Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Esmira Çərkəzqızı: "Reportajı hazırladım, bir həftə qorxudan işə getmədim" - VİDEO

© Photo : Courtesy of Esmira CherkezgyizyiEsmira Çərkəzqızı və Habil Əliyev
Esmira Çərkəzqızı və Habil Əliyev - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Azərbaycan Televiziyasının yarandığı gündə "televiziya yarım metrlik cəza evidir" deyən Esmira Çərkəzqızı ilə həmsöhbət olduq.
BAKI, 14 fevral — Sputnik. Esmira Çərkəzqızı... Bu ad hər kəsə tanışdır. 1990-ların və 2000-ci illərin tamaşaçıları hələ də onu ekranlarda görmək istəyirlər. Azərbaycan Dövlət Televiziyasının yarandığı gündə illərin peşəkar aparıcısı ilə həmsöhbət olduq. Esmira xanım televiziyaya gəlişindən, unudulmaz xatirələrindən və televiziyamızdakı problemlərdən Sputnik Azərbaycan-a söhbət açıb.

İlk reportajım məzar haqqında oldu

“Əslində mən həmişə jurnalist olmaq istəmişəm. Sadəcə bu sahəyə başlamaq üçün iki il təcrübə istəyirdilər. Mən iki ili itirməmək üçün BDU-nun filologiya fakültəsinə daxil oldum. Universitet illərində bəzi qəzetlərlə, xüsusilə "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edirdim. Mən dedim ki, nə olur-olsun, mən mətbuatda çalışacağam. Baxmayaraq ki, o zamanlar Kamal Talıbzadənin rəhbərliyi ilə aspiranturada qalmaq haqqında elmi şura qərar vermişdi".
Esmira xanım mavi ekrana olan sevgisinə 1992-ci ildə qovuşub. O zamanlar ölkədə yeganə televiziya var idi. Orada işə başlamaq gənc qız üçün heç də asan olmayıb:
"İlk dəfə ştatdankənar işə başladım və mövzuları özüm tapacağımı qarşıma şərt qoydular. Tələbə vaxtı tez-tez Şəhidlər xiyabanına gedərdik. Hər dəfə Fəxri xiyabanın qarşısından keçəndə Rəşid Behbudovun məzarının baxımsız durumda olması məni narahat edirdi. İlk reportajım da o məzar haqqında oldu. O dönəmlərdə tənqidi mövzuda reportajların efirə getməsi mümkün deyildi. Bütün reportajlar, xəbərlər "ütülənib" çıxırdı.
Mən reportajı hazırladım, bir həftə qorxudan işə getmədim. Yeni işçi olduğumdan əlaqə saxlaya da bilməmişdilər. Bir həftədən sonra cəsarətimi toplayıb televiziyaya getdim. Dedilər, haralardasan, Rəşid Behbudovun xanımı Ceyran xanım səninlə danışmaq istəyir. Ceyran xanımla ömrünün sonuna qədər çox yaxşı münasibətimiz oldu. O reportajdan sonra mənim qarşımda "yaşıl ışıq yandı"".

Nəsibə Zeynalovanın verdiyi "dərs"

Sevimli aparıcımız hər bir reportajının ona əziz olduğunu söyləyir. Amma reportajlarının içində biri var ki, illər keçməsinə rəğmən, hələ də onu unuda bilmir. Esmira xanım hər dəfə o kadrlara baxanda göz yaşlarına hakim ola bilmədiyini söyləyir. Həmin reportaj haqda danışanda da aparıcını qəhər boğdu:
© Photo : Courtesy of Esmira CherkezgyizyiEsmira Çərkəzqızı
Esmira Çərkəzqızı - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Esmira Çərkəzqızı
"Nəsibə xanımı "Şənbə qonağı"na dəvət etmişdik. Xəstə olduğuna görə gələ bilməmişdi. Eşitdim ki, o, xəstəxanada yatır, getdim ondan reportaj çəkməyə. Canlı əfsanəmizin gözü qapıda idi ki, bəlkə, kimsə onu ziyarətə gələr. Amma heç kim onu ziyarət etmirdi. Mən onun ağladığını gördüm, göz yaşlarını sildim. Mən düşündüm ki, demək, hər şey fanidir, bir gün biz də unudula bilərik.
Təbii ki, mən əsla özümü Nəsibə xanımla müqayisə edə bilmərəm. Sadəcə düşündüm ki, biz də nə vaxtsa unudulacağıq. İnsanlığın ölən nöqtəsi idi. Deməli, insan xəstələnibsə, artıq ondan istifadə edə bilmirsinizsə, unudulmalıdır? Amma ilahi ədalət öz yerini tapdı. Nəsibə xanımı bir zamanlar axtarmayanlar sonda özləri də baxımsız duruma düşdülər və heç kəs onları ziyarət etmədi. Halbuki zamanında o xalq artistləri Zeynalovanın başında pərvanə olmuşdular".
"Nəsibə xanım mənə müsahibəsində demişdi ki, "Ömrümü-günümü səhnədə keçirdim. Elə bildirdim ki, tamaşaçı məhəbbətindən savayı sənətdə yeni dostlar qazanmışam. Elə güman edirdim ki, başıma bir iş gəlsə, mənə həyan duran, axtaran çox olacaq. Təəssüf... Tanımadığım, sadəcə sənətimə pərəstiş edən adamlardan qayğı və diqqət gördüm, nəinki illərlə çiyin-çiyinə çalışdığım insanlardan". "Taleyimin səhər yazısı" adlı kitabımda Nəsibə xanımdan aldığım müsahibə də yer alıb".

