Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimləri MİQ üzrə ən çox narahat edən məqam dəyişəcəkmi?

© Photo : REPORTMüəllimlərin imtahanı, arxiv şəkli
Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
İmtahanlara eyni çətinlik dərəcəli suallar salınmalıdır ki, bütün müəllimlərin biliyini ədalətli qiymətləndirmək mümkün olsun.
BAKI, 22 fevral — Sputnik. Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq ediləcək yenilikləri ictimaiyyətə açıqlayıb.
MİQ imtahanlarında son dəyişikliklər
Bildirildi ki, növbəti tədris ilində keçiriləcək müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək. Həmçinin vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərdən biri də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yerdəyişmədə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilməsi olacaq.
Eləcə də ucqar kənd yerlərində çalışan müəllimlər bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləməlidirlər. 3-5 il fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq.
Sputnik Azərbaycan müəllimlərin işə qəbul (MİQ) imtahanlarında son yeniliklərdən sonra müəllimləri bu prosesdə narahat edən başqa hansı məqamların olduğunu araşdırıb.
Müəllimlərin əsas narahatlığına son qoyulmayıb?
Suala cavab axtarmazdan öncə xatırladaq ki, ötən il keçirilən MİQ imtahanları çoxsaylı narazılıqlarla yadda qaldı. MİQ imtahanlarına salınan sualların çətinliyinə görə fərqli olmasından narazılıq edən müəllimlər imtahana beşvariantlı suallar salındığından narazı idilər.
Bəs görəsən, MİQ imtahanlarına edilən son yeniliklərdən sonra müəllimlər başqa hansı dəyişikliklərin olmasını istəyirlər?
Bir neçə ildir ki, ardıcıl MİQ imtahanlarında iştirak edən müəllim İradə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu, yerdəyişməsi qaydalarında tətbiq ediləcək yeniliklərin bəziləri onların xeyrinədir. Amma onların gözlədiyi - imtahan sualları ilə bağlı məsələdir ki, hələ ki bununla bağlı hansı dəyişikliyin olacağı məlum deyil:
"İmtahanların test mərhələsinə ayrılan vaxtın 90 dəqiqədən 120 dəqiqəyə çatdırılmasını alqışlayırıq. Çünki verilən suallara 90 dəqiqə ərzində cavab vermək mümkün deyildi. Biz vaxt azlığından sualların çoxunu cavablandıra bilmirdik. 4 səhv cavabın 1 düz cavabı silməsinin də müsbət dəyişiklik olduğunu düşünürəm. Çünki bu, müəllimdə məsuliyyət yaradacaq ki, suallara diqqətli yanaşsın. Amma hələ ki imtahan sualları ilə bağlı hansısa dəyişikliyin olub-olmayacağını söyləmək çətindir.
Ötən il imtahan seanslarına salınan sualların ağırlıq dərəcəsi fərqli oldu. Nəticədə savadsız müəllimlər savadlı müəllimlərdən çox bal toplayaraq müəllim işləmək şansı qazandılar. Düşünürəm ki, imtahanlara eyni çətinlik dərəcəli suallar salınmalıdır ki, bütün müəllimlərin biliyini ədalətli qiymətləndirmək mümkün olsun".
İ.Məmmədova deyir ki, başqa bir çətinlik imtahanlara çoxmərhələli sualların salınması ilə bağlıdır. Onun sözlərinə görə, imtahanlara çoxmərhələli sualların salınması onların vaxtını aparır: "Yaxşı olardı ki, imtahanlara ikimərhələli suallar salınsın".
Son dəyişikliklər nə vəd edir?
Təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, MİQ imtahanındakı son dəyişikliklər labüd idi. Ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, MİQ imtahanlarında məzmun dəyişikliyinin əsl vaxtı idi. K.Əsədovun sözlərinə görə, müəllim heyəti fərqli kompetensiyalarda yoxlanılmalıdır: "2009 və 2011-ci ilə qədər müəllimlərin işə qəbul imtahanları şəffaf keçirilmirdi.
Direktorlar, rayon təhsil şöbələri bəzən əsassız tələblər, qanunsuz yolla qəbul həyata keçirirdilər. Artıq problem öz həllini tapıb. İndi məzmun dəyişikliyinin vaxtı idi. Bundan əvvəl 60 sualın 40-ı ixtisas, 10-u kurikulum, 10-u məntiqə aid idi. Sonra məntiq sualı çıxardıldı. Sualların 40-ı ixtisas, 20-si kurikuluma aid salındı. Sualların hamısı 1 balla qiymətləndirilirdi. Nəticə mütəxəssis seçiminə imkan vermirdi.
Kimsə ixtisasını yaxşı bilirdi deyə biz onu dəyərləndirməliydik. Son yenilikdən sonra isə ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək".
