CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Baş Prokuroru Rusiya Dumasının deputatına cinayət işi açdı

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidMixail Delyagin
Mixail Delyagin - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Azərbaycanın neft sənayesi obyektlərinə taktiki nüvə zərbələri endirməyi təklif edən rusiyalı deputat barəsində cinayət işi başlanılıb.
BAKI, 30 mart — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Gennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının "Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.
Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib.
Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
"Azərbaycan Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.
Delyaginin təhlükəli təklifi
Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kreml - Sputnik Azərbaycan, 1920, 29.03.2022
RUSİYA
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya
Xəbər lenti
0