Heydər Əliyevin gələcəyini gözləmirdik

2003-cü il dekabrın 12-də bütün Azərbaycan səhərini qara xəbərlə açdı. Ulu öndər Heydər Əliyevin dünyadan köçməsi xəbərini əksər insan "Səhər" proqramında Esmira Çərkəzqızıdan aldılar. E.Çərkəzqızı o günləri belə xatırlayır: "Gecə artıq bizə qara xəbər verilmişdi. Həyatda dəfələrlə ünsiyyətdə olduğum insan idi Heydər Əliyev. 40 gün biz Fəxri xiyabandan canlı yayım etdik. Həmin canlı yayımların əksəriyyətinə mən çıxırdım. Özümü nə qədər toplamağa çalışsam da, alınmırdı.
Bilirsiniz, bəzən insanlar bunu şəxsiyyətə pərəstişlə qarışdırırlar. Burada söhbət bir insanın, xalqın liderinin ölümündən gedir. Özümdən asılı olmadan, qeyri-ixtiyari gözümdən yaş axırdı. Onunla həyatda qarşılaşmayan insanlar belə, ağlayırdılar. Mən isə onunla dəfələrlə canlı ünsiyyətdə olmuş insan idim".
Müsahibimiz Ulu öndərlə bağlı xatirlərindən danışarkən bir nüansı diqqətə çatdırdı: "Xəlil Rza Ulutürkün dəfn mərasimi idi. O dəfni işıqlandırmaq üçün mən getmişdim. Biz mərasimə Heydər Əliyevin gələcəyini gözləmirdik. Texniki baxımdan hazırlıqsız gəlmişdik.
Əliyev gəldi fəxri qaroluvun yanına və çıxış eləməyə başladı. Mən çıxışı yazmalı idim. İnsanları yara-yara səhnəyə tərəf qaçmaq istəyəndə mühafizə icazə vermədi. Heydər Əliyev o qədər həssas insan idi ki, işarə elədi ki, icazə versinlər. Səhnə hündür, mən də boyda balaca. Ulu öndər mən mikrofonu hazırlayana qədər gözlədi. Ondan sonra çıxışına başladı. Mən o çıxışı yaza bilməsəydim, töhmət alacaqdım. Məni çox böyük çətinlikdən qutardı".
© Photo : Courtesy of Esmira CherkezgyizyiEsmira Çərkəzqızı və Yaşar Nuri
Esmira Çərkəzqızı - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Esmira Çərkəzqızı və Yaşar Nuri

Efirdən ayrı salan səbəblər

Esmira xanım tamaşaçılar üçün darıxdığını söyləyir. Amma təəssüflə qeyd edir ki, onun arzuları və reallıqlar tərs mütənasib olduğundan, hələlik bağrına daş basır: "Efir üçün o qədər darıxmışam ki. O qədər həyata keçirmək istədiyim layihələr var ki. Türkiyə ilə Azərbaycan arasında ortaq yayım olarsa, çıxa bilərəm.
Türkiyədə efirə çıxmağım hələ ki imkansızdır. Çünki orada dilə çox üstünlük verirlər. Mən türk dilini nə qədər yaxşı bilsəm də, ətrafımdakılarla türkcə danışsam da, bu, televiziya üçün keçərli deyil, haradasa, türklər demişkən, "bozuk türkcə"lik var.
Amma Azərbaycanda verilişimin olmasını istəyərəm. Bunun üçün isə böyük maliyyə lazımdır. Bizdə də heç kəs layihəyə böyük büdcə yatırmaz. Bəlkə, nə vaxtsa peşəkara dəyər verən olar, onda məmnuniyyətlə gələrəm. O da ki hələ mümkün deyil. Çünki hazırda peşəkara, sanballı layihələrə maliyyə ayıracaq nə sponsor, nə də televiziya var".

