Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ukraynada təhsil alan 20 min azərbaycanlı tələbənin taleyi necə olacaq?

© AP Photo / Czarek SokolowskiPolşa
Polşa - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
BAKI, 2 mart — Sputnik. Ukraynada aparılan hərbi əməliyyatlar bu ölkədə ali təhsil alan minlərlə azərbaycanlı tələbənin təhsilini yarımçıq dayandırmağa, Azərbaycana qayıtmağa vadar edib. Yaranmış vəziyyət Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi məsələsini də aktuallaşdırıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda Ukraynada 20 mindən çox azərbaycanlı tələbə təhsil alır.
Bəs görəsən hərbi əməliyyatlar uzun müddət davam edərsə Ukraynada ali təhsil alan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilərmi?
Tələbələr də narahatdır
Sputnik Azərbaycan-a müsahibə verən Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakültəsinin ikinci kurs tələbəsi Nuray Həsənzadə bu məsələnin onları da narahat etdiyini bildirib. N.Həsənzadə deyib ki, vəziyyət düzələnədək onların distant təhsil alması mümkündür. Amma Ukraynada təhsil alan tələbələr hərbi əməliyyatların nə qədər davam edəcəyini bilmirlər. Onlar deyir ki, əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu onların Azərbaycan universitetlərinə köçürülməsi ola bilər.
Nazir öz sözünü deyib
Təhsil Nazirliyinə ünvanladığımız suala isə cavabda bildirildi ki, təhsil naziri Emin Əmrullayev bu barədə dünən xaricdə təhsillə bağlı keçirilən brifinqdə məlumat verib. Nazir deyib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan Universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur.
Bəs görəsən hazırki qaydalarla Ukraynada təhsil alan tələbələrin ölkəmizə köçürülməsi mümkündürmü?
Hazırki qaydalar "yox" deyir
Nazirlikdən bildirildi ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir:
"Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də aparılmır.
Bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir.
Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir".
Qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki, onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olunublar.
Təhsil üzrə ekspert Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ukraynada baş verənlər azərbaycanlı tələbələrin təhsilini davam etdirməsinə müəyyən problemlər yaradıb. Ş.Əsgərov deyir ki, Ukraynada xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Azərbaycan hökuməti baş vermiş hadisədən dolayı həmin gənclərə dəstək olmaldıır:
"Bu gənclər bizimdir, biz onları niyə itirməliyik? Onlara təhsillərini davam etdirmələrinə şərait yaratmaq lazımdır".
Ukraynanın bir sıra universitetləri qara siyahıya salınıb
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanla Ukrayna arasında təhsil alanlar heç bir dövlət proqramının tərkibində orada oxumurlar:
"Bizim Ukraynada xeyli sayda tələbəmiz təhsil alır. Onlar attestat və universitetin daxili imtahanı əsasında həmin universitetlərə qəbul olublar. Onların Azərbaycandakı hazırki qaydalarla ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki, Ukraynada təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı da Azərbaycanda kifayət qədər problemlər üzə çıxıb.
Buna görə hətta Ukraynanın bir sıra universitetləri qara siyahıya salınıb. Bununla belə Ukraynada qalıb orada təhsil alan azərbaycanlı tələbələr də az deyil. Onlar yaxşı səviyyədə təhsil alırlar. İnanıram ki, Azərbaycan hökuməti Ukraynada hərbi əməliyyatlar davam edərsə onlara hər hansı formada dəstək olacaq. Mövcud köçürmə qaydalarına müharibə vəiyyətindən dolayı dəyişiklik edəcək".
100 bal toplaya bilməyənlər Ukraynada təhsil alır
İ.Orucov dövlət səviyyəsində Azərbaycanla Ukrayna arasında ali təhsillə bağlı hər hansı əməkdaşlıq sazişinin və mübadilə proqramının olmadığını söylədi. O bildirib ki, bu gün Ukraynada təhsil alan azərbaycanlı tələbələr arasında bilik səviyyəsi çox aşağı olanlar az deyil:
"Dövlət İmtahan Mərkəzinin imtahanlarında 100 bal toplaya bilməyən abituriyentlər, orta məktəbdə 3 qiymət ala bilməyənlər Ukraynada ali təhsil almağa gedir. Təbii ki, bilik səviyyəsi aşağı olan tələbələrin qəbul edilməsində həmin ölkənin kommersiya maraqları var. Bu kimi hallar əlbəttə ki qəbulolunmazdır".
Ukraynada təhsil alanlardan 70 nəfərin diplomu tanınmayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən isə Sputnik Azərbaycan-a bildirildi ki, fevral ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 87, Ukraynadan 70, Türkiyə Respublikasından 57, Gürcüstandan 16, Amerika Birləşmiş Ştatları 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 27, tibb üzrə 20, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Xatırladaq ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi (www.transfer.edu.az) portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanlı tələbələr kilsəyə sığındı
Bu gün azərbaycanlılar Kiyevdən qatarla çıxarılacaqlar
Fəxri Konsul Xarkovdan yola salınan azərbaycanlılar haqda məlumat verdi
Nazirdən Ukraynada qalan tələbələrlə bağlı açıqlama
Xəbər lenti
0