Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

“Dollar qara dəlikdir”. Yuan dünyanın əsas valyutasına çevriləcəkmi?

© REUTERS / Jason LeeMüxtəlif valyuta əskinasları
Müxtəlif valyuta əskinasları - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Mərkəzi Bank xatırladıb ki, son illər ərzində qızılın və Çin yuanının ehtiyatlarını, demək olar ki, yarıbayarı artırıb.
BAKI, 5 aprel - Sputnik. Qərb şirkətləri Rusiyanı tərk edir ki, bu da Çinlə ticarətin genişlənəcəyi deməkdir. Artıq bir neçə yerli bank müştərilərə Çin valyutasında hesab açmağı təklif edib. Çin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir. Yuan qlobal maliyyə sistemində dollarla rəqabət apara bilirmi? RİA Novosti materialında oxuyun.
Bir yuan - bir yol
Hələ 2019-cu ildə Moskva və Pekin dollarla hesablaşmalardan imtina etmək qərarına gəliblər. Lakin o zamanlar bu, sadəcə, həyata keçirilməsi arzu edilən bir məqsəd idi: Çin bankları ABŞ valyutasından qurtulmadılar. Buna baxmayaraq, hər iki ölkə elektron ödəniş sistemlərinin əlaqələndirilməsi istiqamətində ilk addımları atıb.
Hazırda Çin Xarici İşlər Nazirliyi Rusiya ilə ticarətin rubla və yaxud yuana keçməsi mövzusunu yenidən gündəmə gətirib. Söhbət hələ ki, yalnız enerji mənbələrindən gedir. ÇXR Cənub-Şərqi Asiyada və ərəb ölkələri ilə eyni strategiyanı irəli sürür. Məsələn, Vaşinqtonun siyasətindən narazı olan Səudiyyə Ərəbistanı dolları “qara dəlik” adlandırır. Tayhe analitik mərkəzinin baş elmi işçisi Vanq Zaybanq RİA Novosti-yə bildirib ki, məhz bu səbəbdən Ər-Riyad və Pekin artıq hesablaşma valyutasının dəyişdirilməsini müzakirə edirlər. Danışıqlar barədə "The Wall Street Journal" da yazıb.
Rusiya və Belarusun kredit təşkilatları da Qərb valyutalarından yan keçmək barədə düşünürlər. Çində əməliyyat aparmaq üçün lisenziyaya malik yeganə Rusiya bankı olan VTB, Alfa-Bank ilə birlikdə ruslara yuanla hesablar və depozitlər açmağı təklif edir. Çin valyutası ilə əməliyyatlar üzrə VTB-nin mart ayı dövriyyəsi 960 milyon rubl təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 21 dəfə çoxdur.
Mərkəzi Bank xatırladıb ki, son illər ərzində qızılın və Çin yuanının ehtiyatlarını, demək olar ki, yarıbayarı artırıb. Belarus valyuta-fond birjası Yuan ilə əməliyyatların başlandığını elan etdi. İlk hərrac artıq baş tutub.
Beşinci yer
Çin yuanın irəliləməsinə dair ambisiyalarını hələ on il bundan əvvəl bəyan edib. Və müəyyən nailiyyətlər əldə edib. Lakin hətta Çin analitiklərinin fikrincə, nə Qərbin sanksiyaları, nə də Ukraynada xüsusi əməliyyatın digər nəticələri valyuta bazarında dünya nizamının dəyişməsinə gətirib çıxarmayacaq. South Çin Morning Post yazır ki, bu uğur yalnız Çin maliyyə strukturlarının köklü islahatları halında renminbiyə ("Xalq pulları", Çin valyuta vahidinin rəsmi adı) gələcək.
Hər halda, okeanın o tayındakı rəqiblər Pekinin hərəkətlərini ehtiyatla izləyirlər. ABŞ Federal ehtiyat sisteminin sədri Cerom Pauell bildirib ki, Ukrayna hadisələri Çinin "maliyyə trayektoriyasını dəyişə bilər". Spikerin fikrincə, Pekin daha əvvəl dünya pul sistemindən təcrid olunmaq xəttini saxlayırdı, indi isə vəziyyətdən istifadə edərək yuanın ekspansiyasına başlaya bilər.
Belə narahatlıqların əsası var. BVF-nin məlumatına görə, dünya mərkəzi bankları 319 milyard dollara bərabər məbləğdə yuana malikdirlər. Qlobal iqtisadiyyat kontekstində bu o qədər də çox deyil: ümumi ehtiyatların təxminən 2,5% - dir. Müqayisə üçün qeyd edək ki, ehtiyatların yarıdan çoxu dollarla, 19% - avro ilə saxlanılır. Eyni zamanda renminbi miqdarına görə beşinci dünya ehtiyat valyutasıdır.
Yuan BVF-nin təsdiqini aldığı 2016-cı ildən bəri onun payı kəskin şəkildə artıb. Çinin “Bir kəmər - bir yol” adlı irimiqyaslı infrastruktur layihəsini də unutmayaq. Bununla paralel olaraq, ehtiyat valyuta kimi dolların həcmi azalır - 2007-ci ildə bu, demək olar ki, 70% təşkil edirdi.
Eyni zamanda, Bloomberg-in ilin əvvəlində qeyd etdiyi kimi, yuan beynəlxalq ödənişlər bazarında dördüncü mövqeyə yüksəlib. Müqayisə üçün: 2010-cu ildə o, 35-ci yerdə idi.
Sigma Global Management investisiyalarının direktoru Vladislav Petlenko RİA Novosti-yə bildirib ki, hal-hazırda renminbi dünyanın, təxminən, 75 ölkəsində ehtiyat valyuta kimi istifadə olunur. Yuan artıq Çin, Avstraliya və Yaponiya arasında birbaşa ticarətdə iştirak edir. Yəni, ekspert xatırladır ki, hər iki ölkəyə Çin ilə əməliyyatlar üçün ABŞ dolları lazım deyil.
Yaxın Şərqdəki analitiklər də oxşar fikirdədirlər. "Rusiya Çinin dünya üzərində nəzarətinə yol açacaq", — Qətər əmirinin keçmiş məsləhətçisi Əbd əl-Moneym Səid Misirin Al-Ahram qəzetində iddia edir. Onun fikrincə, yeni beynəlxalq valyuta məhz yuan olacaq, çünki ÇXR güclü iqtisadiyyata malikdir və respublika hər şeyi — "iynədən raketlərə qədər" istehsal edir.
Qərbin siyasəti Rusiya Federasiyasını Asiya ölkələri ilə ticarətə, ilk növbədə isə neft və qaz ilə ticarətə sövq edir. Özü də bu, yalnız Çinə aid deyil. Məsələn, Hindistan və Rusiya milli valyutalarda hesablaşma mexanizminin yaradılmasını müzakirə edirlər. Bu barədə Mint qəzeti Hindistan hökumətindəki mənbəyə istinadən məlumat verib. Yerli ixracatçılar dollar və avro ilə deyil, rupi ilə ödəniş ala biləcəklər.
Dollar üçün təhlükə
Bu və ya digər şəkildə Rusiya və Çin indiki şəraitdə ticarətin həcmini artıracaq. Moskvanın praktiki olaraq başqa yolu yoxdur: ABŞ və müttəfiqləri Rusiyanın valyuta ehtiyatlarının yarısını dondurub, Mərkəzi Bankla əməliyyatları qadağan edib və bir neçə əsas bankın SWIFT-ə çıxışını əngəlləyiblər.
Çin Rusiyanın valyuta ehtiyatlarının ən böyük xarici sahiblərindən biridir. Bu rəqəm 13,8%-dir ki, bu da 630 milyard dollara bərabərdir. Bundan əlavə, Pekin Moskvanın əsas ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında əməliyyatların həcmi 148 milyard dolları ötüb.
Bununla belə, bəzi mühüm məsələlərdə - məsələn, təyyarələrin hissələrinin tədarükü ilə bağlı Pekin indiyədək gözləmə mövqeyi tutub. Reuters agentliyinin yazdığına görə, guya Çin dörd ən böyük neft və qaz şirkətinə Rusiya layihələrində iştirakını azaltmağı tövsiyə edib. Lakin Çin Xarici İşlər Nazirliyi bunu təkzib edib.
Eyni zamanda, Vaşinqton Pekini Moskvaya qarşı sanksiyalardan yayındığına görə cəza ilə qorxutmaqda davam edir. ABŞ-ın ticarət naziri Cina Raymondo Çin yarımkeçirici istehsalçılarını ABŞ-ın aparat və proqram təminatına çıxışını kəsməklə hədələyib.
Fevral ayında rəsmi olaraq istifadəyə verilmiş rəqəmsal yuan sanksiyalardan yan keçmək üçün vasitə ola bilər. Digər elektron valyutalar kimi, o, siyahıya uyğun olan bəzi sanksiya tətbiq edilmiş malların bank yoxlamalarından yan keçməyinə imkan yaradır.