Televiziya yarım metrlik cəza evidir

İllərin aparıcısı bildirir ki, hərdən sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlərə baxır və çox böyük məyusluq hissi keçirir: “Yayımlanan verilişlər sabun köpüyünə bənzəyir. Efirə qonaq dəvət edir, aparıcının fikri monitorda qalır ki, "görüm, necə düşürəm".
Baxın xarici telekanllara, elə Türkiyənin telekanallarına, verilişin aparıcıları nə qədər savadlıdırlar. Bizdə isə aparıcılar müzakirəyə çıxarılan mövzunu araşdırmadan efirə çıxırlar. Bunların hamısı ona görə baş verir ki, televiziya rəhbərləri dostunu, qohumunu, məşuq və ya məşuqəsini efirə buraxır, nəticədə də belə biabırçı vəziyyət yaranır. Belə bir söz var, bir milləti necə görmək istəyirsənsə, televiziya ekranında onu göstər, millət ona baxıb, oradakını təkrar edəcək. Bu gün bizim televiziyada göstərilənlər insanlara mütləq təsir edirlər. Belə bir söz var, "televiziya yarım metrlik cəza evidir". Bu sözü bizim televizyalarımıza şamil etmək olar".

İKT-nin nə olduğunu bilmədi, indi məsul bir vəzifədə oturub

Çərkəzqızı əlavə edir ki, bizdə televiziya qardaş ölkədən öncə yaransa da, bu gün çox geridədir. Bundan başqa, Esmira xanım dövlətin jurnalistlərə ev verməsini düzgün hesab etmir. Onun fikrincə, peşəkar jurnalistə yaxşı məvacib ayırmaq daha düzgün olar, nəinki ona bəxşiş vermək:
"Başqa ölkələrdə jurnalistə yaxşı məvacib verirlər. Bir jurnalistin digər kanala keçməsi üçün həm ona, həm də əvvəl işlədiyi telekanala yüksək məbləğ ayırırlar. Bizimkilər isə mənzil növbəsini gözləyirlər. Oxucularımız fikirləşərlər ki, "bağa çanağından çıxdı, çanağını bəyənmədi". Amma inanın ki, mən işlədiyim dönəmlərdə televiyalarda belə xaos yox idi.
Bizdə bu sahəni dərindən bilən peşəkarlar var. Qulu Məhərrəmli kimi savadlı insanın təcrübəsindən istifadə etsinlər. Bir jurnalistin peşəkarlaşması üçün ən az 10 il zaman lazımdır. Amma bir peşəkarı uzaqlaşdırmaq 1 saniyəlik işdir. Sən o peşəkarı vəzir də edə bilərsən, rəzil də. Necə ki, biz bunu AzTV-də yaşamışdıq. O dönəmlər ki, AzTV-də xeyli peşəkarın karyerasına zərbə vuruldu. Alışanovun dönəmində illərin peşəkarları uzaqlaşdılar, getdilər başqa sahəyə".
"Zeynəb Xanlarova başda olmaqla bizim bir çox ziyalımız "övladlarınıza təhsil verin" deyirlər. Çox gözəl fikirdir. Gəlin görək, o populist fikirləri səsləndirənlər bir tələbənin təhsilinə maliyyə yardımı etdilərmi? O pullar onlar üçün heç nədir. O qədər savadlı gəncimiz var ki, boynubükük qalıb. Burada televiziyada çalışanlar ən azı beş dil bilirlər. Bizdə isə mənəm-mənəmlik baş alıb gedir.
Mən "Səhər" proqramında baş redaktorun müavini idim. Qonağımız da Rabitə Nazirinin müavini idi. Aparıcıya sualları verdim. İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) ilə bağlı sual verməli idi. İKT-nin nə olduğunu bilmədi. İndi AzTV-də məsul bir vəzifədə oturub.
© Photo : Courtesy of Esmira CherkezgyizyiEsmira Çərkəzqızı və Bəhram Bağırzadə
Esmira Çərkəzqızı - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Esmira Çərkəzqızı və Bəhram Bağırzadə
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı xəbər var idi. Bizdə də xəbər səslənəndə fonda şəkil olurdu. İctimai-siyasi proqrama rəhbərlik edən şəxs dedi ki, "gətirin, ora Qara dənizin şəklini qoyun". İndi o gülünc vəziyyətdə olanlar rəhbər vəzifələri tutublar".

