CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimin əvvəli, kimin axırı - Azərbaycanlı məşhurların əsl peşələri nə olub?

© Photo : Instagram / aygun_kazimovaAygün Kazımova, arxiv şəkli
Aygün Kazımova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2022
Abunə olmaq
Onlardan bəzisi ixtisasca həkim, filoloq, müəllim, hüquqşünas, bəziləri isə iqtisadçıdır. Söhbət azərbaycanlı məşhurlardan gedir. Sputnik Azərbaycan həmin məşhurları təqdim edir.
BAKI, 22 mart — Sputnik. Ekranlarda, səhnələrdə parlayan insanların heç də hamısı ixtisası üzrə karyerasını davam etdirməyiblər. Onların əsl ixtisasları isə çoxlarına maraqlıdır.
Tanınmış diktor Nailə İslamzadə Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Nailə xanım Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirmişdi ki, onun arzusu universiteti bitirib, doğulduğu Balakən rayonuna qayıtmaq, orada müəllim kimi fəaliyyət göstərmək olub. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır: "Özümü qətiyyən bu sənətdə təsəvvür etmirdim. Əksinə, mən müəllim olmağı daha çox arzulayırdım. Rus dili və ədəbiyyatı üzrə təhsil almışdım. Uşaqlıqda qonşu uşaqları başıma toplayıb onlara dərs keçirdim. Qətiyyən aparıcı olmaq ağlımdan keçməyib".
Xalq artisti Flora Kərimova isə ixtisasca həkimdir. Müğənni 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi üzrə tam kursunu, daha sonra Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib. Kərimova bundan başqa, özünü aktrisa kimi də sınayıb. "Qanun naminə", "Həyat bizi sınayır", "Yollar görüşəndə" kimi filmlərdə rol alıb.
Əməkdar artist Vəfa Zeynalova isə illərlə gözəllik salonunda işlədiyini qeyd edib: "Aktrisa olmazdan əvvəl tələbə kimi getdim və öyrəndim. Universitetə daxil olanda bu işi atdım. Evdə, qonşuda, yaxınlardan hər kəs mənim yanıma gələrdi. Məhəllədə xanımların saçını mən kəsir, makiyajını edirdim. Həmin vaxt işləyirdim, gənc qız idim, tələbə olmağa hazırlaşırdım. Sonra salon açdım, özüm də çalışırdım. Sonra layihələr başladı, vaxt etibarilə çatdırmadım və uzaqlaşdım. Çox pul, hədsiz böyük pullar qazanırdım, evə kömək edirdim. İlk qazancımdan dəri gödəkcə aldım".
Xalq artisti Faiq Ağayev isə Tibb Universitetinə daxil olub, lakin oranı tez tərk edib. Buna görə ailəsi ondan küsübmüş: "Mənim gəncliyimdə ən məşhur üç fakültə bunlar idi: hüquq, şərqşünaslıq və həkimlik. Deməli, hazırlıq kurslarına getdim və bu kursları əlaçı kimi bitirdim. Mən orta məktəbi də əlaçı kimi bitirmişəm. Tibb Universitetinə də imtiyazlı tələbə kimi müsabiqədənkənar qəbul etdilər məni. Lakin 1-ci kursu bitirər-bitirməz sənədlərimi götürüb Mədəniyyət və İncəsənət Universitetinə verdim. Evdəkilər bunu biləndən sonra məni altı ay danışdırmadılar".
"Avroviziya" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov isə alman dili müəllimi imiş: "Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunuyam. Alman dilini bilirəm. Universitetdə oxuyanda alman dilində dərs verirdim".
Səhnəmizin divası, Xalq artisti Aygün Kazımova isə idmançı olub. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. Müğənni eyni zamanda bir sıra filmlərdə rol alıb.
Müğənni Elçin Cəfərov isə gənclik illərində Türkiyədə ofisiant işləyib.
Xalq artisti Röya Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Azərbaycanın Əməkdar, Dağıstanın isə Xalq Artisti olan Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitutunun Kütləvi tədbirlər rejissoru fakültəsini bitirib. Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri olan Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyib. Müğənni eyni zamanda "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub. Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən iqtisad elmləri namizədidir. Dizaynerliklə də məşğul olan Ədalət Şükürov arabir rəssamlıq da edir.
Müğənni Aysel Teymurzadə 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olub. 2004-2005-ci illərdə burada təhsil alıb.
Müğənni Abbas Bağırov 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad Kollecində təhsil alıb.
Müğənni və aktrisa Elnarə Xəlilova 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. O, eyni zamanda leytenantdır: "Nə leytenant, nə baş leytenant adını hamıya vermirlər. İki ali təhsilim var. Tibb bacısıyam, diplomum var, FHN-də tibb bacısı işləmişəm".
Tanınmış Müğənni Rəqsanə İsmayılovanın əsl peşəsi hüquqşünasdır. O, 2013-cü ildə Rusiya universitetlərindən birinin hüquq fakültəsinə daxil olub.
"Məktəb illəri" mahnısı ilə tanınan Əməkdar artist Lalə Məmmədova isə Filologiya üzrə fəlsəfə doktorudur. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır. 2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burada Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. O, Azərbaycan Milli Aviasiya Akademiyasında İngilis dili fənnini tədris edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xalq artisti Arif Babayev - Sputnik Azərbaycan, 1920, 20.02.2022
MƏDƏNİYYƏT
Sənətkarlar yetişdirmiş sənətkarın ad günüdür
Xəbər lenti
0