Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı Kanadanı necə fəth etdi - FOTO

© Photo : Facebook / Elnur Gambarov Elnur Qəmbərov (sağda)
 Elnur Qəmbərov (sağda) - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Elnur Qəmbərov xaricdəki həyatın özəlliklərindən, sıfırdan necə başladığından, vətəninə hansı səbəbdən qayıda biləcəyindən danışıb.
BAKI, 15 fevral — Sputnik. Azərbaycanlı mütəxəssislər xarici ölkələrdə elə də çox tanınmır və milli komandalarda rəhbər vəzifələrə cəlb olunmurlar. Ancaq Elnur Qəmbərov xaricdə diqqət çəkən adamlardan biridir. Ötən gün o, Kanadanın futzal üzrə yığmalarına baş məşqçi təyin olunub: bu ölkənin bütün yığmaları onun rəhbərliyi altında çalışacaq.
Sputnik Azərbaycan-a verdiyi müsahibəsində Qəmbərov Kanadaya necə getdiyindən, bu uzaq ölkədəki həyatından, bir gün tarixi vətəninə qayıtmaq ümidindən danışıb.
- Özünüz haqqında məlumat verin.
- Əvvəllər böyük futbolda oynamışam, 16 yaşımda Kazbek Tuayevin rəhbərliyi altında "Neftçi"nin əsas heyətinə daxil olmuşam. Vidadi Rzayev, Yunis Hüseynov kimi ulduzlarla oynamışam, 1996-1997-ci il mövsümündə Azərbaycan çempionu olmuşam. Bundan sonra "Şəfa", "Şəmkir", "Xəzər-Lənkəran-2" klublarında oynamışam.
Daha sonra futzala keçdim, 2006-cı ilə qədər oynadığım "Araz-Naxçıvan" klubundan dəvət aldım.
2014-cü ildə futbol karyeramı başa vuraraq çempionluğa aparan "Xəzər Aylends" futzal klubunun məşqçisi oldum. Yeri gəlmişkən, bu günə kimi futzal üzrə Azərbaycan çempionatının qalibi olmuş yeganə azərbaycanlı məşqçi olaraq qalıram. Ölkədəki bütün digər titulları yalnız xarici mütəxəssislər qazanıblar.
- Niyə Kanadaya köçmək qərarına gəldiniz?
- O zaman ilin ən yaxşı məşqçisi seçilməyimə baxmayaraq, komandamız dağıldığı üçün işsiz qaldım.
Bir il gözlədikdən sonra ailəmlə birlikdə Torontoya köçmək qərarına gəldim. Həyat yoldaşım bədii gimnastika üzrə məşqçi, beynəlxalq dərəcəli hakim, Azərbaycanın idman ustası Leyla Qəmbərovadır. O zaman ona Kanadada iş təklifi olunmuşdu.
Həyat yoldaşımı ora hələ 2010-cu ildə dəvət etmişdilər, ancaq hər ikimizin işi olduğu üçün getməkdən imtina etdik. İlyarım işsiz qaldıqdan sonra risk edib getməyə qərar verdik.
Kanadada futzal yerli gənclərə yad olduğu üçün böyük futbolla başladım. Amma sonra yavaş-yavaş futzal klubları yaratmağa başladıq, çünki Kanadada qış soyuq keçdiyi üçün insanlar əsasən qapalı yerlərdə oynayırdılar. Bundan əlavə, həmyerlimiz Şamil Fərəcov "FC Seymur" futzal komandasını təşkil edərək lazım olan hər şeyi təmin edib.
Komandamızın məşqlərinin birində yerli federasiyanın nümayəndələri iştirak etdilər, nəticədə mənə Kanada futzal üzrə yığmaları ilə işləməyi təklif etdilər. Artıq mənim köməkçilərim, həkimlərim, fizioterapevtlərim olsa da, yenə də etiraf etməliyəm ki, Kanadada futzalın səviyyəsi ən yüksək dərəcədə deyil.

Hələ də Azərbaycandan meyvə gətirməyi xahiş edirik

- Başqa ölkədə hər şeyi sıfırdan başlamaq nə qədər çətin idi?
- Nə qədər çətin olduğunu sözlə ifadə edə bilmirəm. Burada tamamilə fərqli mentalitet, fərqli dil, fərqli düşünən insanlar var. Məsələn, burada uşaqlara qışqıra, yaxud onları tənqid edə bilməzsiniz, əks halda valideynlər və menecerlərlə məsələni həll etməli olacaqsınız. Hətta məhkəməyə belə verə bilərlər, ancaq Allaha şükür ki, indiyə qədər o yerə çatmayıb.
Burada hətta meyvələrin dadı belə tam fərqlidir. Biz hələ də Azərbaycandan Kanadaya səyahət edən insanlardan bizə meyvə gətirmələrini xahiş edirik. Burada hər şey var, amma əlbəttə ki, Vətəndə olduğu kimi deyil.
Bundan əlavə, vətəndə həvəskar səviyyədə futbol oynadıqdan sonra saunaya getməyi, söhbət etməyi, çay içməyi sevirdik. Burada isə yox, oynayıb dağılışırlar. İnsanlar nadir hallarda görüşürlər, onlar çox işləyirlər. Buna baxmayaraq, Kanada tərəqqi üçün yaxşı ölkədir, ancaq ruh üçün deyil.
- Bəs övladlarınız yerli şəraitə necə uyğunlaşdılar?
- Böyük oğlum Əli vəkillik üçün Kembricə daxil olub, kiçik oğlum İlham isə futbol oynayır, hətta çox yaxşı oynayır. Ötən yay onu "Şaxtyor"a dəvət etmişdilər, pandemiya səbəbindən ora gedə bilmədi.
- Kanada Federasiyası sizin qarşınıza hansısa vəzifə qoyubmu?
- Onlar ilk növbədə irəliləyiş istəyirlər. Xüsusilə, bu ilin aprel və iyun aylarında Fransa ilə ABŞ-da keçiriləcək beynəlxalq turnirlərdə çıxış etməli olacağıq. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Kanada futzalının səviyyəsi Azərbaycandan nəzərəçarpacaq dərəcədə aşağıdır.
Burada istedadlı gəncləri tapmaq çətin deyil, çünki Kanadada çoxlu mühacir, o cümlədən Latın Amerikasından olanlar yaşayırlar. Əgər iş indiki kimi gedərsə, təxminən üç ildən sonra döyüşçü komanda yaratmaq mümkün olacaq. Təbii ki, Azərbaycan millisi səviyyəsində olmasa da, güclü komanda yaratmaq tamamilə mümkündür.

Azərbaycana qayıtmağa hazırdır

- Yeri gəlmişkən, futzal üzrə Azərbaycan millisi bu yaxınlarda AVRO-2022-də mübarizə apararaq qrupdan çıxa bilməyib. Komandanın çıxışını necə qiymətləndirərdiniz?
- Nəticə, əlbəttə ki, çox da yaxşı deyil. Avropa çempionatının iki debütantının çıxış etdiyi yeganə qrup bizim qrup idi və məhz bizim komandamız qrupdan çıxmadı. Düşünürəm ki, hər şeydə pandemiyanı günahlandırmaq olmaz, çünki bu, hamı üçün idi. Üstəlik, Avropada məhdudlaşdırıcı tədbirlər Azərbaycandan daha sərt idi.
- AVRO-2022-dən sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov futzalda dəyişikliklərin olacağını bildirib. Əgər sizə Azərbaycan yığmasına rəhbərlik etmək təklifi gəlsə, buna necə yanaşarsınız?
- Təbii ki, öz vətənimdə Azərbaycan futzalının xeyrinə məmnuniyyətlə çalışmaq istərdim. Hər halda, belə bir təklif gəlsə, o zaman mümkün müqavilənin bütün detallarını müzakirə etmək lazım gələcək.
- Əgər sizi Azərbaycan millisinə dəvət etsələr, orada nə kimi dəyişiklikləri edərdiniz?
- İlk növbədə rəhbərlikdən bütün gənc oyunçuların toplanmasını xahiş edərdim. Bilirəm, Azərbaycanda U19 futbolçulardan ibarət komanda var, ancaq bu kifayət deyil, daha çox gənclərdən ibarət komandalara ehtiyac var. Həmçinin daha bacarıqlı legionerləri cəlb edərdim. Onlar olmadan mümkün deyil.
Xaricdə həmçinin Azərbaycan köklü olan yaxşı futbolçular da var ki, onları da milli komandaya cəlb etmək olar. Braziliyalılardan əlavə, milli komandaya braziliyalılardan heç nə ilə geri qalmayan ispanları da dəvət etmək olar.
Hər halda dəyişikliklər olmalıdır, çünki Avropa çempionatında ən yaşlı komanda bizdə idi. Yəni birmənalı olaraq Azərbaycan futzalında mütləq islahatlara ehtiyac var. Həmçinin yerli çempionatın səviyyəsini də qaldırmaq lazımdır.
Qeyd edim ki, hazırki məşqçi Xose Alesioya böyük hörmətim var, onun rəhbərliyi altında özüm də oynamışam və ondan çox şey öyrənmişəm. Buna baxmayaraq, komandada dəyişiklik etməyin vaxtıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Zelim Kotsoyev Cüdo Federasiyası ilə nələri razılaşdırıb?
* Azər Əliyev: Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq
* Azərbaycanlı Olimpiya çempionu Qazaxıstana uça bilmir
* Azərbaycan həndbolunda baş verənlər: idmançıların etirazı və federasiyanın buna reaksiyası
Xəbər lenti
0