Övladlarım da, yoldaşım da Azərbaycan sevdalısıdırlar

Müsahibimiz milli mətbəximizdən və adətlərimizdən söz açarkən bildirdi ki, Novruz bayramında mütləq evlərində azərbaycansayağı süfrə açılır: "Şəkərbura, paxlava bişirə bilmirəm. Amma digər şirniyyatları bacarıram. Novruzda mütləq Bakıdan səmənimiz gəlir. Övladlarım da, yoldaşım da Azərbaycan sevdalısıdırlar. Övladlarım milli atributlarımızın mənalarını bilirlər.
Bacılarım Bakıdan gələndə övladlarım çalışırlar ki, onlarla azərbaycanca danışsınlar. Bəzi sözlərimiz onlara qəribə gəlir. Deyirlər, "siz niyə kemiyə sümük deyirsiniz?" Hər il çalışıram ki, onları Bakıya aparım. Pandemiyadan sonra AZAL fantastik qiymətlər qoyub. Buna baxmayaraq, bu yay istəyirəm onları bölgələrimizə aparım.
Kənd mühitini çox sevirəm, oranı beşulduzlu otellərə dəyişmərəm. Bu yaxınlarda oğlumun sinifində hər şagird müxtəlif millətlərə xas mədəniyyəti nümayiş etdirirdi. Mənim oğluma da Azərbaycanın tarixi və mədəniyyətinə aid video hazırladım. Qarabağ kətəsi hazırlayıb göndərdim. Çox böyük maraqla qarşılanmışdı".
© Photo : Courtesy of Esmira CherkezgyizyiEsmira Çərkəzqızı və Arif Babayev
Esmira Çərkəzqızı - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Esmira Çərkəzqızı və Arif Babayev
Qeyd edək ki, Esmira xanımın övladları üçəmdir. Aparıcın övladları Türkiyənin məşhur "Möhtəşəm Yüz il" serialında çəkiliblər. Hazırda hər üçü musiqi ilə məşğuldur. Musiqiyə olan sevgi isə onlara analarından keçib. Belə ki, tanınmış aparıcı uşaqkən musiqiçi olmaq istəyib. Anasının təkidi ilə bu sevdadan əl çəkib: "O vaxt mən Qaqarin adına Pioner və Məktəblilər Sarayına musiqiyə gedirdim. O vaxt Brejnev Heydər Əliyevlə birlikdə Bakıya gələndə "Cücələrim" ansamblı ilə onların qarşında çıxış etmişdim. Xora da gedirdim. Anam dedi, "yox, sən həkim olacaqsan". Heç həkim də olmadım. Çünki sevmirdim.
Ürəyimdə yarım qalmış sevgimi uşaqlarıma yönləndirdim. Yaxşı ki, onlar da sevdilər. Evimiz sənət mərkəzinə oxşayır. Yoldaşım zarafatla gəl biz də mahnı oxuyaq deyir. Mən analara tövsiyə edirəm ki, övladları sənət seçərkən qarşısına sədd qoymasınlar. Övladlarıma deyirəm, siz harada xoşbəxtsinizsə, oraya gedin. Oğlum həkim olmaq istəyir, qızım mənim videolarıma baxır, deyir, "televizyoncu” olmaq istəyirəm".

Yanğını çəkmək lazım olanda qurumdan icazə istəyirlər

Uzun müddətdir ki, qardaş ölkədə yaşayan teleaparıcı deyir ki, 44 günlük müharibə dönəmində "Bir millət, iki dövlət" deyiminin bariz nümunəsini görüb: "Mənim həkimim var, müharibə dönəmində məni müayinə etdikdən sonra ölkəmizdə baş verən proseslərlə bağlı məndən soruşurdu. Hər tərəfdə Azərbaycan bayraqları dalğalanırdı.
Televiziyalarda vaxtaşırı ölkəmizdə baş verən hadisələrlə bağlı analitik verilişlər, canlı bağlantılar olurdu. Bu məsələləri bizdən daha professional analiz edirdilər. Jurnalistlərimizi də qınamıram. Mən də orada olmuşam. Bizdə bir yanğın baş verir, deyirsən, yanğını çəkmək lazımdır. Deyir, "dayan, hələ filan qurumun icazəsi lazımdır". Amma Türkiyə mətbuatında azadlıq olduğuna görə onlar rahatlıqla işıqlandıra bilirdilər. Təəssüf ki, bizdə mətbuat azad deyil".
Eləcə də oxuyun:
* Modelyer Nanə, Xoşqədəm və digər aparıcıları ağ yudu qara sərdi: Elə bil toydadılar
* Qabyuyan, "peraşki" satan, taksi sürücüsü - Kiminin əvvəli, kiminin axırı...
* Məşhur stilist: Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur
Xəbər lenti
0