Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Beynəlxalq Ana Dili Günü: Bəs dilimiz nə gündədir?

© AFP 2024 / TOFIK BABAYEVBakıda Azərbaycan bayrağı, arxiv şəkli
Bakıda Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Akademiyanın Dilçilik İnstitutunun alimləri müxtəlif yollarla asan qazanc əldə etməkdən həya edib, usanıb, gözləri doyub öz işləri ilə məşğul olmalıdırlar.
BAKI, 21 fevral - Sputnik. 21 fevral bütün dünyada, eyni zamanda ölkəmizdə Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Təəssüf ki, bir çoxlarının yadına ana dilinin əhəmiyyəti, dogma dilin qorunmasının vacibliyi sadəcə bu gün düşür.
Bəlkə də beynəlxalq səviyyədə qeyd edilməsə, çoxlarının yadına düşməz ki, ana dilimiz bizim milli kimliyimizin əsas atributu, mədəniyyətimizin önəmli faktorudur. Xüsusilə, dilçiliklə məşğul olan alimlərin əksəriyyəti dilimizin qorunmasına, inkişafına barmaqarası yanaşır. Gənc dilçi alimlərin ümumiyyətlə elmlə maraqlanmır, intiriqalar içərisində itib-batır.
***
Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda öz ana dilinin rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. Həmin dövrdə indiki Banqladeş Pakistanın tərkibində idi və benqal dili rəsmi status daşımırdı. Bu hadisədən illər sonra, 1971-ci ildə Banqladeş müstəqilliyini elan etdi.
1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində ana dilləri uğrunda mübarizəyə qalxan 4 tələbə həlak oldu. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi, bu günün ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət etdi.
1999-cu ilin noyabrında UNESCO Baş Konfransının XXX sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan edildi. Daha sonra UNESCO üzv ölkələrə tövsiyə etdi ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin, bu gün beynəlxalq səviyyədə qeyd edilsin.
***
Hər ilin bu günü, mən Güney Azərbaycanda yaşayan, öz dogma dilində, öz türkcəsində oxuyub-yazmaq imkanı olmayan milyonlarla soydaşımızı düşünürəm. Onların dilimiz üçün apardığı mübarizə məni hər zaman ümidləndirir. Bu yolda nə qədər tək, köməksiz olsalar da, illərdi mübarizə davam edir. Xüsusilə Güneyli şair və yazıçı dostlarımız bu davadan geri çəkilmir. Mən bu fədakar insanları hər zaman sevgi və sayğıyla xatırlayıram.
Eyni zamanda bivecliyi və laqeyidliyi ucbatından öz dilində danışmağı utanc bilən, dilimizə xor baxan nadanları da unutmuram. Hə, bu gün xüsusi olaraq “hörümçək” sözünü ötən il çap olunan Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinə daxil etməyi unudub, “spayder” sözünü unutmayan “alim”lərimizi lazımi şəkildə yad edirəm. Ancaq elə hörümçək kimi…
Sevimsiz həşərat olan hörümçək, bəzi dilçi alimlərdən daha faydalıdır. Öz dilinə qarşı bu qədər laqeyid yanaşan adamların mənim gözümdə həşərat qədər dəyəri, qiyməti yoxdur. Ümumiyyətlə ana dilinə laqeyd yanaşan, xor baxan, hörmət etməyən istənilən adamı qınayıram.
© Photo : Public DomainAna dili abidəsi
Ana dili abidəsi - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Ana dili abidəsi
***
Dilimizə yeni sözlər gəlməlidir. Xarici dillərdən dilimizə keçmiş sözlərin normal qarşılığı tapılmalıdır, şairlər, yazıçılar, dilçilər diqqətli olmalıdır. Xüsusilə texnalogiya ilə bağlı dilimizə keçən sözlərin qarşılığını taparkən yaradıcı yanaşma sərgiləməliyik. Söz yaradıcılığına diqqətli və elmi yanaşmalıyıq, dilimizi parazit sözlərdən, bayağı ifadələrdən təmizləməliyik.
Sovet dönəmində dogma dilində gözəl əsərlər yaradan vicdanlı qələm adamlarımızı, xüsusilə sovet dövründə ana dilimizi qorumaq üçün çalışan dilçi alimlərimizə böyük ehtiramla anıram. Onların sayəsində sovet hakimiyyəti illərində dilimiz digər türkdilli xalqların dilləri ilə müqayisədə "kirlənmədi", öz təmizliyini qoruya bildi. Digər türkdilli xalqların vəziyyəti bizdən daha qorxuludur.
Bunu onların öz şair-yazıçıları, qələm adamları da etiraf edir. Ancaq bu gün dilimizin, dogma türkcəmizin “çirklənməyi” sürətlənib. Bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Bu yaxınlarda akademik Ramiz Mehdiyevlə mübarizdən qalib çıxmış Azərbaycan Milli Elmlər Akademiyası daha ayıq-sayıq, daha diqqətli olmalıdır. Xüsusilə Akademiyanın Dilçilik İnstitutunun alimləri müxtəlif yollarla asan qazanc əldə etməkdən həya edib, usanıb, gözləri doyub öz işləri ilə məşğul olmalıdırlar.
***
Bir tərəfdən efirlər, “ağzı qatıq kəsməyən” aparıcılar, dilimizdən bixəbər radio aparıcıları, ana dilindən bixəbər “qiraətçilər” dilin belini qırır, bir tərəfdən də alimlərimiz fəaliyyətsizlikləri ilə, dilimizə laqeyid yanaşmasıyla bu biyabırçılığın miqyasını böyüdür.
İnsafən ölkəmizdə dilimizi qorumaq və inkişaf etdirmək üçün xeyli sayda qurum var. Məsələn, çiçəklənən yurdumuzda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası var, Dilçilik İnstitutu var, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi var. Hələ Tərcümə Mərkəzi, Yazıçılar Birliyi kimi qurumlar, universitetlər fəaliyyət göstərir. Yəni, dilimizin bərabad hala düşməsinə mane olacaq xeyli sayda məsuliyyət sahibi var, ancaq hələ də dilimizin problemləri bitib-tükənmir.
***
Ana dilimizin saflığını qorumaq, hamımızın borcudur. Düşünürəm ki, bu məsələdə şairlərimiz, yazıçılarımız, jurnalistlərimiz, müəllimlərimiz, aparıcılarımız da həssas olmalıdır. Hörmətli dilçi alimlərimiz ikiqat məsuliyyət hiss etməlidir. Vətənin, ulusun, yurdun dili ilə zarafat etmək, ana dilinə laqeyid yanaşmaq olmaz.
Dilimizi bu gün qorumasaq, gələcəkdə nəvələrimizin gorumuza söyəcəkləri ehtimalı qaçılmazdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan, 1920, 21.02.2022
CƏMİYYƏT
Qulu Məhərrəmli: Efirə çıxan aparıcının dili qüsursuz olmalıdır
Xəbər lenti
0