Məktəbli qızları dərsdən kimlər və niyə yayındırır?
09:26 06.02.2022 (Yenilənib: 10:18 06.02.2022)
© AFP 2024 / LIONEL BONAVENTUREMəktəblilər, arxiv şəkli
© AFP 2024 / LIONEL BONAVENTURE
Abunə olmaq
Uşağın valideynləri barədə valideynlik hüququndan məhrumetmə, yaxud məhdudlaşdırma qərarı çıxarılarsa, bu zaman uşaq müvafiq olaraq dövlət uşaq müəssisəsinə, yaxud sığınacaga yerləşdirilir.
BAKI, 6 fevral — Sputnik. Orta məktəblərin bəzilərində qız uşaqlarının qeydiyyatı aparılır. Bunun üçün valideynlərdən qız uşaqlarının vəsiqələrinin surəti tələb olunur.
Mövcud vəziyyət qızların təhsilə cəlb olunması ilə bağlı monitorinqlərin keçirildiyi haqda ehtimallar irəli sürməyə əsas versə də, Bakı Şəhər Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sualına cavab olaraq bildirilib ki, qurum məktəblərə belə bir sorğu ilə müraciət etməyib.
Ümumiyyətlə, maraqlıdır, ölkədə qızların təhsilə cəlb edilməsi ilə bağlı vəziyyət necədir?
Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qız uşaqlarının təhsildən yayınması halları ən çox Sabirabad, Masallı rayonlarında müşahidə olunur:
"Lakin qeyd edim ki, hazırda qız uşaqlarının təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Ümid edək ki, Təhsil Nazirliyi özü də bu araşdırmanın nəticələrini cəmiyyətə təqdim edəcək. Ümumiyyətlə, bu tip məlumatların nazirliyin saytından mütəmadi olaraq yayımlanması arzuolunandır".
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-2021-ci ildə dövlət ümumtəhsil məktəblərində təhsil alan qızların bütün siniflərdə ümumi sayı 762 429 olub. Bundan 11 il əvvəl 2010-2011-ci ildə isə bu rəqəm 611 698 idi.
Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən regionlardakı vəziyyətə nəzər salaq.
Şәki-Zaqatala iqtisadi rayonunda 10-11-ci sinifdə təhsil alanların ümumi sayı 20 121 olub ki, onlardan 8 641-ni qızlar təşkil edib.
Şərqi Zəngəzur iqtisadi zonasında qeyd olunan rəqəm müvafiq olaraq 10169 və 4 410-dur. Şirvan-Salyan iqtisadi rayonunda həmin rəqəm müvafiq olaraq 5 454 və 2123-dür.
Dağlıq Şirvan iqtisadi rayonunda təhsilalanların ümumi sayı 6011, qızların sayı 2710-dur. Gәncә-Daşkәsәn iqtisadi rayonunda qeyd olunan göstərici müvafiq olaraq 17 450 və 7 899 olub.
Qarabağ iqtisadi rayonunda həmin rəqəm 17 829 və 7 767 olub. Quba-Xaçmaz iqtisadi rayonunda rəqəmlər müvafiq olaraq 32 803 və 12763-dür.
Lәnkәran-Astara iqtisadi rayonunda ümumi təhsil alan 7119 nəfərdən 3 446-nı qızlar təşkil edib. Mәrkәzi Aran iqtisadi rayonunda 14 816 şagirdin 6 642-si qızlardır.
Mil-Muğan iqtisadi rayonunda 6467 şagirddən 3100-ü qızlardır.
Statistikaya görə, xüsusən də 5-9-cu siniflərdə qızların davamiyyətində, buraxdıqları dərs günlərinin sayında artım var.
Ekspert qeyd edib ki, zəif oxuyan şagirdlər arasında erkən nikaha meyl var. Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunur ki, ölkədə 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilən diri körpələrin sayı 1917 olub, 1219 belə hal kənd yerlərində baş verib. Bu isə ən azı 1917 qızın təhsildən yayındığını deməyə əsas verir.
Elşən Qafarovun qeyd etdiyi digər məqam zərərli vərdişlər, narkotiklərlə bağlıdır. Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hansı işlər görür?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəbnəm Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında görülən işlərdən söz açıb.
O bildirib ki, komitə daim uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirir:
"Uşaqlara dair həyata keçirilən tədbirlər onların sağlam həyat tərzinin formalaşması, təhsil və sair hüquqlarının təmin olunması istiqamətindədir. Lakin təəssüf ki, bəzən cəmiyyətdə qızlarımızın təhsildən yayındırılması hallarına rast gəlinir. Dövlət Komitəsi bununla bağlı ilk olaraq Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlayır. Uşağın olduğu yer müəyyən edildikdən sonra ailəyə üz tutulur, onlarla profilaktik söhbət aparılır. Uşağın zorakılığa məruz qalıb-qalmaması, yaxud digər hallar qiymətləndirilir. Daha sonra onun təhsil hüququnun bərpası üzrə aidiyyəti üzrə iş həyata keçirilir. Uşağın valideynləri barədə valideynlik hüququndan məhrumetmə, yaxud məhdudlaşdırma qərarı çıxarılarsa, bu zaman uşaq müvafiq olaraq dövlət uşaq müəssisəsinə, yaxud sığınacaga yerləşdirilir və uşağın vəziyyətinin qiymətləndirilməsi məqsədilə yaşayış yeri üzrə mütəmadi olaraq monitorinq həyata keçirilir".
Lakin qeyd edək ki, qız uşaqlarının təhsildən nə qədər yayınıb-yayınmamasını müqayisə etmək mümkün deyil. Birinci sinfə qəbul olunan qızların nə qədəri 11 illik təhsili bitirir - bununla bağlı aidiyyəti qurumların açıq olan hər hansı statistikası yoxdur.
Təhsil Nazirliyindən isə qızların təhsildən yayınmaları ilə bağlı daha ətraflı məlumat almaq üçün sorğumuzun cavablandırılacağı bildirilib.
Qeyd edək ki, ötən ilin sonu İmişli rayonunda zorlanan 11 yaşlı qızla bağlı bəzi məlumatlar da üzə çıxmışdı. Atalığı tərəfindən təcavüzə məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın uzun müddət təhsildən yayındığı məlum olmuşdu. Cəmiyyətdə 11 yaşlı qızın hamilə qalmasından, uzun müddət təhsildən kənarda qalmasından xəbərsiz qalan məktəb rəhbərliyi ciddi tənqid olundu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: