Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Ağ qızıl"ın hər tonuna 170 manat subsidiya veriləcək

© Sputnik / Denis Abramov / Mediabanka keçidPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Rayonlarda çiyid səpininə başlanılacaq. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar.
BAKI, 4 aprel — Sputnik. Aprel ayının ikinci ongünlüyündən başlayaraq pambıqçılıq rayonlarında çiyid səpininə start veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev deyib.
O bildirib ki, əkinə hazırlıq prosesinin düzgün təşkili mövsümün sonunda fermerlərə daha çox gəlir əldə etməyə imkan verir:
"Pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir".
Nazirlik rəsmisi qeyd edib ki, dövlət tərəfindən pambıqçılığın inkişafı məqsədilə dəstək tədbirləri davam etdirilir:
"Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir".
Xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb
"Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb. Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100.6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5.4 dəfə, 2020-ci ilə nisbətən isə 0.3% artıb.
2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8.1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14.9% azalaraq 286.7 min ton olub.
Pambığın məhsuldarlığı 2021-ci ildə 28.5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1.5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15.2% azalıb.
Xatırladaq ki, məhsul subsidiyası almaq üçün fermerlərdən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunmur. Lakin fermerlər pambığı hansı kateqoriya torpaqda əkməsindən asılı olmayaraq öz əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, əkin sahəsinin koordinatlarını sistemə daxil etməlidirlər.
Öz pambıq sahələrini sistemdə bəyan etməyən fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Beyləqanda pambıqçılıq - Sputnik Azərbaycan, 1920, 31.03.2022
İQTİSADİYYAT
Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başlayıb
Xəbər lenti
0