Vaşinqtonda rəqəmsal renminbinin buraxılması həyəcana səbəb olub: elektron dollar hələ ki, inkişaf mərhələsindədir. ABŞ Mərkəzi Bankı belə davam edərsə, dolların beynəlxalq dominantlığının sarsıla biləcəyini bildirib. Üstəlik, avro Amerika valyutası ilə daban-dabana addımlayır. SWIFT-in məlumatına görə, 2021-ci ilin dekabrında qlobal ödənişlərin 40,5%-i dollar, 36,7%-i isə avronun payına düşüb.
Beynəlxalq maliyyə analitiki, Andrey Plotnikov deyir: "Çinin Tayvandan başqa ərazi ekspansiyasını inkişaf etdirəcək heç bir yeri yoxdur. Lakin iqtisadi ekspansiya açıqdır. Bundan əlavə, rəqəmsal yuan həqiqətən Rusiyaya sanksiyalardan yan keçməklə bir çox iqtisadi məsələləri həll etməyə kömək edə bilər".
Uzun müddətli perspektiv
Ekspertlər hesab edirlər ki, yuanın beynəlxalq hesablaşmalarda nisbi qeyri-populyar olması Çin hakimiyyətinin məzənnəni tənzimləmək istəyi ilə izah olunur. "Tamamilə konvertasiya olunmayan valyuta ölkəyə daxili bazardakı vəziyyətə daha yaxşı nəzarət etmək və xarici rüsum və sanksiyalara asanlıqla uyğunlaşmaq imkanı yaradır. Başqa sözlə, ÇXR kapitalın xaricə axınına ciddi nəzarət edir" deyə “OOO Leybl Xoum İnk”in baş direktoru İvan Belkin izah edir.
Bununla belə, ruslar üçün yuan perspektivli valyuta kimi görünür: Çin Rusiya banklarının SWIFT sistemindən ayrılmasına qarşı çıxan bir neçə ölkədən biridir.
"Çinin Rusiya ilə xarici ticarətində yuanın möhkəmlənməsi Çinin qəbul etməyə hazır olduğu, yönləndirilmiş Rusiya xammalı ixracının həcmindən asılı olacaq. Məsələn, Çinin metallurgiya sənayesində özünün irimiqyaslı istehsalı var", - Vladislav Petlenko qeyd edir: "Çin Rusiyadan cüzi neft alır. Lakin Rusiya tədarükçülərinin qiymətləri aşağı saldığı halda, Pekinin həcmi artırmağa razılığı istisna deyil".
Eyni zamanda ekspertlər hesab edirlər ki, bu gün ruslar bir valyuta kimi yuan əldə etməlidirlər. "Uzun müddətdə bir dövr üçün bu riskli bir investisiyadır, lakin sürətli spekulyasiya və orta müddətli investisiyalarda nəinki qənaət etmək, həm də vəsaitləri artırmaq olar", - deyə İvan Belkin qeyd edir.
İndiki vəziyyətdə yuanın investisiya portfelində saxlanması getdikcə daha sərfəlidir - Vladislav Petlenko da bu fikirdədir.
Bununla belə, Çin iqtisadiyyatı zəif diversifikasiya olunub. "Yuanın beynəlxalq likvidliyi hələ də yoxdur. Uzun müddətdir ki, ABŞ dolları ilə qiymətləndirilən malların ixracının böyük həcmi hesabına ucuz milli valyutanı saxlamaq Pekinə sərfəli idi”, - Vladislav Petlenko deyir. “Bu baxımdan, Çin Xalq Bankının yuanın ABŞ dollarına və digər tanınmış dünya valyutalarına bağlanmasına nəzarəti yumşaltması vacibdir”.
Bu baş verənə qədər Çin şirkətlərinin dünya bazarında rolunun artması renminbi kursunun azalmasına səbəb olacaq. Bu o deməkdir ki, ruslar hələ də yuan alarkən - ən azı qısa müddətdə müəyyən qədər pul itirmək riskinə malikdirlər. Çin valyutasının Rusiya ilə xarici ticarətdəki roluna gəlincə, burada çox şey Pekinin Qərbdən asılı olmayan oyun oynamaq istəyindən və ən əsası, bacarığından asılıdır.
Dmitri Yermakov, RİA Novosti
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rubl - Sputnik Azərbaycan, 1920, 04.04.2022
DÜNYA XƏBƏRLƏRİ
Bazar ertəsi günün sonuna birjalarda vəziyyət - neft və rubl artıma keçib
Xəbər lenti
0