Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Kino sahəsinə ayrılan pullar hara xərclənir?

© Depositphotos.com / Pakhayçəkliş
çəkliş - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesinin bərbad vəziyyətdə olduğunu dilə gətirib. Kino sənayemizin bugünkü vəziyyətindən narazı olan millət vəkili Azərbaycanda “Kino haqqında” qanunun üzərində təcili işləmək lazım olduğunu bildirib.
***
Azərbaycanda mədəniyyət və kino sahəsində ciddi islahatlara ehtiyac olması ilə bağlı dəfələrlə deyilib və yazılıb. Sadəcə bu sahədə məsul olan şəxslər kifayət qədər rahat, bir qədər əhli-kef olduğu üçün yazılanlara və deyilənlərə diqqət edilmir, haqlı iradlar nəzərə alınmır, problemlərin üstü qapadılır.
Mədəniyyət Nazirliyində kadr və struktur islahatları aparıldıqdan sonra müəyyən müsbət addımlar atılsa da, əsas problemlər həll edilməmiş qalır. Dövlət büdcəsindən maliyyələşən, hazırlıq mərhələsində çox böyük pullar xərclənən bir çox film elə hazırlıq mərhələsində də qalıb.
Rejissorlar bununla bağlı xeyli müddətdir narazılıq etsələr də, problem hələ ki, həllini tapmayıb. Hamımız başa düşürük ki, pandemiya kino sənayesinə və kinoteatrlar şəbəkəsinə ciddi ziyan vurub. Kinoteatrların uzun müddət bağlı qalması, ölkədə yeni filmlərin istehsalının ləngiməsi anlaşılandır. Ancaq pandemiya və müharibəni bəhanə edib, bu bəhanələrin arxasında gizlənmək cəhdləri anlaşılan deyil.
Bütün problemləri nəzərə alanda millət vəkili Fazil Mustafanın narahatlığını anlayıram və Milli Məclisin “Kino haqqında” qanun üzərində işləməkdə gecikdiyini düşünürəm. Çünki kino sahəsindəki islahatların yekunlaşmaması, bəzilərinə tənbəllik, laqeydlik etmək üçün bəhanə verir.
***
Son vaxtlar dünya kinosunda pandemiya dönəmindəki durğunluqdan sonra canlanma başlayıb. Yeni filmlər çəkilir, festivallar canlanır, pandemiyadan yorğun düşmüş dünya yenidən kinoya qayıdır. Ölkəmizdə də hər şeyin ümidsiz olduğunu deyə bilmərik. Kino sənayesini canlanlandırmaq üçün əziyyət çəkənlərin, gecə-gündüz çalışanların əziyyətini görməzdən gələ bilmərik.
Şəxsən məni narahat edən əsas problemlər çəkilişi dayandırılmış filmlər, heç bir funksionallığı olmayan “Böyük qayıdış” kimi layihələrdir. Xüsusilə ssenarist həmkarlarım ssenarilərini bu layihələrə təqdim edərkən qarşılaşdıqları çətinliklərdən narazıdırlar. Müsabiqə şərtlərinə görə, ssenarist müstəqil şəkildə bu layihədə iştirak edə bilməz. Hökmən hansısa prodakşnla, rejissorla birlikdə işləmək, layihəyə kollektiv müraciət etmək lazımdır.
***
Bu günlərdə sosial şəbəkələrdə erməni rejissor Roman Muşeqyanın çəkdiyi və mart ayında nümayişi nəzərdə tutulan “Bahar” adlı film müzakirə olunur. Treylerindən bəlli olur ki, texniki cəhətdən keyfiyyətli bu film ideoloji təbliğat məqsədi ilə çəkilir. Bəli, müharibədə məğlub olan ermənilər yorulmadan ideoloji savaşa davam edir, hətta məğlub ölkənin Müdafiə Nazirliyi hansısa ideoloji filmi dəstəkləyir.
Qalib tərəf olmağımıza baxmayaraq hələ də zəfərimizlə bağlı ciddi, tammetrajlı ekran işi ortaya qoya bilməmişik. Təbii ki, çəkilən sənədli filmlərdən, qısa filmlərdən xəbərdaram. Ancaq bütün bunların yetmədiyini, görülən işlərin qənaətbəxş olmadığını düşünürəm.
2020-ci ilin dövlət büdcəsinədən Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat, 2021-ci ildə 6,5 milyon manat vəsait ayrılıb. Bəs kinomuza ayrılan bu pullar hara xərclənib? Nə üçün bunun hesabatı verilmir?
***
Gündəmdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş heç bir ciddi ekran əsəri yoxdur, planlaşdırılan işlər barədə də ətraflı məlumat verilmir. Maraqlıdır, kinomuza ayrılan pullar hara gedir?
Xəbər lenti
0