Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hər şey dəyişir, afişalardan başqa - VİDEO

© AFP 2024 / NATALIA KOLESNIKOVABoş teatr səhnəsi, arxiv şəkli
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Sənət adamları Azərbaycan teatrlarınını vəziyyəti ilə bağlı həyəcan təbili çalır.
BAKI, 20 mart — Sputnik. Aylar, illər keçsə də, Azərbaycan teatrlarında vəziyyət dəyişilməz olaraq qalıb. Texniki və yaradıcı heyət baxımından dəyişiklik olsa da, afişalar olduğu kimi qalır. Eyni opera, eyni balet, eyni operetta.. Necə deyərlər, köhnə hamam, köhnə tas. Klassik əsərlər gözəldir, amma tamaşaçı yenilik gözləyir... Hərdən yeni tamaşaların premyerası baş tutsa da, teatrsevərlər sadaladığımız janrların üzünə həsrətdir, desək yanılmarıq. Bunun səbəbi nədir? Teatrlar buna maraqlı deyil, yoxsa bəstəkarlar bu janra meyilli deyillər?
Xalq artisti, "Şöhrət" ordeni laureatı Faiq Sücəddinov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində son illər bu janrlara müraciət edilməməsinin səbəblərindən bəhs edib:
"Bu yaxınlarda müğənni Nəsibə Abdullayeva ilə söhbət edirdim. O dedi: "Faiq müəllim, Azərbaycan musiqisi bir az dəyişib". Mən də dedim ki, bir az yox, çox dəyişib. Bunun başlıca problemi odur ki, bəstəkar bəstəkarlığı ilə, şair şairliyi ilə məşğul olmur. Birdən-birə azadlıq verildi və musiqiyə böyük bir axın oldu. Ona görə də musiqimizdə də, sözlərində də böyük dəyişikliklər olub. Təbii ki, mənə xoş deyil. Ümid edirəm ki, bir gün bu "xəstəlik" bitəcək. Öz musiqimizə, öz mədəniyyətimizə geri qayıdacağıq".
Bəstəkar bildirir ki, problemlərin kökündə maliyyə dayanır: "Teatrlarımızda da, kinomuzda da problem var. Yeni tamaşa, yeni kinossenarilər demək olar ki, yazılmır. Teatrlar köhnə tamaşaları, operaları, baletləri qoyurlar. Mənə elə gəlir ki, bu, maliyyə ilə bağlıdır. Müsabiqə təşkil olunsa, deyilsə ki, komediya teatrına libretto ver, ya da desə ki, dram teatrına dramaturji bir əsər ver, mənə elə gəlir ki, 10 bəstəkar əsər yazar. 10 əsərdən birini seçmək olar. Bir var tərtibat, bir də var sən yeni tamaşaya yeni bir musiqi yazasan".
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Azər Hacıəsgərli bildirir ki, Sovet dönəmində bəstəkar balet, operetta və ya opera yazırdı, Mədəniyyət Nazirliyi onun qarşılığında bəstəkara məvacib ayırırdı: "Mənim bitirdiyim balet var. Amma ifa olunmayıb. Bunun üçün çox böyük zəhmət, əmək lazımdır. Bu əziyyətə də heç kəs qatlaşmaq istəmir. Ona görə də klassik musiqilərlə ayları, illəri, əsrləri yola salırlar. Sovet dövrü ilə indiki vəziyyət fərqlidir. Əslində indi daha yaxşı olmalı idi. Amma indiki şəraitdə yazılmış əsər kassa qazandırmalıdır.
Mən Opera və Balet Teatrı üçün pul qazandırmalıyam. Bunun üçün mən çox gözəl əsər yazmalıyam və buradan pul qazanmalıyam. Bu sistemi düzəltmək üçün vaxt və işini bilən prodüser lazımdır. Son zamanlar insanların istirahət etmək üçün məkanları olduqca azdır. "Mall"ardır, kinoteatrlardır, orada da ancaq komediya filmi nümayiş olunur. Məsələn, Opera və Balet Teatrına gələn adam öncə düşünməlidir ki, mən maşınımı harada "parkovka" edim? Tamaşaçı düşünür ki, tutaq ki, mən operaya getdim, istirahət edə biləcəmmi? Teatr rəhbərliyi bunu düşünməldir ki, gələn adam rahat gəlsin, 2 saat ərzində zövq alsın.
Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, hər yazılan əsəri səhnəyə qoymur. Əsər teatrın tələblərinə cavab verməlidir: "Son illər heç bir bəstəkar bizə operanın yazılışı ilə bağlı müraciət etməyib. Bizim repertuarımızda əsasən klassik operalardır. Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayevin, Şəfiqə Axundovanın və s. klasssik bəstəkarlarımızın əsərləri repertuarımızda yer alıb. Son illər yalnız Firəngiz Əlizadənin "İntizar" operası olub, o da təxminən 15 il öncə repertuara salınıb".
Balet tamaşalarına gəldikdə isə mətbuat katbi bildirir ki, son illər müasir bəstəkarların əsərləri səhnəyə qoyulub: "Bir müddət öncə Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" baletinin premyerası olub. 2012-ci ildə Elnarə Dadaşovanın "Sayalı" baleti səhnəyə qoyulub. 2018-ci ildə Sərdar Fərəcovun "Cavad xan" baleti səhnələşdirilib. Amma yeni operalar qoyulmayıb. Hər yazılan operanı da səhnəyə qoymaq olmaz. Adını sadaladığım baletlər bədii şurada müzakirə olunur, iradlar varsa, söylənilir. Düzəlişlər edildikdən sonra səhnəyə qoyulur.
Təbii ki, söhbət operettalardan gedirsə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarına daxil olan tamaşaların əksəriyyəti bu janrı əhatə edir.
Ümumiyyətlə, operetta janrı mürəkkəb bir janr olduğu üçün hər bəstəkar bunun öhdəsindən asanlıqla gələ bilmir.
Bəstəkarların "teatrlar bizim əsərləri qəbul etmir" fikirləri o qədər də doğru səslənmir.
Təbii ki, yaradıcılığı tələb etmirlər. Bəstəkarlar öz musiqilərini yazırlar, libretto müəllifləri ilə birlikdə məsləhətləşirlər və sonra hazır əsəri teatra təqdim edirlər. Tamaşa teatrın bədi şurası tərəfindən qənaətbəxş hesab edilərsə, səhnəyə vəsiqə alır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova bildirib ki, Akademik Musiqili Teatr olaraq yaxşı yazılmış operettaya hər zaman ehtiyac var. Onlar gənc bəstəkarlardan operetta janrında əsərlər gözləyirlər: "Əvvəllər teatrımızın adı Musiqili Komediya Teatrı idisə və əsasən operetta janrında əsərlər səhnəyə qoyulurdusa, indi belə məhdudiyyət yoxdur. Hazırda Akademik Musiqili Teatr kollektivinin yaradıcılıq imkanları daha da genişlənib. Musiqili dram, faciə və müxtəlif səpkili əsərlər səhnəyə qoyulur, eyni zamanda da təbii ki, komediya janrına da müraciət olunur".
Mətbuat katibi qeyd edir ki, son illər də teatrımız öz ənənəsinə sadiq olaraq bir çox bəstəkarları və libretto müəlliflərini teatra dəvət edir, onlarla söhbətlər aparır. Bəstəkarlar libretto müəllifləri ilə birlikdə yeni tamaşa üzərində işləyirlər:
"Məsələn, 2016-cı ildə bəstəkar Firudin Allahverdi və yazıçı-dramaturq Elçinin hekayələri əsasında "Baladadaşın toy hamamı" tamaşası teatrın səhnəsində elə ilk baxışdan maraqla qarşılandı və bu günə qədər də repertuardan düşmür. Bundan əlavə ABŞ-da yaşayan həmyerlimiz, bəstəkar Ruslan Ağababayev dünya şöhrətli yazıçı Antuan-de Sent Ekzüperinin "Balaca Şahzadə" əsərinin motivləri əsasında eyniadlı tamaşaya musiqilər yazdı. Bu müzikl 2019-cu ildə böyük tamaşaçı kütləsinə təqdim olundu və böyük rəğbətlə qarşılandı.
Əməkdar artist Gövhər Həsənzadənin musiqiləri və publisist, yazıçı-dramaturq Əmir Pəhləvanın librettosu əsasında "Sevənlərindir dünya" müzikl hazırlanır. Akademik Musiqili Teatr həmişə yaradıcı insanlara qucaq açır və teatr rəhbərliyi hər zaman bu məsələyə xüsusi önəm verir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
“Hər yerdə teatr” adlı layihə - Sputnik Azərbaycan, 1920, 10.03.2022
MƏDƏNİYYƏT
Bu gün “Hər yerdə teatr” idi - VİDEO
Xəbər lenti
0