış dəyərləndirib məsələyə mistik qüvvələri qarışdıranlar meydan sulayacaq, dolayısıyla haqlı çıxacaqlar. Şəxsən mən bu cür hadisələrdə ilahi cəzadan əvvəl dövlətin gücünü görmək istəyirəm. Yəni dövlətin cinayətkarı və ya səbəbkarı tapıb cəzalandırmasını daha çox arzulayıram. İlahi, mistik cəzalardan əvvəl ədalətin və qanunun hərəkətə keçməsini gözləyirəm. Çox gözəl olar ki, insanlarımız bu məsələdə bir qədər diqqətli olsun və yanlış yerdə günahkar axtarmasınlar. Əslində hamımız günahkarları təxmin edirik, qalır ədalətin bərqərar olması...
Xəbər lenti
0