Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sudan istifadə haqqı differensiallaşdırılacaq - RƏSMİ

© AFP 2023 / DANIEL LEAL-OLIVASƏllərini yuyan uşaq, arxiv şəkli
Əllərini yuyan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Sudan ödənişli istifadə qaydaları təsdiq edilib. Su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödəniş ediləcək. Məsələ ilə bağlı nazirlik rəsmisi Sputnik Azərbaycan-a danışıb
BAKI, 30 mart — Sputnik. "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları" təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Tarif (qiymət) Şurası bu qərarla təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən edəcək.

Suya qənaət edilmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, Sputnik Azərbaycan-a məxsusi açıqlamasında deyib ki, qarşılıqlı ödəniş sisteminin olması suyun düzgün uçotunun aparılmasına və bu da su təsərrüfatı balansını dəqiq hazırlamağa imkan yaradacaq:
© AR Ministry of Ecology and Natural ResourcesFaiq Mütəllimov
Faiq Mütəllimov - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Faiq Mütəllimov
"İndiki halda hüquqi və ya fiziki şəxslər təbii mənbədən suyu bilavasitə götürərək, müxtəlif məqsədlər, o cümlədən suvarma, məişət üçün istifadə zamanı qənaət etmirlər. Eyni zamanda bu, uçotun düzgün aparılmasında çətinliklər yaradır. Sonda bu, su təsərrüfatı balansının nəticələrinə təsir edir. Ona görə də suya düzgün münasibətin, eləcə də bu sahədə hüquqi-iqtisadi öhdəliklərin formalaşması ilə bağlı ödənişin tətbiq edilməsi çox vacibdir".

Təbii mənbələrdən bilavasitə su götürən şəxslərin uçotu aparılır

O bildirib ki, biz hazırda ölkə üzrə təbii mənbələrdən bilavasitə su götürən hüquqi və fiziki şəxslərin uçotunun aparılmasına da başlamışıq:
"Bunun üçün ayrıca qaydalar hazırlanıb. Çaydan, yeraltı sulardan istifadə etmək istəyənlər müraciət edərək, öz istifadə təyinatına uyğun ona həcmlər müəyyən ediləcək və qeydiyyata düşəcəklər. Ödənişin mexanizmi müəyyən ediləcək və müəyyən tariflər tətbiq ediləcək. Əsas məqsəd su ehtiyatlarımızı düzgün, səmərəli idarəetmək, su ehtiyatlarına nəzarəti gücləndirməkdir. Düşünürük ki, ödəniş mexanizminin tətbiqindən sonra şəxslər su ehtiyatlarından daha düzgün, səmərəli və qənaətcil istifadə edəcək".

Əvvəllər bilavasitə təbii mənbədən su götürmək üçün ödəniş yox idi

Nazirlik rəsmisi deyib ki, əvvəllər bilavasitə təbii mənbədən su götürmək üçün ödəniş yox idi:
"Lakin fermerlər suyu kanallardan, sudan istifadə birliklərindən götürəndə suvarma suyunun tarifi min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun tarifi isə 1 hektar üçün 40 qəpikdir. Yəni belə çıxır ki, kanaldan su götürən fermer ödəniş edir, çaydan su götürən isə pulsuz şəkildə bundan istifadə edir. Bütün bu mənfi halların qarşısının alınması, eyni zamanda sudan istifadə edənlərin uçotunun təkmilləşdirilməsi, sudan səmərəli istifadə üçün ödəniş sisteminin tətbiqi vacibdir. Bundan sonra həm kanaldan, həm də çaydan su götürmək üçün ödəniş tətbiq ediləcək. Ödənişlər suyun istifadə məqsədindən və digər amillərdən asılı olaraq differensial olacaq. Vahid tarif olmayacaq. Hazırda bu istiqamətdə işlər gedir".
"Təbii mənbədən bilvasitə suyun götürülməsi üçün nazirliyə müraciət edilməlidir. Bunun üçün də ayrıca qaydalar olacaq. Şəxslər hansı məqsəd üçün sudan istifadə edəcəyini əsaslandırmalıdır və s.", - deyə o əlavə edib.

Sudan istifadə haqqı differensiallaşdırılacaq

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları"na əsasən, sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq, ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə differensiallaşdırılacaq.
Sudan istifadə haqqı (tariflər) və sudan istifadə haqqının (tariflərin) yuxarı həddi bu Qaydalarda nəzərdə tutulan təyinatlar və respublika üzrə illik su təsərrüfatı balansının müvafiq göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunacaq. Sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azmelsutəsərrüfat" ASC və "Azərsu" ASC uçot üzrə məlumatlarını aidiyyəti üzrə "Elektron su təsərrüfatı" informasiya sisteminə daxil edəcəklər və həmin məlumatların mütəmadi yenilənməsini təmin edəcəklər.
Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə aktları ilə müəyyən ediləcək. Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bələdiyyələr tərəfindən müəyyən ediləcək.
Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanılmış müqavilə əsasında müəyyən ediləcək.
Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.
Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar
Torpaq sahibləri Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"-na uyğun olaraq, onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kişi əllərini yuyur - Sputnik Azərbaycan, 1920, 28.03.2022
İQTİSADİYYAT
İçməli sudan istifadəyə dair yeni mexanizm müəyyənləşib
Xəbər lenti
0