CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəramət Böyükçöl:"Damlanın danışması, partiya liderinin danışmasından təhlükəlidir"

© Photo : courtesy of Karamat BoyukcholKəramət Böyükçöl
Kəramət Böyükçöl - Sputnik Azərbaycan, 1920, 23.03.2022
Abunə olmaq
Yazıçı bildirir ki, sanki bizim müğənnilər bu dünyada yaşamırlar və nə qədər hissiyatlarını itiriblərsə, ölkədə və dünyada baş verənlərə heç bir reaksiya vermirlər.
BAKI, 23 mart — Sputnik. Sənətindən, tutduğu vəzifəsindən, dinindən, irqindən asılı olmayaraq hər kəs dünyada baş verən prosesləri sosial media vasitəsi ilə müzakirə edir. Bu müzakirələrə dünyanın ən məşhur ulduzları da qoşulur. Heç bir tendensiyadan geri qalmayan sənət adamlarımız nədənsə bu məsələdə geri qalır. Sanki bu dünyada baş verənlərdən hali deyillər. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.
Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci" mükafatına layiq görülən, şair Eminquey Akif istər öz ölkəsində, istərsə də dünyada baş verən hadisələrə mövqeyini bildirməyənləri dəvəquşuya bənzədir. Onun fikrincə dəvəquşu həyatı yaşayanlar başlarını quma soxub ömür sürürlər, arxada nələr baş verdiyi veclərinə deyil: "Bəstəkar, müğənni, şair, yazıçı, rəssam - istənilən sənət sahibləri düşünürlər ki, onların işi də, simaları da ancaq sənətlərindən ibarətdir. Guya onlar sözlərini sənətləri ilə deyirlər. İş orasındadır ki, sadaladığım sənət sahiblərindən sənətilə hansısa bəşəri mesaj verən biri yoxdur. Uzaqbaşı vətənpərvərlik mövzusunda çeynə-tüpür nələrsə ortaya qoyarlar, vəssalam".
Müsahibimiz əlavə edir ki, burada "madonna"lıq, "primadonna"lıq edənlər var. Məsələn, 2019-cu il Eurovision yarışmasında Madonnanın çıxışına baxsaq, orada nə qədər mesajların verildiyini görərik: "Hətta o çıxışı analiz etmişdik. Bizimlə yanaşı bir çox analitiklər də o çıxışda koronavirus mesajının da olduğunu qeyd etmişdilər. Ondan əlavə çox böyük mesajlar vardı. Sənət ilə mesaj vermək budur. "Qarabağım, canım mənim" oxumaqla, bitirmi?"
Eminquey hesab edir ki, dövlətdən dəstək görən sənətçilər söz deməyə qorxurlar. Qorxurlar ki, aldıqları mükafatları itirərlər. Qorxurlar ki, qara siyahıya düşərlər. Necə ola bilər ki, özünə yaradıcı adam deyəsən, amma öz ölkəndə baş verənləri içindən keçirməyəsən, bu haqda bir kəlmə belə mövqetin olmaya. Ola bilər, o zaman ki, itirməyə qorxursan. Halbuki heç kimdən siyasətçi olmaq tələb olunmur: "Mən mövqesiz insanları sevmirəm. Jurnalist, yazar dostlar var, saytlarda işləyirlər, nə yazılarında, nə də sosisal şəbəkədə böyük mövzulara girməzlər. Ölkədə baş verən haqsızlıqlara toxunmazlar. Qorxurlar. İşlərini itirməkdən, çörəksiz qalmaqdan. İçlərində elələri var ki, hiss edirsən, məcburdur. Çünki, işdən ayrılan kimi sosial hesablarında yazmağa başlayırlar. Elə adamlar da var ki, təməlində mütilik var. Şəxsən özümə gəldikdə isə, özümə qoyduğum qırmızı xətlərdən başqa istənilən mövzuda yazıram, mövqe bildirirəm. Və dəfələrlə buna görə başım ağrıyıb. Olsun. Vicdan rahat olandan sonra...".
Tanınmış yazar Kəramət Böyükçöl də mövzuya münasibətini bildirib. Böyükçöl bildirir ki, bizim sənət adamlarımız nəzarət altındadırlar: "Xüsusən "manıs tayfası" qorxu atında oxuyurlar, danışırlar. Onlar daim nəzarət altımdadırlar. Ölkəmizdə və dünyada baş verən siyasi mövzulardan təcrid olunublar. Tutaq ki, müğənni Damlanın milyonlarla izləyicisi var. Damlanın ağzını açıb danışması, hansısa siyasi partiya liderinin danışmasından daha təhlükəlidir. Çünki, xalq təfəkkürcə Damlanın xalqıdır. Yəni, bunların dilini Damla, Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu bilir. Ona görə də onlar qəti şəkildə siyasi məsələlərə qarışmazlar".
Yazıçı əlavə edir ki, sanki bizim müğənnilər bu dünyada yaşamırlar. Görün onlar nə qədər hissiyatlarını itiriblər ki, ölkədə və dünyada baş verənlərə heç bir reaksiya vermirlər. O qədər manqurtlaşıblar ki, siyasət sözündəki "S" hərfindən də qorxurlar. "Mən siyasətə qarışmıram" fikrinə vərdiş ediblər. Kəramətin fikrincə, bu həm də onların savadsızlığından irəli gəlir: "Bir dəfə bir müğənnidən müsahibə alırdım. Soruşdum ki, hansı alimi tanıyırsınız? Tez dedi ki, "saxla, saxla". Prodüseri ilə birlikdə çəkilişi saxlatdılar. Mənə dedi ki, " mənə Mehriban xanımın qohum-əqrabasında olan alimlərin adını deyin, deyim". Mən də Mehriban xanımın qohumlarında olan ziyalıların adlarını dedim. Çəkilişi davam etdirəndə bütün adları qarışdırdı. Məqsədim o idi ki, cəmiyyətə göstərim ki, " görün siz kimə qulaq asırsınız". Biz qulaq asdığınız müğənninin tayıyıq. Kimə qulaq asırıqsa, ruhən, mənən onun tayıyıq".
İllərdir şou-biznes əhli ilə çalışan jurnalist Şahin Cavadsoy digər müsahiblərdən fərqli düşünür: "Deməzdim heç biri ölkədə və dünyada baş verənlərə münasibət bildirmir. Brilliant Dadaşova, Faiq Ağayev, Nura Suri kimi sənət adamlarımız var ki, həmişə sosial media hesablarında gündəmin mövzularına uyğun status paylaşırlar, fikirlərini bildirirlər. Amma sizinlə razıyam, bu, digər xarici ölklərlə müqayisədə çox azdır. Hesab edirəm ki, bu onların savadsızlığı ilə bağlıdır. Düşünürlər ki, bir status yazarlar, o statusla onların necə savadsız olduqları üzə çıxar".
Mövzu ilə bağlı sənətçilərimizn də fikirlərini öyrənməyə çalışsaq da buna müvəffəq olmadıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aygün Kazımova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2022
CƏMİYYƏT
Kimin əvvəli, kimin axırı - Azərbaycanlı məşhurların əsl peşələri nə olub?
Xəbər lenti
0