Ekspert deyir ki, ən yaxşı dəyişikliklərdən biri vakansiyaların əvvəlcə sistemdə olan müəllimlərə və şəhid ailələrinin üzvlərinə təklif ediləcəyi barədədir. Onun sözlərinə görə, öz canını dövlət uğrunda fəda etmiş şəhidlərimizin mənən övladlarına köməkliyini özündə ehtiva etməsi təqdirəlayiqdir: "Həqiqətən, onlar yaşayırlar. Təhsil Nazirliyi sözdə yox, əməldə sübut etdi".
K.Əsədov deyir ki, son yeniliklə imtahan suallarına verilən 4 səhv cavab 1 düz cavabı siləcək. Onun fikrincə, bu təsadüfən suallara düz cavab verməklə insanların taleyini həll edəcək bir neçə balın toplanmasını əngəlləməklə ədalətli yerləşməyə səbəb olacaq: "Səhv cavabların onluq kəsrlər mərtəbəsində bal hissələrini yaratması səbəbindən eyni bal toplayanların sayı əhəmiyyətli dərəcədə azalacaq ki, nəticədə ədalətsiz yerləşməyə son qoyulacaq.
Abşeron yarmadasında müəllimlərin yerdəyişməsi yalnız MİQ müsabiqəsi daxilində aparılacaq. Bu, paytaxta və mərkəzi şəhərlərə axışmaq istəyən, müxtəlif sosial səbəblər uyduran insanların yükündən həm hökuməti, həm də cəmiyyəti azad edəcək. Bundan sonra daha istedadlı gənclərin ədalətli qaydada iş yerinin dəyişdirilməsi amili önə çıxacaq".
Müəllimlər hər il iş yeri dəyişə bilməyəcəklər
K.Əsədov bildirdi ki, ucqar kənd yerlərində çalışan müəllimlər bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləməlidirlər: "Bu, məktəbləri seçib oranı 1 il yola verməklə staj toplamağı, növbəti il yerdəyişmə edəcəyini düşünən insanların sayını minimuma endirəcək. Kənd məktəblərini seçib, sonradan oradakı iş yerini dəyişməklə təlim mühitini pozan amillər aradan qalxacaq. Ucqarda işləyən müəllimlərin 3-5 il staj toplaması ilə onların ballarına edilən əlavələr onların təcrübəli müəllim kimi sonradan yerdəyişməsini asanlaşdıracaq. Onları ucqarları seçməyə sövq etməklə oradakı müəllim çatışmazlığı problemi həll ediləcək.
İllərdir sistemdə işləyən, müsabiqə ilə ucqarlarda əzab-əziyyətlə çalışan müəllimlərə yerdəyişmə qaydasının tətbiqi bu peşəyə marağı, insanların məmnunluğunu artıran ədalətli bir qərardır. Bu qaydanın saxlanması xüsusi alqışlanmalıdır. Çünki indiyədək rayonları seçən müəllimlər orada ən yaxşı halda bir il işləyirdilər. Nəticədə şagirdlər hər il eyni fənn üzrə bir müəllim dəyişirdilər. Bu, ibtidai siniflərdə özünü daha qabarıq formada göstərirdi. İbtidai sinif şagirdlərinə hər il bir müəllim dərs deyirdi".
Ekspert bildirir ki, tədris ili başlanandan sonra yaranan vakansiyalara heç bir halda müddətsiz əsaslarla müəllim işə qəbul edilməyəcək. Bu o deməkdir ki, tədris ilinin ortasında yaranan vakansiyalarda müddətli işləyənlər orada daimiləşməyəcək: "Bütün vakansiyalar yayda bir yerdə hamıya təklif edildiyi üçün ədalətli seçim olacaq. Tədris ilinin ortasında çalışma həddinə çatmış müəllimlərlə əmək müqaviləsinin ilin sonuna qədər avtomatik uzadılması zərurəti yaranacaq. Bununla da yaşlı müəllimlərdə diskomfort və məktəbdə boşluq yaranmayacaq".
İmtahan suallarında fərq problemi
K.Əsədov onu da qeyd edib ki, MİQ imtahanlarında seanslar arasındakı suallarda fərq daim olacaq. Amma çalışmaq lazımdır ki, bu fərq elə böyük olmasın: "Azərbaycanda testologiya üzrə problemlər var. Uzun sualların qoyulması çox vaxt aparır. Ümid edək ki, test tapşırıqlarının qoyulması ilə bağlı əvvəlki illərin səhvləri təkrarlanmayacaq".
Xatırladaq ki, ötən il müəllimlərin narazılığına 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlara sualların əvvəlki imtahanlarla müqayisədə fərqli salındığı faktı öz təsdiqini tapdı.
Elə ona görə də çətinlik fərqi olan imtahanlar üzrə müəllimlərə təkrar imtahan şansı, əlavə bal verilməsi barədə qərar qəbul olundu. 5040 test tapşırığı üzrə təhlil aparılaraq 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanların suallarında fərq üzə çıxmışdı.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun:
* Müəllimlərin işə qəbulunda bu yeniliklər olacaq
* On minə yaxın müəllim bu il işə qəbul ediləcək
Xəbər lenti
0