QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Daha 40 Ağdam sakini doğma torpağını ziyarət etdi

© Sputnik / Emin AlisahibAğdama səfər
Ağdama səfər - Sputnik Azərbaycan, 1920, 01.02.2022
Abunə olmaq
Ağdam sakini bildirib ki, həuay yoldaşı doğma torpağı azad ediləndən bir neçə ay sonra dünyasını dəyişib.
BAKI, 31 yanvar — Sputnik. “Ağdam alınanda yoldaşın sağ idi. Amma bir neçə ay sonra ürəyi dayandı”. Bu sözləri Spıutnik Azərbaycan-a müsahibəsində vaxtilə Ağdam şəhəri, Süleyman Sani Axundov küçəsində yaşayan Tahirə Məmmədova deyib.
O xatirələrini bölüşərkən bildirib ki, onların evi İmarətə yaxın ərazidə olub və bütün bu dövrü həmin ünvanı görməyi hər zaman arzu edib:
“Bax, bu İmarətə yaxın yerdə yaşayırdıq. Mənfur ermənilər bizi didərgin saldı. Şükür bu günə də, Allah dövlətimizi var eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canına sağlıq versin. Şükür ki, gəldik torpağımızı gördük. Vaxt olar, yəqin evimizədə qayıdarıq. Həm həyəcan yaşayıram, həm sevinc”.
Bu gün sevinc və kədər hissi ilə möhürlənən müsahibimiz buranı həm də oğlu ilə həyat yoldaşının əvəzindən ziyarət etdiyini deyir. Bu müqəddəs məkandan torpaq götürərək, gedəcəyi ünvana aparacağını bildirir:
“Oğlumla həyat yoldaşım çox arzu edirdilər bura gəlməyi. Qismət olmadı. İndi torpağı aparıram onların qəbrinin üstünə tökəm. Yoldaşımın ili çıxmayıb hələ. Aparıram oğlumun, yoldaşımın qəbrinin üstünə tökəm bu torpağı, ruhları şad olsun. Gəlib görmək nəsib olmadı. Qoy ruhları duysun və şad olsun. Ağdam alınanda yoldaşım sağ idi. Bir neçə ay sonra ürəyi dayandı, həyatını itirdi. Vətən həsrəti ilə yaşadı son günədək. Biz özümüz Ağdam barama zavodunda aqronom işləmişik. Yaxşı günlər görmüşük. Ermənilər atırdı, biz elə tikirdik. Allah dövlətimizi var eləsin ki, uzun illər çəkdiyimiz yurd həsrətimizə son qoydu. Əsgərlərimizin Allah köməyində dursun”.
16 yaşında Ağdam rayonundan ermənilər tərəfindən didərgin salınan Nahid Məmmədov isə bildirib ki, 30 il sonra 45 yaşın da öz doğma ata-baba yurduna dönüşü onu uşaqlıq xatirələrinin əsirinə çevirib. Nahid Məmmədov bildirdi ki, o bu gün игкф təkcə torpağını ziyarət etmək üçün üz tutmayıb, həm də indiki və gələcək nəsillərin arasında bir tarixi körpü rolunu oynamaq üçün burdadır:
© Sputnik / Emin AlisahibAğdama səfər
Ağdama səfər - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Ağdama səfər
“16-17 yaşımda çıxmışam Ağdamdan. 45 yaşında qayıtmışam. 30 il həsrətdən sonra qayıtmışam yurduma. Amma çox fərəhlə qayıtmışam, şükürlə qayıtmışam ki, torpağımda dayanmışam. Əlbəttə ki, keçmişimiz var, xatirələrimiz var acılı-şirinli... Anam və qızımla gəlmişəm. Keçmiş, gələcək nəsil ilə ortada körpü kimi hiss edirəm özümü. Biz o körpünü quraq, gələcəyi quraq, Ağdamı yaradaq, inşallah. Biz bu torpaqda dayanmışıqsa bu torpaq qayıdıbsa, inşallah, mən inanıram ki, gələcəyi yaxşı qurub yaradacağıq”.
