Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus testlərinin cavabı niyə gecikir?

© AFP 2023 / INA FASSBENDERKoronavirus testləri
Koronavirus testləri - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Özəl laboratoriyalarda test qiyməti baha olduğundan, ümid apteklərdə satılan ekspress testlərə qalıb.
BAKI, 11 fevral — Sputnik. Son günlər vətəndaşların ən çox şikayətləndiyi məsələ koronavirus testlərinin cavablarının geckməsi ilə bağlıdır. Özlərində koronavirus əlamətləri hiss edən xəstələr virusa yoluxub-yoluxmadıqlarını dəqiqləşdirmək üçün dövlət poliklinikalarında test versələr də, müalicəyə başlamaq üçün günlərlə testin cavabının gəlməsini gözləyirlər. İş o yerə çatır ki, xəstələr testin cavabı gec gəldiyindən özlərini müalicəyə başlayır, yaxud da cavab gecikdiyindən vaxtında müalicə üçün özəl laboratoriyalara üz tuturlar.
Özəl laboratoriyalarda test verməyə isə çox xəstənin maddi imkanı çatmadığından onlar günlərlə dövlət laboratoriyasından cavab gözləyirlər. Hazırda özəl laboratoriyalarda koronavirusa görə PZR testlərin qiyməti 70 manatdan aşağı deyil.

"Testin cavabı gələndə artıq sağalmışdım"

Sputnik Azərbaycan-a mövcud problemlə bağlı müsahibə verən Nigar Sədrəddinova da yüzlərlə belə koronavirus xəstəsindən biridir. Özündə koronavirusa yoluxma əlamətləri hiss edən N.Sədrəddinova yaşadığı ərazi üzrə poliklinikaya test götürülməsi üçün müraciət edib. Fevralın 1-də ondan götürülən testin cavabını günlərlə gözləyən xəstə cavab gecikdiyindən tanış həkimlərin birinin tövsiyəsi əsasında koronavirusa görə müalicəyə başlayıb.
Fevralın 5-də ona testin cavabının pozitiv olduğu barədə mesaj gəlib. N.Sədrəddinova artıq həmin vaxtda sağaldığını söyləyir. Həmsöhbətimiz bildirir ki, özəl laboratoriyada test vermək çox xərc tələb etdiyindən koronavirusa yoluxduğunu dəqiq bilməsə də, müalicəyə başlayıb.

Testin cavabı olmamış müalicə mümkündürmü?

Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, testin cavabı verilən gündən üç gün müddətində gəlmirsə, xəstə müalicəyə başlamaq üçün özəl laboratoriyada yenidən test verməlidir. Çünki xəstəlik üç gün adi qrip kimi izlənsə də, sonra artıq temperatur davam edirsə, ciddi müalicə sxemi tətbiq etmək lazımdır.
Onun sözlərinə görə, koronavirusun olub-olmadığı təsdiqlənməmiş ciddi müalicəyə başlamaq mümkün deyil:
"Özəl laboratoriyada testin qiyməti baha olsa da, nəzərə almaq lazımdır ki, əldə diaqnoz olmadan müalicə də kifayət qədər xərc aparacaq. Ona görə tövsiyə edirik ki, kor-koranə müalicədənsə, test təsdiqləndikdən sonra müalicəyə başlasınlar.
Əgər kiminsə özəl laboratoriyada test verməyə imkanı çatmırsa, ən azından apteklərdə satılan ekspress testlərdən yararlana bilər. Bu testlər 100 faiz dəqiq göstərməsə belə, yoluxma olduqda bunu təsdiq edir".
G.Sadıqova deyir ki, bu gün bəzi həkimlər testin cavabı olmadan müalicə edirlər. Amma bu spesifik müalicə olmur: "Adi qripdə olduğu kimi vitamin terapiyası aparılır. Koronavirus təsdiqlənmədən isə virus əleyhinə olan dərmanların istifadəsi düzgün deyil. Gələn dəfə o, virusa təsir etməyə bilər".
Onun sözlərinə görə, üç-dörd gündən sonra əgər xəstənin temperaturu düşmürsə, mütləq koronavirusa görə test olunmalıdır: "Bunun üçün 1 həftə gözləməyə ehtiyac yoxdur. Artıq bir həftədən sonra antiviral terapiyanın aparılması effektiv olmur. Bu zaman xəstədə ağırlaşma olur".

Yoluxmanın artmasının əsas səbəbi

G.Sadıqova bildirir ki, bu gün testlərin gecikməsi təkcə müalicənin gecikməsinə səbəb olmur. Bu problem koronavirusa yoluxma sayını da sürətlə artırır: "Çünki test gecikdikdə insanların çoxu özünü izolyasiya etmir, bu da nəticədə yoluxmanı sürətləndirir. Bu gün məktəbdə hər hansı müəllimdə əlamətlər olduğundan testin müsbət çıxdığını təsdiq edən cavab tələb edirlər. Əks halda, bülleten açılmır. Əlində təsdiq sənədi olmayanlar isə məcbur olub işə getməli olurlar. Yaxud poliklinikaya müraciət edirlər. Bu da virusa yoluxmanı sürətləndirir.
"Omicron" ştammının sürətlə yayıldığını nəzərə alsaq, üstəlik test cavablarının gecikməsi yoluxma faizini daha da artırır".

Özəl laboratoriyalarla əməkdaşlığa başlanılmalıdır

Həkim çıxış yolunu dövlət-özəl sektor əməkdaşlığında görür: "Müraciət çox olduğundan, dövlət laboratoriyaları, görünür ki, vətəndaşlardan götürülən testlərin cavablarını operativ cavablandıra bilmir. Belə halda sığorta xətti ilə özəl laborotoriyalar bu prosesə cəlb olunmalıdır ki, götürülən test nümunələrinin cavabı vaxtında gəlsin. Belə olduqda həm vətəndaşlar xəstəliyin müalicəsinə vaxtında və təyinatı üzrə başlayar, həmçinin də onlar virusa yoluxub-yoluxmadıqlarını vaxtında bilərək özlərini izolyasiya etmiş olarlar. Bu da yoluxma sayının azalmasına öz müsbət təsirini göstərər".
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda Covid-19 ilə əlaqədar 52 laboratoriya fəaliyyət göstərir. Onlardan 15-i TƏBİB-in tabeliyindədir.
TƏBİB cavabların gecikməsini belə izah edir
TƏBİB-dən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, ölkəmizdə Sars-CoV-2 virusunun "Omicron" variantının aşkarlanması ilə əlaqədar dövlət tibb müəssisələrinə müraciətlərin sayı kütləvi artıb. Bu da mövcud laboratoriyaların iş yükünün kəskin artmasına səbəb olub. Ümumilikdə götürülən testlərin cavabının tez açıqlanması və prosesin sürətləndirilməsi ilə bağlı addımlar atılır və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı dünən, fevralın 10-da 8 minə yaxınlaşmışdı.
Koronavirusun "Omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Apteklərdə satılan koronavirus testləri nə dərəcədə etibarlıdır?
* Nazirlik: Güman edirik ki, sonuncu dalğa daha qısa müddətli olacaq
* Virusdan qorunmaq üçün neçə buster doza gərəkdir? - heç ÜST də bilmir
* Götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir
Xəbər lenti
0