Uşaqlıqda futbol oynadığı yerləri göstərərək, o illərin xatirələrinə dalan müsahibimiz deyir:
“Qardaşımla mən "Qarabağ"ın uşaq futbolunda olmuşuq. SSRİ-nin 7-ci dvizionunda, 9-cu dvizionda oynayarkən "Qarabağ"ın ilk uğurlarını görmüşük. "Qarabağ"ın bir oyununu buraxmazdıq, hamısına gəlib azarkeşlik edərdik. Burada qol vurulanda bizim ev sirkələnirdi. Mən evə gedəndə artıq anam atam bilirdi ki, "Qarabağ" udub və neçə qol vurub. Çünki qol vuranda səsdən, küydən 5-10 min nəfərin qışqırığından bilirdilər ki, "Qarabağ" neçə qol vurub. Belə bir Ağdama gəlmişik. İnşallah, Ağdamı yaradacağıq. Əlbəttə ki, şəhidlərin ruhu şad olsun, onların hesabına. Qazilərimizə şəfa, ordumuza qüvvət, əlbəttə ki, ali baş komandanamız ilə birlikdə”.
Bakı-Ağdam reysi ilə hərəkət edən növbəti 40 sərnişinin olduğu avtobus Ağdam şəhərinə daxil olduğu ilk andan etibarən 29 il sonra ilk dəfə öz doğma ata-baba yurdlarına ayaq basan hər kəsin üzündə bir sevinc, bir qürur hissi gördük.
Sərnişinlər burada İmarət Kompleksi ilə tanış oldu, Cümə məscidini və Şəhidlər Xiyabanını ziyarət etdilər. Çörək muzeyi və Dram Teatrının qalıqlarına baxdılar. Bura üz tutan ağdamlılar öz xatirələrini bölüşərkən belə qürur hissini gizlədə bilmədilər. Ağdam şəhərində böyüyən Hikmət Hüseynov isə bildirdi ki, bu gün ayaq basdığı bu ünvanda yaxınlarının məzarını ziyarətə gəlib:
© Sputnik / Emin AlisahibHikmət Hüseynov
Hikmət Hüseynov - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Hikmət Hüseynov
“Ağdam şəhərində böyümüşəm. 7 nömrəli tam orta məktəbin şagirdi olmuşam. 1993-cü ildə, işğaldan 2 gün qabaq çıxmışam Ağdamdan. Bura biz qoyub gedəndə cənnət idi. İndi xarabalığa çevrilib. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Onların qanı bahasınadır zəfərimiz. Bu gün gəldik, bu torpağa ayağımız dəydi. Allah qazilərimizə can sağlığı versin. Tez sağalsınlar, gəlsinlər ziyarətə. O vaxtı bu şəhidlər xiyabanında sinif yoldaşlarım ilə birlikdə şəhidlərimiz üçün çox qəbir qazmışıq. Halal xoşları olsun. Onların içərisində yaxınlarımız da var idi, amma indi yerlərini tapa bilmirəm”.
Bakı-Ağdam avtobusunun sərnişinləri həmçinin Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da oldular. Səfər iştirakçılarına Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verildi. Din-in Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun Baş İnspektoru Polis Baş Leytinantı Aslan Qiyaslı bildirib ki, təhlükəsizliyin təmin olunması məqsədilə sərnişin marşrut avtobusunun hərəkəti polislər tərəfindən müşayiət edilir:
© Sputnik / Emin AlisahibAslan Qiyaslı
Aslan Qiyaslı - Sputnik Azərbaycan, 1920, 31.01.2022
Aslan Qiyaslı
“Ağdam və Şuşa rayonlarına təşkil olunan müntəzəm səfərlərlə əlaqədar Daxili İşlər Orqanlarının əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri yerinə yetirilir. İlk olaraq postlarda yoxlamalar aparılır. Vətəndaşlara tanımadıqları, bilmədikləri yad cismlərə toxunmamaları barədə təlimatlar verilir. Marşrut xətti, hərəkət xətti üzrə polis əməkdaşları tərəfindən müşayiət həyata keçirilir”.
Qeyd edək ki, Bakı-Ağdam-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçirilir. Bakıdan Ağdama avtobus biletinin qiyməti 9 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Şuşa və Ağdama səfərlə bağlı hamını narahat edən məhdudiyyət aradan qaldırıldı
Qafqazın sənət məbədi – Cəbiş müəllim Şuşa haqqında
Xəbər lenti
0